Mahirə Əmirhüseynova: “Kaş Azay Quliyev kimi 10 nazirimiz ola”

“Azay Quliyev etimadı doğruldan 3 kadrdan biridir”

Mahirə Əmirhüseynova: “O, QHT Şurasında saat mexanizmi kimi çalışan komanda formalaşdırıb”

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasına və onun sədri, millət vəkili Azay Quliyevə qarşı aparılan “qara piar” kampaniyası ilə bağlı müsahibə verib.
– Mahirə xanım, siz fəal QHT rəhbərlərindənsiniz. Heç şübhəsiz ki, QHT Şurasının fəaliyyəti, Azay Quliyevin necə bir Şura sədri olması haqda da məlumatlısınız. Bunları bölüşmənizi rica edirik. 
–  Azay Quliyevi bir ictimai xadim, QHT sektorunun öncülü kimi tanımağımdan təxminən 20 ilə yaxın vaxt keçir. O, Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafına var gücü ilə çalışan və vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin iştirakının təşkilini həyata keçirən şəxsdir. Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti təyin olunaraq bu sektorda sıravi bir QHT rəhbərliyindən belə demək mümkünsə, “QHT sektorunun generalı”na qədər yüksəlib. O, Milli QHT Forumunu təşkil edib, ictimai birliklərin fəaliyyətinin güclənməsi, hökumətlə əlaqələndirilməsi yönündə əvəzsiz addımlar atıb. Mən 1998-ci ildən ictimai fəaliyyətlə məşğul olan şəxs kimi, daim Azay Quliyevin vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələni etməsinin şahidi olmuşam. Nəhayət, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldıqdan sonra çox çətin günlər yaşayan QHT-lər dirçəlməyə, ölkənin inkişafında iştirak etməyə başladılar. Öz nümunəmdə deyim, 2002-ci ildən rəhbərlik etdiyim QHT dövlət qeydiyyatından keçmişdi. Ancaq nə xarici donorlar bizə kömək edirdi, nə də hansısa yerli qurumlar. Yalnız bri neçə missioner təşkilat var idi ki, xarici donorlar onları öz maraqları üçün maliyyələşdirir və belə demək mümkünsə, agentura şəbəkəsi qururdular. Azay Quliyev QHT Şurasının sədri təyin olunduqdan sonra ölkədə sağlam fəaliyyətlə məşğul olmaq istəyən ictimai birliklərin təqdim etdikləri layihələr maliyyələşdirildi, biz görmək istədiyimiz işləri həyata keçirməyə başlaya bildik.
– Yeri gəlmişkən, ayrılan vəsaitlər hansı formada istifadə edilir? Buna nəzarət mexanizmi 
necədir?
– Öncə onu deyim ki, mən həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın olmuşam, QHT Şurasından maliyyə dəstəyi alana qədər öz vəsaitlərim hesabına xüsusi ilə bölgələrdə insan alverinə qarşı mübarizə, qadınların maarifləndirilməsi yönündə layihələr icra etmişəm. QHT Şurası yarandıqdan sonra bizim layihələrimizi Şura da maliyyələşdirir. Elementar bir faktı deyim: Bizə ayrılan vəsaitlərin hətta 1 manatının belə hesabatı rəsmi sənəd şəklində bizdən tələb edilir. Baxmayaraq ki, məsələn, mən son icra etdiyim layihədə icra planı üzrə 4 rayonda tədbir keçirməli idim, amma 18 rayonda (cəmi 18 tədbir) həm də öz vəsaitlərimi də səfərbər edərək tədbirlər keçirmişəm, biz layihənin sonunda gördüyümüz bütün işlərin hesabatını dəqiqliyi ilə təqdim etməsək, növbəti ildə maliyyə yardımından məhrum ediləcəyik. Azay Quliyevin rəhbərliyi altında Şura olduqca şəffaf fəaliyyət göstərir, burada kimsəyə güzəşt edilmir, hər kəs gördüyü işə görə qiymətləndirilir. Azay müəllim işləyən, dövlət üçün çalışan kadrları sevir. QHT Şurasının tələblərini pozan, hansısa bir pozuntulara yol verən QHT-lərə heç bir güzəşt edilmir, biz dəfələrlə belə halların şahidi olmuşuq. Məhz bu baxımdan hesab edirəm ki, Azay Quliyevə qarşı çirkin kampaniya başladan o adam kimdirsə, onu Şuranın indiki şəffaf fəaliyyəti qane etmir. Çünki belələri hər zaman qara-qura işlərlə məşğul olub və görünür, Azay Quliyevin uğurlarını həzm edə bilmirlər. Bacarıqlı, rəhbərlik etdiyi qurumda şəffaflığı vicdan məsələsi kimi qoruyan şəxslərə qarşı bu cür kampaniya aparmaq ən azı əclaflıqdır. QHT Şurasında qohumbazlıq prinsipləri qətiyyən yoxdur. Şuranın kadrları savadına görə seçilən, QHT sektorunun özəlliklərini bilən mütəxəssislərdir. Orada təsadüfi adama rast gəlməmişəm. Eyni zamanda çox səmimi və gülərüz bir komanda var Şurada. Mümkün deyil ki, burada hansısa pozuntu baş verə bilsin. Çünki Azay Quliyev burada saat mexanizmi kimi çalışan bir sistem qurub.  Kaş onun kimi çox yox, 10-ca kadrımız, nazirimiz olaydı. Azay bəy ona göstərilən etimadı şərəflə doğruldan 3 kadrdan biridir.
– Maraqlıdır ki, Azay Quliyevə qarşı bu kampaniya seçkilərdən dərhal sonra başladı…
– Hesab edirəm ki, bu bədxahlar Azay Quliyevin uğurlu seçki kampaniyasından sonra şoka düşdülər və içlərindəki paxıllığı bu cür büruzə verdilər. Düşünürəm ki, bu şər-böhtan kampaniyası həm də cinayət əməlidir və bunu edənlər hüquqi müstəvidə cəzalandırılmalıdırlar. QHT-lərin guya seçki prosesinə Şura tərəfindən cəlb edilməsi iddiası sadəcə gülməlidir. Məsələn, mən bir vətəndaş olaraq könüllü qismində Azay Quliyevin seçki kampaniyasında iştirak etdim. Eynilə də digər bir neçə QHT sədri məhz Azay Quliyevin seçildiyi dairədə yaşadığı üçün seçici və könüllü olaraq kampaniyada aktiv iştirak ediblər. Burada hansısa hüquqpozmadan söhbət belə gedə bilməz. Çox uğurlu bir kampaniya aparıldığının və insanlarda Azay müəllimə böyük simpatiyanın olduğunu gördüm. Çünki xalqın gözü tərəzidir. Qısaca məlumatlardan belə başa düşürdülər ki, Azay Quliyev millət vəkili olaraq daha əvvəllər nə iş görüb, darda olan insanlara necə dayaq durub. Seçicilərinin daim yanında olub. Ona görə də Binəqədi sakinləri də böyük həvəslə ona səs verdilər. Bədxahlar və “5-ci kolon” isə bunu həzm edə bilmədi və şər-böhtana əl atdılar. Allah hər kəsə ürəyincə versin! Dövlətimizin rəhbərliyi isə kimin kim olduğunu və necə çalışdığını yaxşı bilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button