MTN kimləri və necə “soyub”? Baş Prokurorluq dəhşətli məlumatlar yaydı

mtn1-e1445439444669

İş adamları MTN-in təcridxanasında günlərlə girov saxlanılıb; saxta cinayət işləri qaldırılıb

MTN generalı hər ay aldığı konkret məbləğdə rüşvət hesabına Rabitə Nazirliyinin vəzifəli şəxslərinə himayədarlıq edirmiş

Milli Təhlükəsizlik Nazirliyində (MTN) rəhbər vəzifələrdə təmsil olunmuş general və polkovniklərin həbsindən təxminən bir ay keçəndən sonra nəhayət, dünən Baş Prokurorluq bu həbslər barədə rəsmi məlumat yaydı. Prokurorluğun bəyanatında Akif Çovdarov da daxil olmaqla, generallara qarşı ittihamların nədən ibarət olması, həbs olunanların sayı barədə ətraflı məlumat verilib.

Rəsmi açıqlamadan belə məlum olur ki, MTN-in vəzifəli şəxsləri 57 sahibkarın başına oyun açıb. Onlar sahibkarların telefon danışıqlarını dinləyərək, iş adamlarından pul almaq üçün onları MTN-ə çağırıb, günlərlə bu qurumda saxlayıb, hətta bir qisminin barəsində cinayət işi qaldırıb həbs elətdirib, tələb etdikləri pulu alandan sonra cinayət işinə xitam verib sərbəst buraxıblar.

Prokurorluğun məlumatına görə, bu istiqamətdə aparılan araşdırmaların nəticəsi olaraq, ümumilikdə 21 nəfər Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlardan 19-nun barəsində həbs-qətimkan tədbiri, 1 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Daha bir nəfər isə istintaqdan yayınıb, onun da barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Akif Çovdarovun “qurbanları”

Prokurorluqdan “Azadlıq”a daxil olan rəsmi məlumatda bildirilir ki, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlərlə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində həyata keçirilən araşdırma nəticəsində MTN-in bir sıra baş idarə, idarə və şöbələrinin rəhbərləri, həmçinin digər əməkdaşları tərəfindən səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr, özgənin əmlakının talanması halları müəyyən edilib: “Bakıda və bölgələrdə iş adamlarının izlənməsi, nazirliyin inzibati binasına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nəğd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanıb”.

Nazirliyin Baş İdarəsinin sabiq rəisi Akif Teymurxan oğlu Çovdarov tabeçiliyində olan idarə və şöbə rəisləri Akif Oqtay oğlu Əliyev, Səlim İbrahim oğlu Məmmədov və Orxan Hacısəfər oğlu Osmanovla birlikdə qanunsuz əməliyyatlar keçirib: “Onların sahibkarlar İ.Qasımov, N.Orucov, T.Ibrahimov, C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov və başqalarını nazirliyə gətirib qanunsuz azadlıqdan məhrum etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək külli miqdarda nəğd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı faktlar müəyyən edilib”.

MTN əməkdaşları sahibkarları rüsvayedici məlumatlarla şantaj edirmiş…

Prokurorluğun məlumatına görə, MTN-in digər Baş İdarəsinin sabiq rəisi Sübahir Xaliq oğlu Qurbanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son 3-4 il ərzində hər ay sabit olaraq külli miqdarda rüşvət alıb: “Sübahir Qurbanov və tabeçiliyində olan idarə və şöbə rəisləri Füzuli Zülfüqar oğlu Əliyev, Natiq Allahverdi oğlu Alıyev və Zaur İbiş oğlu Məmmədovdan ibarət dəstə 2015-ci ilin martında sahibkar Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirib. Onu, eləcə də A.Zakirov və M.Quliyevi zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum edərək, hədə-qorxu gəlməklə külli miqdarda pullarını ələ keçiriblər.

Nazirliyin həmin vəzifəli şəxslərindən ibarət dəstə 2014-cü ilin dekabrında sahibkar K.Seyfullayevin olduğu avtomaşını güdərək, onu nazirliyin binasına aparıb qanunsuz azadlıqdan məhrum ediblər. Qanunsuz əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş rüsvayedici məlumatların yayılacağı, narkotik və digər cinayətlərə görə həbs olunacağı hədəsilə ondan külli miqdarda pul aldıqdan sonra azad ediblər.

Bundan əlavə, həmin dəstənin ayrı-ayrı sahibkarlar G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar üzrə araşdırmalar aparılır”.

MTN-in Antiterror Mərkəzi soyğunçuluqla məşğul imiş…

Prokurorluğun açıqlamasında MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əməlləri barədə məlumat da yer alıb: “İlqar Mustafa oğlu Əliyev və şöbə rəisinin müavini Azər Söhrab oğlu Mehdiyevin sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanıb. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarların müraciətləri də araşdırılır”.

MTN-in digər Baş İdarələrinin sabiq rəisləri Teymur Rəcəb oğlu Quliyev və Natəvan Mürsəl qızı Mirvətova, həmin qurumların digər vəzifəli şəxsləri – Elşad Əzizağa oğlu Əzizov, Anar Hacıçoban oğlu Şirəliyev, Fərhad Tofiq oğlu Atayev və Eşqin Dünyamalı oğlu Əliyevin gizli qaydada informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarını dinləməsi, digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək, fiziki və hüquqi şəxslərin mənafelərinə zərər vurmalarına dair təkzibedilməz sübutlar əldə olunub.

MTN-in sabiq şöbə rəisi Vüsal Hicran oğlu Ələkbərov sahibkar N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbsi barədə məhkəmənin qərar çıxarmasına nail olub. Daha sonra azad olunması üçün külli miqdarda rüşvət alaraq, onu ev dustaqlığına buraxıb və ardınca da barəsində cinayət təqibinə xitam verilib. Bundan başqa, Vüsal Ələkbərovun həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şahverdiyev, N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə istintaq aparılır.

Sahibkarın bank hesabını güdüb, pulunu əlindən alıblar

Nazirliyin digər əməkdaşı Mehman Dəmir oğlu Abdullayev sahibkarlar Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu tələb edib alması ilə əlaqədar ittiham olunur.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, nazirliyin Baş İdarəsinin sabiq şöbə rəisi Mirəziz Mirəşrəf oğlu Əsgərov sahibkar V.Əzizin bank hesabına külli miqdarda pulun köçürüldüyünü qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində bilib, sahibkar həmin pulu aldıqdan sonra onu qanunsuz saxlayaraq, telefon danışıqlarına qulaq asıldığını bildirib. M.Əsgərov iş adamını həbs olunacağı ilə hədələyərək pulun əksər hissəsini ələ keçirdikdən sonra buraxıb. Gələcəkdə də hesabına göndəriləcək pulun alınmasına maneə törətməmək üçün ondan əlavə pul alıb.

MTN-in vəzifəli şəxsləri sahibkarlara on milyonlarla ziyan vurub

MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərəəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib”, – deyə prokurorluğun məlumatında qeyd olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button