“MTN işi”: Azərbaycan “Dərin Dövləti”nin Qərb kəşfiyyatını ifşa əməliyyatı…

Elxan Şükürlü
Elxan Şükürlü

Strateq.az saytının baş redaktoru

 

17 mart 2010-cu il, çərşənbə, saat 11:50…

MTN-in İstintaq Baş İdarəsinin rəis müavini, 2005-ci ildə MTN-nin keçirdiyi məşhur “Qara Kəmər” əməliyyatının istintaq qrupunun rəhbəri Faiq Qəniyevin otağı…

Rəis müavini Faiq Qəniyev, MTN Antiterror Mərkəzinin özünü “Aydın” kimi təqdim edən əməkdaşı, “xoş söhbət” baş tutmayanda isə dövrəyə girən ATM-in idarə rəisi İlqar Əliyevin kəlpeysər “poçtalyon”u indi bu sətirləri yazan şəxsi düz 4 saat ərzində açıq-aşkar təhdid, hədə-qorxu və şantaj vasitəsilə sorğu-suala tutublar…

Sualların qoyuluşu, cavablara verilən reaksiyalar, kamera ilə dindirmə otağını izləyən generalların tez-tez telefonla Faiq Qəniyevə gələn təlimat zəngləri, istintaqçıların hədsiz dərəcədə əsəbi ovqatı, nə qədər gərgin situasiyada olsam belə, mənə bir gerçəyi anlatmaqla daxili tarazlığımı saxlamaq imkanı verirdi: “Yazdıqlarımız dopdoğrudur və düz hədəfə – onluğa dəyib!”

Gördüyüm o idi ki, adamlar o vaxt “Xural” qəzetində getmiş bir neçə məqalə və şərhlərimdə hadisələrin təhliliylə gəldiyim qənaətləri, irəli sürdüyüm mülahizələri “konkret informasiya” kimi qəbul edərək, bu“sirri” dövlətin öz içərisindən kimlərinsə bizə ötürdüyü düşüncəsindəydilər və həm ilkin mənbəni öyrənmək, həm də qorxu xofunu bərpa etməklə prosesin bundan sonrakı mərhələdə media müstəvisində işıqlandırılmasının qarşısını kəsmək məqsədiylə hərəkətə keçmişdilər: “…O arxanda duranlara de ki, zaman çatacaq, bir gün onların hamısını sürüyüb bura salacağıq!” Kimi nəzərdə tutduqlarını bilməsəm də, həqiqət ortadaydı: adamlar dövlətin bir budağında oturub başqa budağında düşmən axtarışındaydılar…

Məndən 1 gün qabaq “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu dindirməyə alınmış və onunla da olduqca sərt üslubda, çox qaba rəftar edilmişdi… Daha sonra isə “Turan” İA-nin direktoru Mehman Əliyev, sonra Fərəməz Novruzoğlu, sonra “Azadlıq”ın direktoru Azər Əhmədov və “Azadlıq” radiosundan Xədicə İsmayıl çağrılacaq, hamısı da şantaj və təhdid ediləcəkdi…

Çağrılma səbəbimiz isə bir mövzuydu – 2010-cu ilin martın 1-də o vaxt həbs edilmiş “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru (hazırda haqqin.az və virtualaz.org saytlarının rəhbəri) Eynulla Fətullayev həbsxanadan mediaya həyatının təhlükədə olduğu, ona qarşı sui-qəsd hazırlandığı haqda həyəcanlı bir məktub ünvanlamışdı. Məktubda belə bir fikir var idi: “…Mənə qarşı həyata keçirilmiş əxlaqsız və iyrənc “heroin əməliyyatı” hakimiyyətdə qərar tutmuş mütəşəkkil cinayətkar dəstənin müdhiş planlarının tərkib hissəsini təşkil edir… Vaxtilə Elmar Hüseynovu qətlə yetirmiş, Bahəddin Həziyevin və Aqil Xəlilin həyatına sui-qəsd etmiş, Ruslan Bəşirli şousunu tamaşaçıya təqdim etmiş, general Rail Rzayevi güllələmiş bu cinayətkar dəstə yeni zorakı aksiyaya hazırlaşır…”

Bu bəyanatından təxminən bir həftə sonra isə Eynulla Fətullayev ikinci sensasion açıqlama yaymışdı. Bu dəfə o, hədəfi bir qədər də konkretləşdirərək, o vaxtlar Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin və bu Mərkəzin rəis müavini olan polkovnik (indi artıq general və baş idarə rəisidir) Akif Çovdarovun adı üzərində durmuş, Çovdarovun Gürcüstandan ölkəyə necə killer gətirdiyindən, hansı qətlləri təşkil etdiyindən ətraflı bəhs etmiş və “Monitor”un baş redaktoru Elmar Hüseynovun qətlini də birbaşa bu şəxsin daxil olduğu dəstəyə bağlamışdı…

Nəzərə alanda ki, bu məlumatlar həm də ömrünün son gününədək Elmar Hüseynovla bir yerdə olmuş bir şəxsin – Eynulla Fətullayevin dilindən səslənirdi və bunu da məhz həyatına ola biləcək sui-qəsdin qarşısını almaq məqsədiylə açıqlamışdı, medianın bu faktın üzərində durmaması mümkünsüzüydü…

Fətullayevin bu bəyanatlarını dərc edən agentlik və qəzetlərdən fərqli olaraqsa, mən onun söylədiklərini həm də Azərbaycanda 2005-2010 aralığında olan bir çox önəmli siyasi hadisələrlə tutuşduraraq, analiz aparmış və sonda belə qənaətə gəlmişdim ki, hakimiyyət içərisində bir qrup, bütün bu müddət ərzindəki proseslər dövründə, xüsusən də geopolitik münasibətlərin kəskinləşdiyi ərəfələrdə, sanki ancaq və ancaq Qərb ölkələrinin xüsusi xidmətlərinin ölkəmizdə fəaliyyəti üçün əlverişli zəmin yaratmaqla məşğuldur…

Və bu işdə bir çox kombinasiyalar ictimai rəyi yönləndirmə vasitəsi olan media üzərindən qurulduğundan, bu oyunlarda bir qurum əməkdaşlarının fəaliyyəti diqqəti daha çox çəkirdi – MTN-in daxilində hədsiz geniş səlahiyyətlər verilmiş Antiterror Mərkəzinin

Bu qurumun fəaliyyəti, xüsusən də Prezident İlham Əliyevin atasından qalma komandasının əsas simalarına qarşı “özəl informasiyalar” əsasında təşkil etdiyi media kampaniyaları barədə çox yazılıb, çox deyilib. Məlumat almaq istəyənlərə “Xural” qəzetinin o dövrkü saylarını vərəqləmək bəs edər…

…Ancaq nədənsə heç kim o fakta diqqət yetirmirdi ki, “antiterror mərkəzləri” məhz Qərbin Əfqanıstan və İraqdakı antiterror koalisiyalarına qoşulan ölkələrdə elə məhz Qərbin “Böyük Orta Şərq” adlandırdığı coğrafiyada onların tapşırıqlarının icrası məqsədiylə formalaşdırılan bir struktur vahidi kimi ortaya çıxmışdı: bu mərkəzlərə terror əleyhinə mübarizə adı altında hədsiz geniş səlahiyyələr verilir, texniki təchizatına xüsusi diqqət yetirilir, kadrları isə periodik olaraq ABŞ və Avropanın müxtəlif hərbi və təhlükəsizlik proqramlarına cəlb edilirdilər…

Mən şübhə etmirəm ki, araşdırılsa, Azərbaycanda da üzə çıxacaq ki, bu qurum və eləcə də onun çətiri altında MTN-in məxfi fəaliyyət göstərən daha bir neçə qurumun hansı sayda əməkdaşı, xüsusən də bəzi “kilid fiqurları” hansı illərdə və hansı müddətlərdə ABŞ və Avropanın müxtəlif hərbi-siyasi xarakterli proqramlarında, kurs və toplantılarında iştirak ediblər…

Çox uzatmadan, aydın təsvvür yaransın deyə, Qərbin hərbi-siyasi proyektlərində antiterror mərkəzlərinə biçilən rolların nədən ibarət olmasını, əsas məqsədlərini açan aşağıdakı 3 istiqamətə baxaq:

  • Rəsmi və qeyri-rəsmi şəkildə yerləşdikləri ölkənin xüsusi xidmət orqanları içərisində ən geniş səlahiyyətlərə malik olmalı, maddi-texniki, xüsusən də müasir texnoloji dinləmə və müşahidə qurğuları ilə tam şəkildə təchiz edilməli, dövlətin bütün strukturlarına və siyasətinə birbaşa nüfuz etmək imkanına sahiblənməli, dövlət içərisində “ikinci dövlətə” çevrilməlidirlər;
  • Belə bir quruma davamlı ehtiyacın və zərurətin olduğunu yerləşdiyi ölkələrin siyasi rəhbərliyinə hiss etdirmək və varlığını qoruyub saxlamaq üçün digər ölkələrdəki şəbəkələr vasitəsi ilə rabitəli, qarşılıqlı fəaliyyət planı qurulmalı, süni şəkildə ölkələrin daxilində tez-tez “xarici müdaxilə”, “terror-təxribat” və “prezidentə sui-qəsd” təhlükəsi olduğu görüntüsü yaradılmalı, ənənəvi “özün yarat – özün həll et” metoduyla daim gərgin atmosfer saxlanılmalıdıdr;
  • Xüsusən də yerləşdikləri ölkələrin siyasi hakimiyyətlərini Qərbin davamlı təsir və təzyiqi altında saxlamaq üçün dövlətin aparıcı fiqurları, əsasən də ölkə başçılarına təsir gücünə malik vacib personalar haqqında kompromatlar əldə etməyə imkan verən şərait yaradılmalı; həmin hakimiyyətlərə kritik qərarların verilmə anında problem yaradacaq situasiyalar yetişdirilməli; ictimai təzyiq mexanizmlərinin hərəkəti üçün əlverişli zəmin yaradılmalı, beləliklə də, Qərb kəşfiyyatına onun maraq dairəsində olan ölkə üçün rahat siyasətin müəyyənləşməsi və aparılmasında yardımçı funksiya yerinə yetirməlidir…

İndi özünüz son 10 ildə Azərbaycanda ən əhəmiyyətli hadisələr ərəfəsində ölkəmizdə baş verən proseslərə həm də bu yuxarıda göstərilən istiqamətlərdən baxın və nəticə çıxarın: gözünüz önündə sizi konkret ünvanlara aparıb çıxaracaq bir xəritə canlanacaq. Yalnız bu xəritə ilə hərəkət etməklə, biləcəksiniz ki:

  • Niyə Elmar Hüseynovun qətli baş verdi? 
  • Niyə 2005-ci ildə “çevriliş şousu” yaradıldı?
  • Niyə ADNA-dakı terrorçu sağ ələ keçirilmədi?
  • Niyə Rail Rzayev qətlə yetirildi və bu qətlin izi bilərəkdən mediada bir oliqarxın üzərinə yıxıldı?
  • Niyə 2009-cu ilin 18 mart referendumunun təşəbbüskarlarının siyahısı tutularaq, onlara qarşı media savaşı başladıldı?
  • Niyə “offşor zonalar”dan yazan Xədicə İsmayılı şantaj edib ondan “qisasçı fiqur” düzəltdilər?
  • Niyə Elşad Abdullayevə “qardaşının qatilini axtarmaq” adıyla “mini-telestudiya” qurmaq imkanı yaradıldı, xeyli adamın kompromat qovluğu toplandı və xaricdə yerləşməsi təmin edildi?
  • Niyə Elşad Abdullayev məhz Ramiz Mehdiyevi hədəf seçdi?
  • Niyə Sevinc Babayeva aradan götürüldü?
  • Niyə ölkədə böyük bir vəhhabi ordusu yaradıldı?  
  • Niyə Olimpiya Oyunları ərəfəsində ölkə “penoplast bina” şoku yaşadı?
  • Niyə bütün bu çirkili işlər “başqa bir komandanı hakimiyyətə gətirmək” adıyla pərdələndi, maskalandı..?
  • Niyə? Niyə? Niyə? Niyə?..

“Əbcəd elmi”nə görə, hər rəqəmin altında bir sirr yatır… Bu ilin 17 oktyabrında mənim 17 mart 2010-cu il tarixdə MTN-ə istintaqa çağrılmağımın 5 il 7 ayı tamam oldu… Əvvəlki Cinayət Məcəlləsində bu rəqəmlə – 57 ilə ifadə olunan maddə “Vətənə Xəyanət” sayılırdı…

Mən şübhə etmirəm ki, 2015-ci ilin 17 oktyabrıyla artıq Azərbaycanda yeni bir dönəm başlanır: bu dönəm məhz cəmiyyətin düşünən kəsiminin beynini didən yuxarıdakı “niyələrə” cavab tapılmasıyla qapımızı döyməklə bərabər, həm də “Vətənə Xəyanət” maddəsiylə bir çox MTN general və zabitlərinin həbsxana günclərində səksəkə içərisində oturub öz millətinin övladlarına son 11 il ərzində nələr yaşatdıqlarını, hansı pisliklər etdiklərini uzun illər düşünmək, xatırlamaq imkanı qazandıracaq… Bəziləri təkcə namaz qılır, məscidə gedib-gəlir deyə “İslam terrorçusu”, “casus” ittihamıyla şərləyib həbsxanalarda çürütdükləriylə dustaq yoldaşı da olacaq, onlardan namaz qılmağı, ibadət etməyi də öyrənəcək, Allaha yalvaracaq ki, günahlarını bağışlasın…

Allah rəhmlidir, bağışlayandır. Bəs, bəndələr necə? İnanmıram…

Bircə ona inanıram ki, 2015-ci ilin 17 oktyabrı Azərbaycanın dövlətçilik salnamasinə həm də Gerçək Dərin Dövlətin ölkəni Qərb xüsusi xidmətlərinin şəbəkəsindən təmizləmə əməliyyatına başladığı tarix kimi düşəcək…

Bacaracaqmı, sona çatdıra biləcəkmi bu işi? Gəlin, indi səbrlə prosesin sonunu gözləyək…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button