Qənimət Zahidin zibilə atdığı “Rafiq Tağı” və yaxud üç hərfli söz

Qənimət Zahidin zibilə atdığı

… Rafiq Tağı bıçaqlananda mən içəridəydim. Dəmir barmaqlıqlar arasında. Əvəz  Zeynallı da. Nemət Pənahlı da.
 
Onda Leyla Yunis azadlıqdaydı. Xədicə İsmayılova da.
 
İndi mən azadlıqdayam. Əvəz Zeynallı da. Leyla Yunis içəridədi. Nemət Pənahlı da, amma yanvara o da çıxmalıdı. Xədicə İsmayılova da. Rafiq Tağı isə torpağın altındadı.
Bunları söz oynatmağa görə yazmıram. Ona görə yazıram ki, durum yerə görə dəyişir, zamana görə dəyişir, elə məkana görə də. Kimin harda olmağının çox böyük önəmi var, harda insan daha güclüdü, harda insan daha çox cəmiyyətə lazımdı, bunu yaşamadan anlamaq mümkün deyil.
Rafiq Tağı bıçaqlanan gün… mənə sonradan həbs olunan, işdən qovulan, müxtəlif cinayətlərdə iştirakları üzə çıxanların zoruyla hökm oxunmuşdu iş vaxtı bitəndən sonra və noyabrın 21-dən 22-nə keçən gecə qatarla yatab edirdilər. Səhərisi bildim ki…
O gün mən Rafiq Tağı haqqında yazı yazıb məhkəməyə aparılan kamera yoldaşım, siyasi məhbus Məhəmməd Məcidli ilə “Azadlıq” qəzetinə yollamışdım. Adını çəkməyi məqbul saymadığım birisinin vasitəsiylə sərasər 20 il uğrunda döyüşdüyüm qəzetin redaktoru Qənimət Zahid isə… mənim yazımı zibil vedrəsinə atmışdı. Mən içəridəydim və deməli, mənim fikrim bir vaxtlar at oynatdığım qəzetə belə lazım deyildi, baxmayaraq ki, yazı Rafiq Tağının ölümü haqqındaydı. Ona görə ağrımışdım ki, təzəcə qandallanmış, hələ stressi adlamamış mənim – bir jurnalistin yazısı zibilə atılmışdı. Ona görə ağrımışdım ki, təzəcə bıçaqlanmış, hələ qanı qurumamış yaralı bir yazıçı – Rafiq Tağı haqqında olan yazı zibilə atılmışdı.
Növbəti sabahlarda həmin qəzet Rafiq Tağı haqqında başqa materiallar vermişdi. Başqa adamların yazılarını, hökm oxunmamış, azadlıqdan məhrum olunmamış, işəridə olmayan adamların. Dedim axı, yerin fərqi çoxdu. Bir tərəfdən də  sağlığında bu “hörmət”i görməyən yazıçı “öləndə badam gözlü” olmuşdu.
Mən içəridən çölə qayıtdım. Əvəz Zeynallı da.
Nemət Pənahlı da bir azdan qayıtmalıdı, amma ki hələ ordadı. Leyla Yunis, Xədicə və başqaları da. Allah qapılarını açsın, onlar da qayıtsın. Qayıdıb zibilə atılmış haqlarını geri istəsinlər. İçəridə olanda heç kimin sözünün, fikrinin, ən əsası isə həqiqətinin qiyməti olmur.
Amma Rafiq Tağı heç vaxt qayıtmayacaq. Onun geriyə yolu yoxdu. Və mən hər dəfə onun bıçaqlandığı gün, özümə hökm oxunan o məşum günü xatırlayacam, Rafiq Tağının ölümü haqda yazdığım, Qənimət Zahidin zibilə atdığı o yazını. Mən yaşadıqca o gün yaşayacaq, nədənsə bütün acı günlər içində məni ən çox ağrıdan o gündü. Və həmin gün məni o qədər ağrıdır ki, həmin günü-günləri özümü məhkum hesab edirəm, həmin günü-günləri evdən çıxıb Rafiqin məzarını ziyarət etməyə belə gedə bilmirəm, baxmayaraq ki, sonuncu dəfə Əvəz Zeynallı hətta maşınla aparıb-gətirəcəyini deyib son bəhanəmi – “imkan yoxdu”nu kəssə də.
İbrətamiz bir rəvayət var, iki qurbağa meşədə dərin bir çuxura düşür, çıxmaq üçün çabalamağa başlayır. O biri qurbağalar çuxurun başına yığışıb bir ağızdan qışqırırlar:
– Çıxa bilməyəcəksiz, çuxur çox dərindi, boş yerə cəhd eləməyin.
Qurbağaların biri yorulub dayanır, o biri isə cidd-cəhdlə çabalayır, axır ki quyudan çıxır. Ona görə ki, o qurbağa … idi.
Burda nöqtələrin yerinə istənilən sözü qoymaq olar, o qurbağa çalışqan idi, yorulmaz idi, əzmli idi, cəsur idi və sair və ilaxır. Əslində isə orda nöqtələrin yerinə cəmi… üçhərfli söz yazılmalıdı. Çünki o qurbağa  KAR idi! Yuxarıdan “çıxa bilməyəcəksən” deyə qışqıran yoldaşlarının səsini eşitmirdi.
Bu rəvayəti unutmayın. Kim sizə nə deyir desin, eşitməyin, hələ ki, torpaq altında deyilsiz, hələ geriyə yol var, qayıdıb öz sözünüzü zibildən götürə bilərsiz, nə qədər ki, düşdüyünüz quyunun ağzı açıqdı, üstü torpaqlanmayıb…
Cəhd edin, bəlkə o quyudan çıxdız.
Həə, lap sonda… ölkənin bütün aparıcı və ünlü sənətçiləri ötən həftə ərzində “O səs Azərbaycan”ı alqışladıqları halda, İradə İsaqın irad tutub, qaramata qapılıb, qaralamasına KAR olacaq qədər yox amma, onsuz da çoxdan KORuq!
“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button