“MTN-nin əfəl olması Rusiyanın xeyrinədir”

ilham ismayil
İlham İsmayıl: “Elmarın qətlinin sona qədər açılacağına inanmıram”

Prezident İlham Əliyevin 17 oktyabr sərəncamı Azərbaycan siyasi gündəminin yeni mərhələsi hesab oluna bilər. Çünki bu sərəncamla yalnız MTN rəhbərliyində həbslər yox, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də oxşar proseslər başladı. Görünür, son hadisələr başqa dövlət strukturlarına da sirayət edəcək. Ancaq baş verənlərin istər-istəməz dövlətin milli təhlükəsizliyinə ciddi təsiri danılmazdır. MTN-nin sabiq zabiti İlham İsmayılla söhbətimizdə bu və digər məqamların yaratdığı suallara cavab verməyə çalışdıq.   

–        İlham bəy, Azərbaycanın geosiyasi durumu böyük dövlətlərin maraqlarının toqquşduğunu heç zaman kənara qoymur və belə bir bölgədə milli təhlükəsizliyimiz həmişə sayıq olmanı tələb edir. Son 1 aydakı hadisələr isə milli təhlükəsizliyimizə cavabdeh qurumun nüfuzunu zərbə altına qoyan hadisələrlə yadda qaldı. Bu baxımdan MTN-nin nüfuzunu bərpa etmək mümkün olacaqmı, olacaqsa, hansı addımlar atılmalıdır?

–        Əvvəla, Milli Təhlükəsizlik Nazirliyinin nüfuzdan düşməsinin səbəbləri barədə bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Bütün baş verənlərin fonunda MTN-də işlədiyim dövrdə çalışanların bir neçəsi ilə bu yaxınlarda görüşmüşəm. Onlar deyirlər ki, nə vaxtsa MTN, yaxud DTK-da vəzifədə işlədikləri barədə danışmaqda çətinlik çəkirlər, artıq utanırlar. Çünki bu barədə danışanda adamın üzünə ikrah və lağla baxırlar, hətta saymazyana hərəkət edirlər. Bu baxımdam Eldar Mahmudovun 11 illik fəaliyyəti keçmişimizə də, gələcəyimizə də zərbə vurdu. Hətta mən MTN-nin son 11 ilini ən şərəfsiz tarixi hesab edirəm. Heç 1920-1937-ci illər, FK və NKVD dövrü belə olmayıb. Məsələ ondadır ki, o zaman repressiya illəri idi, insanları Sibirə sürgün edirdilər, bu isə dövlətin siyasəti idi. Yəni fərdi, əməliyyat işçisinin, çekistin iradəsindən söhbət gedə bilməzdi.

–        Doğrudanmı, NKVD rəhbərləri Yejovun, yaxud Beriyanın həbsindən sonra onlara tabe olanların mənzilində axtarış zamanı pul və zinət əşyaları çıxmadı?

–        Demək olar ki, yox. Belə şeylər olmayıb.

–        Ancaq Beriya ilə bağlı müəyyən məsələlər aşkarlandı, mən qadınlara qarşı təcavüz və sairəni nəzərdə tuturam…

–        Bunlar vardı. Bilirsiniz, o dövrdə bu cür məsələlər Stalinin siyasətindən doğurdu. Amma Akif Çovdarova qarşı noyabrın 17-də irəli sürülən maddələr, cinayətkar dəstə yaradılması və qətllər törətmək, bu, dövlətin siyasəti ola bilməz. Ötən əsrin 30-50-ci illərində dövlətin belə siyasəti olmayıb. Hansı çekist, ya da NKVD zabiti özü üçün şəxsi həbsxana yaradıb? Qanunsuz kimisə həbs etsələr də, dövlətin həbsxanasına salıblar. Bir daha deyirəm, 1919-cu ildə yaranmış Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətində 2004-2015-ci il ən pis dövrdür. Bax, bizim nüfuzdan düşməyimizin səbəblərini bu illərdə axtarmaq lazımdır. MTN-nin nüfuzunun bərpası isə böyük zaman tələb edir. Çünki 1, yaxud 2-3 ilə normal vəziyyətə qayıtmaq mümkün olmayacaq. MTN məktəb deyil ki, bir müəllimi çıxardırsan, başqa məktəbdən onu əvəz edəcək müəllim gətirəsən. Yaxud xəstəxana deyil ki, başqa xəstəxanadan yaxşı həkim gətirəsən. Əməliyyat işini bilən adam üçün ən azı 10 il vaxt lazım olur. Baxın, idarə, şöbə rəisləri, onların müavinləri azad olunur, ardınca həbs edilirlər. Onların vaxtında işə götürülənlərin hamısı da rüşvətlə qəbul olunub, o cümlədən, akademiyaya qəbul edilmələrdə də rüşvətin rolu olub. İndi təsəvvür edin də, bir kadrı yetişdirmək üçün ən yaxşı halda 5-10 il zaman tələb olunur. Düşünməyin ki, yalnız kadrlara, əməliyyat işçilərinə zərbə vurulub, bizim xüsusi xidmət orqanlarının əsas işlərinin biri, informasiya mənbəyi olan insanlardır, yəni agentlərdir. 11 ildə hansı agentləri və necə “verbovka” ediblər? Belə başa düşürəm ki, adamları öz əməllərinə uyğun olaraq “verbovka” ediblər. Agentlərin qarşısında dövlətin təhlükəsizliyi məsələsi qoyulmayıb ki, ən azı kütləvi iğtişaş barəsində məlumat versinlər. Kütləvi iğtişaşlar da Qubada, İsmayıllıda, Sədərəkdə və Binədə olub. Ancaq Sədərək və Binədən bunların informasiyası tamam başqa xətt üzrə idi. Kütləvi iğtişaşa səbəb ola biləcək heç bir informasiya olmayıb. Deməli, kadrlarla bərabər agentura da yenidən dəyişməlidir. Agentura ya xaric olunmalı, ya da yenidən təlim-tərbiyə prosesini keçməlidirlər, bu isə uzun zaman tələb edir. Bir şeyi də nəzərə alın, güclü ordu dövləti güclü etmir, güclü kəşfiyyat və güclü əks-kəşfiyyat ölkəni güclü edir. İsrail kimi kiçik dövlətdən başlamış Amerika, Almaniya, Böyük Britaniya, Rusiya və Fransaya qədər hamısında belədir.

–        Siz çox həssas məsələyə toxundunuz, agenturanı demək istəyirəm. Sosial şəbəkələrdə və mətbuatda da deyildi ki, həbs olunan idarə rəisinin müavini İlqar Əliyevin müxalifətdə və mətbuatda agentura şəbəkəsi var. Onların içində reketçiliklə məşğul olan jurnalistlər də az deyil. Bəs bu şəbəkə açıqlanmalıdırmı?

–        Yox. Bilirsiniz, sabah dövlətin marağı baxımından mətbuat işçiləri arasından informatorlar lazım oldu. Bu gün reket jurnalisti öz məqsədi üçün “verbovka” edib işlədirlər, bax, istifadə edilənin adı açıqlansa, gələcəkdə dövlətin marağına xidmət edən agent üçün sual yaranacaq ki, onun da adı açıqlana bilərmi. O zaman iş çox çətinləşəcək və mövcud əməkdaşlıqda olan məxfi əməkdaşlar artıq görüşə gəlməyəcək, işləmək istəməyəcəklərini yazacaqlar. Bu, milli təhlükəsiliyimizə çox ciddi zərbə vuracaq. Ən əsas məsələ informasiyadır, informasiyanı kim verir? İnsanlar. Texnika nə qədər inkişaf edir-etsin, informasiyanın əsas mənbəyi insandır.

–        Amma həmin agenturaya rəhbərlik edən şəxs həbs olunub…

–        Rəhbər bütün agentira sistemi ilə işləmir axı. Onların hamısını İlqar Əliyev idarə etməyib, sabah onun yerinə gələn adam araşdıracaq, yararsızları agentura sistemindən çıxaracaq, yaxud da yenidən necə işləmək barədə təlim və tərbiyə veriləcək. İşləyə bilməyənləri xaric edəcəklər. Hesab edirəm ki, ad çəkmək bütövlükdə işə zərbə vurar.

–        Hətta müxalifətin içində olan agentlərin də adı açıqlanmamalıdır?

–        Xeyr, mümkün deyil. Sabah müxalifət hakimiyyətə gəlir, özünə qarşı müxalifətdən kimlərisə “verbovka” edirlər, onların da adı açıqlanmalıdır? Belə şeylər qəti şəkildə açıqlana bilməz. Lenin hakimiyyətə gələndən sonra Çarın agentlərini heç aşkarlamadı. Rejimin dəyişməsi agenturanın aşkarlanmasına rəvac verməməlidir, agenturanı təlim və tərbiyə et, özünə işlət. Onu aşkarlamaq dövlətin təhlükəsizliyinə çox böyük zərbə vurur. Bir məqamı unutmayın, DTK-nin arxivi və agentura şəbəkəsinin arxivi fərqli məsələlərdir. Birinci arxiv materiallardır, tarixdir, orda ən gizli tarix var, onu tarixçilər araşdırsınlar.

–        Ancaq Baltikyanı respublikalarda DTK arxivləri açıqlandı və bir sıra adamların hara işlədiyi bilindi…

–        Bir şeyi yadda saxlayın, Baltikyanı respublikalarla Azərbaycan fərqlidir, kimsə 100 il əvvəl babasının agent işlədiyini bildikdə, hansı duruma düşəcək? Özü də sovet dövründə agentə pis baxırdılar, faktiki olaraq donos yazan sayılırdı. İndi baxın, bunlar açılsa, həmin ailəyə, nəsilə nə qədər zərbə vuracaq? Belə olanda, bugünkü xüsusi xidmət orqanlarının işə cəlb etmək istədiyi adam düşünəcək ki, yox, 100 il sonra bu açılacaqsa, oğlu, nəvəsi nə deyəcək?!

–        O zaman Ukraynada, Gürcüstanda qəbul olunan “lüstrasiya haqqında” qanunu necə izah edərdiniz?

–        Ukraynada belə oldu, kim yaxınlarının repressiyaya məruz qalmasının səbəblərini bilmək istəyirsə, DTK arxivinə müraciət edib sənədlərlə tanış ola bilər, hətta qohumları haqda donos yazanın kimliyini də öyrənər. Amma gəlin siyahı tutaq ki, 1920-ci ildən sonra Azərbaycanda kimlər agent olub. Bu, ölkənin xüsusi xidmət orqanına ciddi zərbə vurar.

–        Sualımı başqa formada qoyuram; Litvada səhv etmirəmsə, Landsbergisin hakimiyyətə gəlməsindən sonra aşkarlandı ki, əsas müxalif qüvvə “Sayudis”in İdarə Heyətinin 21 üzvündən 17-i DTK-nin agenti olub. Bu baxımdan AXC barədə belə araşdırma aparılmalıdırmı?

–        Təkcə mənim yox, əksər mütəxəssislərin rəyidir: rejim dəyişəndə, bu, o demək deyil ki, mütləq agentura şəbəkəsi açıqlanmalıdır. Əbülfəz Elçibəyin dövründə buna bir cəhd olundu, Namiq Abbasov əməliyyat müşavirəsində dedi ki, şəbəkəni açılmasını istəyənlər var, 37-ci ildə kimlərin agent olmasını bilmək istəyirlər. Hamımız etiraz etdik, onun özü də bizim tərəfimizdə olduğunu söylədi. Ancaq əlavə etdi ki, Elçibəyin əleyhinə işləmiş agent aşkarlanacaq, biz yenə də etiraz edib bildirdik ki, bir nəfərin adı açıqlansa, yüzminlərlə agenti məhv edəcək və gələcək işimizə də zərbə vuracaq. Siz respublikanın xarakterini də nəzərə alın, bura Azərbaycandır, təsəvvür edin ki, bir ailədən valideynin agent olması bilinsə necə olacaq, həmin ailə, qohumlar necə reaksiya verəcək, ya da xalq şairinin, xalq artistinin agent olması açıqlansa, gör nə olar? Onsuz da dünyanın ən məşhur adamları arasında da agentlər var idi. Məsələn, Bolqarıstanda Vanqa, hamı bilirdi ki, o, sovet və yerli xüsusi xidmət orqanlarının agentidir. Yeri gələndə, nə cür informasiya vermək lazım olduğunu ona deyirdilər, o da əməl edirdi. Hətta böyük yazıçılar sırasında da agentlər olub.

–        Elə “Ədəbiyyat qəzeti”nin 30-cu illərdəki saylarına baxmaq kifayət edər ki, hər şey bilinsin. O zaman Səməd Vurğunun, Məmməd Rahimin, Süleyman Rüstəmin yazdıları haqda müxtəlif rəylər var…

–        Yazı vermək agent olmaq deyil. Agentlərdən heç vaxt ərizə alınmırdı, onlar yalnız informasiya verərdi və bu, məxfi məlumat idi. Süleyman Rüstəm də, o birilər də, bəlkə münasibətdə olub, müəyyən informasiya da veriblər, amma agent olmayıblar. Çünki agentin adı açıqlanmamalıdır. Bir daha deyirəm, xalq artistləri, yazıçılar olub ki, məlumat ötürüblər. Nobelçi yazıçı olub ki, ölkəsinin xüsusi xidmət orqanıyla əməkdaşlıq edib.

–        Söhbətimizin yönünü dəyişək, Eldar Mahmudovun vurulmasında Rusiya izi varmı?

–        Sualınıza birmənalı cavab vermək çətindir.  Amma Rusiya həmişə Azərbaycan xüsusi xidmət orqanlarında işi bilməyənlərin oturmasını istəyib. Bununla da kəşfiyyatdan, əks-kəşfiyyatdan anlayışı olmayanların Rusiyanın təsirini də bilməz və Kremlə qarşı da işləməzlər. Bu mənada Rusiyanın izi var. Eldar Mahmudovun bu cür xarakterlə Avropanın tərəfində olması inandırıcı deyil, onun Qərbmeylli olması barədə deyilənlər də yalandır.

–        Amma bir neçə gün öncə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu 2005-ci ilin payızında Rusiya xarici kəşfiyyat idarəsinin direktoru Yuri Lebedevin Bakı səfərilə Milli Təhlükəsizlik Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Eldar Məmmədəliyevin kənarlaşdırılmasını xatırladıb…

–        Mən onu deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bizim MTN-nin əfəl olması ən əsası Rusiyanın xeyrinədir. Akif Çovdarov da Rusiyadan gəlmişdi, Eldar Mahmudov da rusdilliydi.

–        Akif Çovdarovu AXC hakimiyyətinin polis sistemindən qovduğu da məlum oldu…

–        Bəli. Milisə yaramayan bir adamı gətirdilər xüsusi xidmət orqanında yüksək vəzifəyə qoydular. Təkcə Eldar Mahmudov günahkar deyil, təyinat kökündən yanlış idi. Ən azı 1 ildən sonra onu kənarlaşdırmaq lazım idi, amma o barədə düşünən olmadı.

–        Akif Çovdarova qarşı irəli sürülən son ittihamlar mərhum həmkarımız Elmar Hüseynovun qətlinin açılmasına yardım edə bilərmi?

–        Çovdarovun həmin qətldə adı çoxdan hallanırdı və Eynulla Fətullayev bu barədə yazmışdı. Hətta Çovdarovun “onu nəinki öldürmək, yandırmaq lazımdır” sözlərini də xatırlatmışdı. Onun əslən gürcüstanlı olması, Elmar Hüseynovun qətlinin qonşu ölkəyə çıxması da şübhələri artırırdı. Əldə olunan son məlumatlarda Çovdarovun Gürcüstan  və Rusiyanın kriminal dairələrilə çox yaxın olduğu göstərilirdi. Yeri gələndə, bəlkə Elmarın öldürülməsi onun üçün bir xidmət olub. Düzdür, bu, ayı xidmət idi və bunun sifarişli, ya da sifarişsiz olmasını deyə bilmərəm. Bəli, qətlin açılmasına çox yaxınlaşılır. Ancaq Elmarın qətlinin sona qədər açılacağına inanmıram, bilirsiniz, bu dönəmdə çətin məsələdir.

Natiq Cavadlı

meydan tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button