Hacıbala Abutalıbovla Ramil Usubovun “parkomat” savaşı

Ramil Usubov

Vətəndaş-sürücü qalıb aralıqda – Bakı Şəhər İcra Hakimiyyətinin “Tanrıtanımaz” başçısı Hacıbala Abutalıbov bir tərəfdə, dövlətin ən qüdrətli naziri, “Dövlət içində Dövlət” Ramil Usubov da o biri tərəfdə

Ötən ilin aprel ayında Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Bakının “parking” probleminə də toxunmuşdu:

“İnkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq “parking”lə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər? Mən başa düşürəm ki, indi yerüstü “parking” olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.

hacıbala abutalıbov

Hacıbala Abutalıbovun “parkomat”ları necə peyda oldu?

Xural.com xəbər verir ki, Prezidentin çıxışının ardınca məsələ “köklü şəkildə” həll olundu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dərhal operativ şəkildə paytaxt küçələrində avtomobillərin müvəqqəti duracaq yerlərini müəyyənləşdirdi və Bakıda «parkomatlar» peyda oldu. Bu cihazlara nəzarət üçün isə Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) əməkdaşları görəvləndirildi. Parkomatda ödəniş etdikdə isə aparatdan çıxan qəbzin qanunvericiliyə uyğun şəkildə ciddi uçot blankı olub-olmamasını mübahisələndirmirik, ancaq qeyd etməliyik ki, qəbzin üzərində «Bakı Şəhər İcra Hakmiyyəti» yazılıb və 10 rəqəmli VÖİN göstərilib. Buna əsasən demək olar ki, parkomata ödənilən pullar BŞİH-nin hesabına yığılır. Deməli, bu işin sahibi Bakı Şəhər İcra Hakimiyyətidir…

Sarı xətt və “parkomat” ziddiyyəti

Azərbaycanda qüvvədə olan bütün yol nişanları və nişanlama xəttləri, demək olar ki, dünyanın bütün ölkələri üçün eynidir. Yol nişanlarının ifadə etdiyi simvollar elə seçilib ki, onları sürücülər daha asan şəkildə yadda saxlaya bilsin. Belə işarələrdən biri də 1.4 sarı rəngli bütöv nişanlama xəttidir.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, “1.4 – dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir”

Yolun hərəkət hissəsinin kənarına çəkilən bu xətt bütün dünyanın yol hərəkət qaydalarında dayanma və durmanın qadağan olduğunu bildirir.

Ancaq  Bakıda qoyulan parkomatlar  yolun hərəkət istiqaməti boyu çəkilən sarı xətlərin yanında qoyulub. Sürücülər yolun kənarında avtomobil dayanacağını görüb maşını saxlamaq istəyəndə yolun kənarında olan sarı xətti gördükdə nə edəcəklərini bilmirlər. Sürücülərin bu əndişəsi də əbəs deyil. Çünki DYP əməkdaşları bir çox hallarda parkomata ödəniş etmiş avtomobil sahiblərinə saxlama qaydasını pozduqları üçün cərimə yazmış, bəzi hallarda isə hətta evakuatorla avtomobili çəkib aparmışlar. Beləliklə, sürücülər çox zaman qalırlar çaş-baş: parkomat olar, DYP olmaz deyir.

Bu isə Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət Yol Polisi arasında bir nüfuz, əslində isə para savaşının getdiyinə dəlalət edir.

Yol polisindən sərt addım: icra hakimiyyətinin çəkdiyi keçidlər ləğv olunacaq

Son günlərdə bu savaşın daha bir elementi diqqətə gəldi. Bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Bakı şəhər İcra Hakimiyyəti tərəfindən avtobus dayanacaqlarının içinə çəkilmiş piyada keçidlərindən danışdı. Belə ki, Azərbaycanda bələdiyyələr, icra hakimiyyətləri, habelə «Azəryolservis» ASC də yol çəkir. Yol çəkilərkən yol nişanlarının və nişanlanma xətlərinin tətbiqi zamanı bu qurumlar Dövlət Yol Polisi İdarəsi ilə məsləhətləşib dəqiqləşdirmə aparırmı? Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, bəzən razılaşdırma olsa da, bəzən bunu etmirlər: «Görürük ki, kimsə öz təşəbbüsü ilə nəsə yaxşı bir iş görmək istəyir, nəsə yenilik etməyə çalışır, amma əslində problem yaradır. Məsələn, iş icraçısı heç özü də yol hərəkəti qaydalarını bilməyə-bilməyə gətirib avtobus dayanacağına piyada keçidi – zebra çəkir. Amma fərqinə də varmır ki, bu, düzgün deyil. Fikirləşir ki, dayanacaqda sərnişin avtobusdan düşür, avtobus gedəndən sonra isə sağa-sola getmədən yolu keçir. Ancaq fikirləşmir ki, avtobus gəlib həmin xəttin – piyada keçidinin üstündə dayanırsa, özü qaydanı pozur.  Digər tərəfdən, avtobusdan düşən sərnişin əksər hallarda avtobusun getməsini gözləmir, ya arxasından, ya da qabağından keçir. Bu da sözsüz ki, qəza şəraiti yaradır. Üstəlik, sürücülərin özündə də qıcıqlanma yaranır ki, xətt haradadır, piyada isə xəttən ya 5 metr qabaqdan, ya da arxadan yolu keçir».

Kamran Əliyev əlavə edib ki, haradasa xətt çəkilirsə, nişan qoyulursa, ilk növbədə Nazirlər Kabineti yanında Yol Hərəkəti üzrə Təhlükəsizlik Komissiyasının qərarı olur və dəqiq yer müəyyənləşdirilir.

Adi bir anlaşılmazlıq, yoxsa hakimiyyətdaxili qarşıdurma?!

Anlaşılan odur ki, Bakı şəhərində yol hərəkətinin tənzimlənməsi sahəsində ikihakimiyyətlilik hökm sürür. Bir tərəfdə hər yanı başına götürən “parkomat” bumu var, digər tərəfdə DYP-nin sərt qaydaları. Bir tərəfdə sarı xəttləri belə nəzərə almayan, hara gəldi yerli-yersiz quraşdırılan, dünyanın heç bir yerində olmayacaq həddə bahalı parkovka aparatları quraşdırılıb, bir tərəfdə isə DYP-nin avtomobilləri heç bir hədd tanımadan daşıyan “avtokar terrorizmi” durub. Vətəndaş-sürücü qalıb aralıqda – Bakı Şəhər İcra Hakimiyyətinin “Tanrıtanımaz” başçısı Hacıbala Abutalıbov bir tərəfdə, dövlətin ən qüdrətli naziri, “Dövlət içində Dövlət” Ramil Usubov da o biri tərəfdə. Hələ o, ayrı bir məsələdir ki, parkovka qiymətləri qanunlarda tənzimlənmədən yığılır. Elə yer var saatı 50 qəpik, elə yerlər var 1-2 manatdır. Belə tənzimlənməmiş qiymətlər adama normal gələ bilər, amma bunları milyona vuranda ortada gündəlik nəğd halda həddindən artıq pul kütləsinin olduğunu görərik. Deməli, məsələ təkcə güc savaşı yox, həm də pul savaşıdır.

Ortada isə vətəndaşa yazıq olur.

Adil Xan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button