Azərbaycan dilemma qarşısında qala bilərmi?

bayrağımız
Rusiya və Türkiyə arasında yaranmış siyasi-hərbi gərginlik artıq iqtisadi sferaya sıçramağa başlayıb. İlk zərbə “Türk axını” layihəsinə dəydi, deyə bilərik. Onsuz da layihənin reallaşmasında indiyədək müəyyən problemlər yaşanırdı. Tərəflər qazın nəqli ilə bağlı tariflərdə razılığa gələ bilmirdilər. Təyyarənın vurulması olayı isə, “Türk axını”nın tarixini arxivə göndərilməsinə təkan verdi.
Bundan əlavə, Rusiya ölkələrində fəaliyyət göstərən türk iş adamlarına qarşı təzyiqlərə başlayıb. Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti isə Türkiyəyə səyahət paketlərinin satışını dayandırıblar. Hətta Türkiyədən idxal olunan bəzi ərzaq məhsullarının dayandırılacağını bəyan ediblər. Artıq bazarlarda türk məhsulları “risk qrupu” bəhanəsilə yığışdırılır.
Rus mətbuatının yazdığına görə, Dövlət Gömrük komitəsi türk mallarını ölkəyə buraxmır. Hazırda Rusiya parlamentində məhsulların hansı bəhanə altında girişinə qadağa qoyulması müzakirə edilir. Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun sözlərinə görə, embarqo tətbiq olunacağı təqdirdə Rusiya bunun ciddi nəticəsini hiss etməyəcək. Türkiyədən gətirilən meyvə və tərəvəzi İran, Azərbaycan, Özbəkistan, Mərakeş, İsrail, CAR və Argentinadan tədarüklər əvəz edəcək. Tkaçov defisit olmayacağını bildirib.
Azərbaycan isə hər iki ölkə ilə sıx iqtisadi, siyasi və hərbi əməkdaşlığı olan qonşu dövlətdir. Vəziyyətin gərginləşməsinin ölkəmizə hansı təsirləri ola bilər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sosial şəbəkələrdə yazdığı açıqlamada qeyd edir ki, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil. Bundan əlavə, Türkiyənin ixrac etdiyi qida məhsullarının 20, tekstil məmulatlarının isə 15 faizi məhz Rusiyaya göndərilir: “Bu isə qardaş ölkədə strateji sektorlar hesab edilən tekstil və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir.
Ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub. Şimal qonşumuzun ixracının məbləğinin çox olması Türkiyənin eneji resurslarına tələbin ödənilməsində Rusiyanın dominat mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan gətirir.
İki ölkə arasındakı ticari rəqəmlər münasibətlərin pisləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də, Rusiya tərəfi də bu prosesdən itkisiz çıxmayacaq”.
“Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərinin gərginləşməsində maraqlı olmayan ölkədir. Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. Bununla belə, adı çəkilən ölkələr arasında münasibətlər gərginləşəcəyi halda Azərbaycan şirkətləri Türkiyənin qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir”, -deyə V.Bayramov vurğulayıb.
Digər iqtisadçı-ekspert Akif Nəsirli isə “Bizim Yol“a açıqlamasında bildirdi ki, bu iki dövlət arasında yaranmış gərginliyin Azərbaycana təsirləri birbaşa deyil, dolayı yolla ola bilər: “Türkiyə-Rusiya münasibətlərində vasitəçilik edən iş adamları var ki, azərbaycanlıdır. Eyni zamanda Türkiyəyə səyahət təşkil edən turizm şirkətləri arasında Azərbaycan şirkətləri də var. Onlara təsir göstərə bilər.
Rusiya Azərbaycanın Türkiyə ilə münasibətlərini gözəl bilir. Şimal qonşumuz bizi dilemma qarşısında qoya bilər. Xüsusilə, biznesi bu iki dövlət üzərində qurulan iri azərbaycanlı iş adamlarına seçim etmək tələbi edilə bilər. Ona görə də Azərbaycana təsirlər yalnız dolayı yolla ola bilər”.
İqtisadçı hesab edir ki, Azərbaycana nə Rusiya, nə də Türkiyə imtina üçün təzyiqlər edilə bilər: “Düşünmürəm ki, birbaşa təzyiqlər olsun, Azərbaycan dilemma qarşısında qalsın. Çünki nə Türkiyə Rusiya ilə iqtisadi əlaqələrini Azərbaycan üzərindən qurur, nə də Rusiya. Dolayı təsirlərdən biri o ola bilər ki, Moskva ermənilərin aktivləşməsinə şərait yarada bilər. Ermənistan aktivləşərsə, o zaman həm bizə, həm də qardaş ölkəyə qarşı təzyiq vasitəsinə çevriləcək”.
A.Nəsirli düşünür ki, Türkiyənin ərzaq mallarının Azərbaycanla əvəzlənməsi qismən mümkündür: “Ölkəmiz elə də böyük kənd təsərrüfatı dövləti deyil. Amma müəyyən qədər aqrar məhsulların ixracını artırmaq mümkündür. Burada başqa bir məsələ ortaya çıxacaq. Türkiyənin itirdiyi bazarı Azərbaycanın tutmaq istədiyini görsə, Bakı və Ankara arasında narazılıqlar olacaq. Çünki iqtisadiyyat siyasətə mütləq təsir edir. İqtisadi baxımdan uyğun görünsə də, siyasi baxımdan əlverişli deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button