Bakıdan rüsvayçı açıqlamalar: “Türkiyə üzr istəsin”

aydin mirzezade

Hakimiyyətə yaxın ictimaiyyət adamları “Türkiyə Rusiyadan üzr istəməlidir” dedi

“Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra olan gərginlik Azərbaycana ciddi təsir etməyəcək. Çünki Azərbaycan həmin problemin iştirakçısı deyil”.

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan hər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına çalışır:

“Hər iki ölkə ilə Azərbaycanın sıx dostluq münasibətləri var. Dostlarımızın bir-biri ilə kəskin düşmən vəziyyətinə gəlməsi heç də xoşagələn məsələ deyil. Azərbaycan öz tərəfindən bu iki ölkə arasındakı gərginliyi səngitmək üçün maksimum tədbirlər görəcək. Türkiyə və Rusiya regionun lider dövlətləridir. Onlar dünyada gedən proseslərə ciddi təsir etmək imkanına malik ölkələrdir. Son vaxta qədər onlar arasında çox sıx dostluq əlaqələri var idi. Təyyarənin vurulması məsələsi onlar arasındakı məsələni kəskinləşdirdi. Ümumilikdə, bu hadisə lider anlamlı bir problem ortaya çıxarda bilər. Həmçinin regionda gərginliyin və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan, hər iki ölkə arasındakı gərginliyin minimuma endirilməsi lazımdır. Azərbaycan da bu istiqamətdə mümkündür ki, öz addımlarını atsın. Hər iki tərəf bizim üçün dostdur. Bu baxımdan, Azərbaycan hər iki ölkə ilə münasibətlərinin yenidən yaxşı olmasına çalışır. Hesab edirəm ki, bu tip məsələlərdə günahkar və ya haqlı axtarmaq düzgün deyil. Hər iki dövlət dünyada təhlükəsizliyin qorunmasında məsuliyyətlidir. Bu səbəbdən hər iki tərəf vəziyyəti bu həddə çatdırmamalı idi”.

***

Yazıçılar Birliyinin katibi, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid Türkiyə və Rusiya arasında baş verən son hadisəyə münasibət bildirib. Lent.az xəbər verir ki, tanınmış jurnalist Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyib: “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil, beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələrdir, təskinliklərdir. Obamanın münasibətindən aydın göründü ki, sifariş hardan gəlib.

Son bir neçə yüzillikdə Türkiyə–Rusiya münasibətlərinin bu cür normal səviyyəyə çatması olmamışdı. Bunu sinirə bilməyən qüvvələr bu provokasiyanı etdi. Regiondakı problemlərin çözülməsi Türkiyə və Rusiyanın birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Buna isə yenə mane oldular”.

***

“Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir”.
Bunu moderator.az-a açıqlamasında millət vəkili Aqil Abbas “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidi! Yanlış olub deməlidi!” fikrinə münasibət bildirirərkən söyləyib.
Millət vəkili, həmçinin Rusiyanın hərbi təyyarəsinin vurulmasını Türkiyənin ən böyük səhvi adlandırıb:
“Mən bütün bunları dərindən izləyirəm, Türkiyə bu məsələdə ABŞ-ın “dutkasına” getdi. ABŞ istəyirdi ki, Türkiyə dağılsın və elə Rusiya da düşməni idi. Beş gün bundan əvvəl sayın Ərdoğanla Putin bir yerdə oturub dərdləşiblər, çörək yeyiblər, söhbətlər ediblər.
Axı təyyarə Türkiyənin ərazisin bombalamamışdı axı. Bu hadisəni çox pis qəbul edirəm, Türkiyəni bu məsələdə qınayıram. Onlar mütləq danışmalıydılar, məsələni aydınlaşdırmalıydılar. Gərək ki, Türkiyə bunu etməyəydi, təyyarəni vurmayaydı. Axı qırıcılar həmin təyyarəni Türkiyənin ərazisində endirə bilərdilər, həmçinin Türkiyənin ərazisindən kənarlaşdıra bilərdilər. İndi Rusiya da PKK-nı silahlandıracaq. Bundan sonra da Türkiyə səhvini yumaq üçün heç nə edə bilməyəcək, artıq çox gecdir. Bu məsələ Azərbaycana da böyük zərbədir”.

***

Tanınmış telejurnalist Sevil Nuriyeva “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikrinə münasibət bildirib.

O, özünün Facebook səhifəsində baş redaktoru kəskin tənqid edib: “Rəşad Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir” bəyanatını şiddətlə qınayıram. Və sadəcə qınamıram, dostluğumu pozuram. Salamımı kəsirəm… Ümumiyyətlə, Türkiyə məsələsinə Rusiya, İsrail, İran, Əsəd, Gülən perspektivindən baxan hər kəsi… Susub zamanı gözləyənləri, baxım görüm nə olacaq, sonra danışaram deyənləri adam saymıram… Açığı, düşündüm ki, düşmənim belə hesab etmirəm – Bir HEÇSİNİZ.”
S.Nuriyeva R.Məcidə dəstək olan millət vəkili Aqil Abbasa da “təşəkkür”ünü bildirib: “Mən anladım… Türkiyə Rusiyadan üzr istəməlidir deyənlər kimin şaykasıdır. Rəşad Məcidə dəstəyə qalxan millət vəkili sağ olsun, şaykan çözməmə yardım etdi…”.

***

Yazıçı Zümrüd Yağmur da Rəşad Məcidlə Aqil Abbasın açıqlamalarına sərt təpki göstərib. O, feysbuk səhifəsində məsələyə belə münasibət bildirib:

“Rəşad Məcid və Aqil Abbasın düşüncələrini ciddi qəbul etmədiyimdən dəyərləndirmək belə istəmirəm… Düzünə qalsa, onların ciddi-ciddi Türkiyə-Rusiya münasibətlərini şərh etmə çabalarına da ironik yanaşıram… Hələ Aqil Abbasın Putinlə Ərdoğanın çörək yeyib, su içməsindən bəhs etməsini oxuyanda bu məmləkətiə lap yazığım gəldi. İndi siyasəti yeyib-içmək səviyyəsində anlayan bu adam ölkənin yazarıdır yəni? Rəşad Məcidə gəlincə, hər şey ortada, adam illərdir özü haqqında hər şeyi deyib zatən… Bizə zəhmət vermək istəməyib yəni…
İnanın, məsələ bu adamların Türkiyə və Rusiya arasında yaşanan gərginliyə bu şəkildə münasibət bildirməsi də deyil. Amma yaltaqlanmağı belə riyaya büküb “səmimi” etməyə cəsarətlərinin çatmamasını, güya bununla Türkiyənin təəssübünü çəkdiklərini nümayiş etdirmək cəhdi insanın ürəyini ağrıdır. Yazarın ürəyi köləlikdən, dili riyadan tökülübsə, qəlbində yaltaqlığa heykəl qoyubsa, o, necə əlinə qələm alıb millətin aydını olmaq iddiasına düşür?
Bu haqqı necə tanıyır özünə?
Yeri gəlmişkən, axı ölkənin “dahi” yazarları siyasətə qarışmırdı, indi nə oldu ki, bunlar danışdı?
Adi vətəndaş mövqeyi göstərməyə cəsarətləri çatmayan və bunu da güya siyasətin fövqündə olmaq kimi təqdim edənlərin bu “siyasətçilik” azarını mən anlaya bilmədim.
Yazıq, yazar olmaq bu qədərmi ucuzlaşıb, bayağı və dəyərsiz olub bu ölkədə?!”.

***

“Türkiyənin Rusiyadan üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur”. Bunu isə siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
Meydan TV-yə açıqlama verən Zərdüşt Əlizadənin sözlərinə görə, belə adamlara fikir vermək lazım deyil: “Bu adamların siyasətdən anlayışı yoxdur. Bu adamlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırır, güzəranlarını keçirirlər. Axı Türkiyə niyə üzr istəməlidir? Əcəb edib hava məkanını pozan təyyarəni vurub, Ankara formal cəhətdən haqlıdır”.
Siyasi şərhçi hesab edir ki, 24 noyabr hadisəsi genişmiqyaslı münaqişəyə çevrilməyəcək: “Bəli, gərgin olan münasibətlər pisləşəcək, amma bir müddətdən sonra yaxşılacaq. Diplomatiya tarixində bu cür hadisələr olub”.
Zərdüşt Əlizadə deyir ki, məlum hadisənin səbəbi aydındır: “Rusiyanın Qərbin inhisara götürdüyü olaya müdaxiləsi Avropanı və Türkiyəni qəzəbləndirmişdi. Qərb açıq şəkildə Rusiya ilə qarşıdurmaya getmədi, amma Ankara bu vəzifəni boynuna götürdü. Xüsusən Ərdoğan ailəsinin biznesi Rusiyanın avia zərbələri nəticəsində böyük ziyan görüb. Bu ailə qeyri-qanuni neft ixracından milyonlarla dollar gəlir götürür, ona görə Ərdoğan qırıcı təyyarənin hava məkanını pozacağı təqdirdə vurmağı əmr etdi. Rusiya təyyarəsi Türkiyənin hava məkanını, doğrudan da, pozmuşdu. Bundan əvvəl də rus təyyarələri eyni addımı atmışdılar. Sadəcə, Türkiyə ümid edirdi ki. Qərb bunu alqışlayacaq. Amma alqışlamadı, dedi ki, get, özün həll et”.
Zərdüşt Əlizadə indiki vəziyyətdə Rusiyanın Türkiyəyə heç nə edə bilməyəcəyini düşünür: “NATO üzvü olan və hərbi cəhətdən Rusiyadan geri qalmayan Türkiyəyə heç nə edə bilməz. Moskva nə etsə, beşqat artıq cavabını alacaq. Rusiya vətəndaşlarına Türkiyəyə getməsini qadağan edəcək, bundan Ankara müəyyən mənada itirəcək, amma bu ölümcül itki deyil. Rusiya vətəndaşları isə maddi-mənəvi cəhətdən cəzalanacaqlar. Çünki Türkiyədəki qədər yüksək xidmət və ucuz olan istirahət mərkəzləri yoxdur. Cənub-qaz axını layihəsini də ləğv edə bilməz, çünki özünə ziyan edə bilər. Hadisə olan günü Rusiya televiziyaları isterikaya düşmüşdü, erməni soyqımının tanınmasını tələb edirdilər, onsuz da Putin İrəvana getmişdi, bundan artıq nə edə bilərlər? Yaxud kürd separatçılarına dəstək verilməsini tələb edirlər, belə olanda Türkiyə Qərblə birgə Rusiyadakı separatçılara dəstək verəcək və bundan ziyanı çoxmillətli şimal ölkə görəcək. İstənilən baxımdan Rusiyanın nəsə etmək imkanı çox azdır. Rusiya yalnız həmin bölgədə Əsədə qarşı çıxanları darmadağın edə bilər ki, Əsəd həmin zolağı nəzarətə götürsün. Hesab edirəm ki, bir müddət gərginlikdən sonra münasibətlər mülayimləşəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button