Akif Çovdarovun Qulu Cəfərovu kimdir – III yazı

Mahir Abdullayevin oğurlanmasında sirli məqamlar

III HİSSƏ

mahir abdullayev1

“Qulu Cəfərov iftira ataraq öz üzərinə bir günah götürür, lakin onun başqa çıxış yolu da yoxdur, o bilir nəyin ardınca getdiyini və nə söylədiyini. Çünki aqibət məsələsi onu bərk narahat edir.” Beləliklə də, toplanmış “təkzibedilməz” sübutlarla müstəntiq müəyyən etmişdir ki, M.Məcidov və N.Babaşov qabaqcadan əlbir olan bir qrup şəxslə, aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda 4.000 ABŞ dolları özgənin əmlakını ələ keçirməklə dələduzluğa cəhd və dələduzluq cinayətlərini törətmişlər. Bir sözlə, müstəntiq zərərçəkmişlə qismən razılaşır ki, bəli, bunlar qrupdurlar, bunlar cinayətkardırlar, bunlar zərərçəkmişdən külli miqdarda pul alıblar, lakin adam oğrusu deyillər. Gülünc səslənir, elə deyilmi?

Bundan sonra, 19 noyabr 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə (iş N 1 (101)-644\2013) açıq məhkəmə iclasında baxılaraq, nə qədər təəccüblü olsa belə onların Mahir Abdullayevin oğurlanmasına dair məlumatlı olmaları müəyyən edilməmiş və onlara Azərbaycan Respublikası adından aşağıdakı hökm oxunmuşdur: Məcidov Mirsaib Hadi oğlu və Babaşov Natiq Cabbar oğlu AR CM-nin 29, 178.3.2, 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib hər ikisi 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, məhkəmə zalında həbs edilmişlər. Video görüntüləri diqqətlə izləyən hörmətli oxucu bir məqamıda nəzərdən qaçırmamalıdır. Video görüntülərdən güc strukturlarının arasında gedən kəskin çəkişmə açıq-aydın özünü birüzə verir. Bu fikirlərim qətiyyən Mahir Abdullayevin kimin tərəfindən oğurlanması məsələsinə dəlalət etməməlidir, sadəcə olaraq qeyd etmək yerinə düşər ki, təqsirləndirilən şəxslər həmin dövrdə qüdrətli MTN-nin mesajlarını zərərçəkmişə çatdırmaqla, məsuliyyəti öz üzərlərindən atmağa cəhd edirlər. Video görüntülərdə Məcidov Mirsaib Hadi oğlu və Babaşov Natiq Cabbar oğlu açıq-aydın bildirirlər ki, Mahir Abdullayevi oğurlayıb saxlayan şəxslərin adından onlarla söhbətə TT markalı revolverlə silahlanmış Qulu gəlir. Amma nədənsə istintaq materiallarında, eləcə də məhkəmə prosesində bir dəfə də olsun Qulu Cəfərovun adı hallanmır. Əgər nəzərə alsaq ki, bu gün analoji cinayətlərinə görə həbs edilmiş MTN-nin generalı Akif Çovdarov video görüntülərdə adı hallanan Qulu Cəfərovun yerlisi və eyni zamanda yaxın adamıdır, o zaman bir daha belə bir nəticə çıxarmaq olar ki, Qulu Cəfərovun adının hallanması gələcəkdə həmin dövrlər üçün MTN-nin qüdrətli generallarından biri olan, “Təpəgöz” ləğəbli Akif Çovdarovun, ümumilikdə MTN-nin təşkilat olaraq özünün nüfuzdan düşməsinə, ifşasına gətirə bilərdi. Bundan əlavə, video görüntülərdən görünür ki, hər iki şəxs, xüsusilə Mirsaib Məcidov söhbət zamanı çalışırlar ki, zərərçəkmişdə belə bir fikir oyatsınlar ki, onun qardaşının oğurlanmasının arxasında DİN rəhbərliyi durur. Özü də o, buna bir neçə dəfə cəhd göstərir. Misal üçün görüş zamanı: “Sahib: Elşad müəllim, onların “qlavarı” Novxanılı “Qoç Hikmətdir”, Ramil Usubovun qudasıdır (onun oğlu Bəxtiyar DİN-in qızının əridir)” deyilir. Bu sətirlərdən artıq məlum olur ki, N.Babaşov və M.Məcidov bu qədər məlumata necə malik ola bilərdilər və yaxud da onlar kimin təlimatlarına uyğun olaraq Mahir Abdullayevin geri qaytarılması bazarlığını aparırdılar. Belə götürəndə onsuz da Azərbaycan ictimayyətinə gözəl məlumdur ki, Mahir Abdullayevin qeyri-qanuni olaraq saxlanılmasında, daha sonra ayrı-ayrı yerlərdə gizli olaraq saxlanılmasında hər iki təşkilatın əməkdaşlarının rolu kifayət qədərdir. Bu söhbətdə isə görünən odur ki, artıq qocaman təşkilatlar səndə-məndə oynamağa, yəni narahat olmağa başlayıblar.

mahir abdullayev

Konkret olaraq MTN məsələsinə gəldikdə isə, bəlkə elə bu şəxslərin arxasında MTN-nin simasında general Akif Çovdarov durduğu üçün yuxarıda tərəfimizdən qoyulmuş suallara istintaq aydınlıq gətrmədi, məhkəmə isə öz növbəsində adam oğurluğunda şübhəli bilinən şəxsləri dələduz çıxardı? Son nəticədə isə gördüyünüz kimi, məhkəmənin hökmünə görə qan qardaşlarının, sahibsiz, heç bir təşkilatın elçisi olmayan, sadəcə öz təşəbbüsləri ilə dələduzlar çıxdılar. Birisi bunların, xüsusiilə 105157 saylı cinayət işinə aidiyyatı olan hüquq mühafizə orqanlarının əməliyyatçıların, müstəntiqlərin, prokurorların diqqətinə çatdırmır, soruşmur ki, “ay əzizim, bəyəm oğurlanmış MTN-nin zabitinin yaxın ətrafında əməliyyat tədbirləri bu qədər mükəmməl qurulmuşdur ki, bu “dələduzların” zərərçəkmişlə telefon danışıqları, yaxud görüşləri qeydə alınmamışdır?” Bu necə ola bilər? Əgər bilmirsinizsə mən söyləyim. Bunların “dələduz” çıxardıqları insanlar vaxtında o səbəbdən ifşa olunub saxlanmamışdırlar ki, onları elə bunlar özləri göndərirdilər, özləri təlimatlandırırdılar və bununla da gedən oyunu nəzarətdə saxlayırdılar. Əgər bütün bunlar mənim söylədiyim kimi olmasaydı, özünüz diqqət yetirin, Elşad Abdullayevə görə onlarla günahsız və yaxud günahı olan şəxsləri həbs etdilər və onlardan heç biri hadisələr cərəyan edən zaman, iş başında nəzarətə götürülməmişdirlər. Həbslərin əksəriyyəti onlarla məlum video görüntülərin ictimailəşdirilməsindən sonra baş vermişdir.

Mətləbdən uzaqlaşmamaq məqsədilə qayıdaq sahibkar Salman Səfərovun şikayət ərizəsində və yaxud da video görüntülərdə adı hallanan “Qulu”ya, yaxud da Cəfərov Qulu Əli oğluna. Ataların misalı var “Oğru kölgəsindən qorxar.” Sahibkar Salman Səfərovla bağlı yazıda “Qulu” adı hallandıqdan sonra sosial şəbəkələrdə Qulu Cəfərovla bağlı gedən yazıları bir daha nəzərdən keçirmək qərarına gəldim və 30.01.2014-ci ildə kütləvi informasiya vasitələrində, xüsusilə “Yeni Musavat” və “AzPolitika”da “MAHİR ABDULLAYEVİN ƏN YAXIN DOSTU 10 İLİN GİZLİNLƏRİNİ AÇDI “(http://azpolitika.info/?p=15030) başlığı altında yazı diqqətimi cəlb etdi. 2003-cü il oktyabr ayının 13-də müəmmalı şəraitdə itkin düşmüş MTN zabiti, Azərbaycan Beynəlxalq Universitetinin rektorunun qardaşı Mahir Abdullayevin ən yaxın “dost”larından biri olan Qulu Cəfərov qəflətən öz təşəbbüsü ilə “Yeni Müsavat” qəzetinə müsahibə verir. Qulu Cəfərovun müsahibəsindən bəzi məqamlara diqqətinizi cəlb etmək istəyirəm.

Qulu Cəfərovun müsahibəsindən: : – “Biz APİ-də bir yerdə oxumuşuq. O, tarix fakültəsini qurtarıb, mən isə tarix-hüquq. 1997-ci ilin oktyabrından 2001-ci ilə qədər mən ABU-da işləmişəm. Demək olar ki, hər gün səhərdən-axşama qədər Mahirlə birgə olmuşuq. Ancaq yatmağa evlərimizə gedəndə ayrılmışıq.” Əgər fikir verirsinizsə, Qulu Cəfərov əsl dost kimi fikir yürüdür. Bunu ancaq alqışlamaq olar. Lakin bir qədər sonra sanki insanı arı sancır və o davam edir: “Mən bu ailəni yaxşı tanıyıram. Onlar burdan Kürdəmirə gedəndə bir dəfə də olsun yolda dayanıb çörək yeməzdilər. (Yalançıya Allah qənim olsun!) Xəsisliklərindən. Mən Mahiri çox yaxşı tanıyıram. Respublikada bəlkə də iki-üç artist var ki, Mahirin yanına gəlmirdi. Qalan hamısı gəlirdi. Mən başa düşə bilmirdim ki, onlar nəyə gəlirlər bunun yanına.”

İnsan dəhşətə gəlir. Mahirə qarşı bu insanda nifrət haradandır? Bu insan nə qədər sürətlə qaçırsa-qaçsın, vicdanından heç vaxt qaça bilməz. Çünki onun qəlbində xainlik, xəyanət varsa, sözdə sədaqətinə ehtiyac duyulmur…. Əgər xatırlayırsınızsa yazının əvvəlində qeyd etmişdim ki, Qulu Cəfərov qəflətən, öz təşəbbüsü ilə “Yeni Müsavat”a müsahibə vermək fikrinə düşür. Lakin onun müsahibəsini diqqətlə nəzərdən keçirərkən, məlum olur ki, bu, heç də qəflətən və yaxud onun təşəbbüsü ilə verilən müsahibə olmayıb. İş burasındadır ki, həmin zaman Mahir Abdullayevin İctimai Müdafiə Komitəsinin ofisində mən və hal-hazırda heç bir qanuni əsas olmadan həbsdə olan “Siyasi məhbus” Mübariz Abdullayevin ailə üzvləri bir sıra tələblər tərəfimizdən irəli sürülərək aclıq aksiyası keçirirdik.

azad-acliq

Görünür, bu aclıq aksiyası kimlərisə bərk narahat etmişdir və bu səbəbdən aksiyanı ictimayyətin gözündən salmaq üçün təcili olaraq sifariş əsasında bu müsahibə Qulu Cəfərov tərəfindən verilir. Müsahibə aclıq aksiyasının 12-ci gününə təsadüf etmişdir. Qulu Cəfərov öz müsahibəsində aclıq aksiyasında irəli sürülmüş hər bir tələbə adekvat olaraq “öz fikirləri”ni söyləyir. Misal üçün: “Mahir, doğrusu, qorxaq adam idi” və yaxud da “bu Azad Mürsəliyevi başa düşmürəm, niyə aclıq aksiyası keçirir onlara görə.” İftira ilə proqramlaşdırılmış bu cahil insanın fikirləri getdikcə kəskin şəkil almağa başlayır. Müsahibəsinin əvvəlində dost dediyi, ancaq yataqları ayrı olmuş bu insan öz müsahibəsində, ona çörək vermis, pul qazandığı, daima süfrəsinin yuxarı başında oturduğu və nəhayət, itkin düşmüş “dost”unun valideynlərini belə alçaltmaqdan çəkinmir. “O vaxt orda (Kürdəmir rayonunu nəzərdə tutur) müstəntiq işləyən bir dostum danışırdı ki, bazarda bir çaynik çay o vaxt 10 qəpik imiş. Amma bu kişi o qədər xəsis imiş ki, Elşad yayda istidə, qışda qarda qucağında termosla bazara atasına çay gətirirmiş, bazardan çay almırdı. Çox kasıb yaşayıblar bunlar.”

Barəsində deməyə söz tapmadığım bu “insan” çörəyini yediyi, universitetində çalışdığı, pulunu alıb qaytarmadığı bir şəxsin valideyni haqqında diqqət yetirin, görün, nə danışır. Birincisi, kasıb olmaq heç də eyib şey deyil, əsas odur ki, sözün həqiqi mənasında insan olasan, ikincisi də ki, yəni bu abdullayevlər səndən də kasıb olublar, Qulu Cəfərov? Yox, əgər məntiqlə danışsaq, belə çıxır ki, sən Qulu Cəfərov, əgər nəzərə alsaq ki, bu “kasıb” abdullayevlərdən borc almısansa, onların şəxsi universitetində çalışmısansa, deməli, sən onlardan da kasıb olmusan. Belə olan halda adama deyərlər, “əzizim, əslində həmin çay almaq imkanı olmayan birindən də kasıbsansa, sən nə gündəsən?”

Əslində, müsahibəyə o zaman mən cavab da vermişəm, lakin maraqlısı budur ki, Qulu Cəfərovun həqiqəti əks etdirməyən müsahibəsini hansısa mətbu orqanın elektron saytında tapdığım halda, mənim ona cavab yazım silinmişdi. Lakin necə deyərlər, “ehtiyat igidin yaraşığıdır.” Xoş təsadüfdən həmin 3 fevral 2014-ci il tarixdə dərc olunmuş “10 ilin xəyanəti” başlıqlı yazını şəxsi arxivimdən tapmağa nail oldum. “10 ilin xəyanəti” məqaləsindən bəzi çıxarışları diqqətinizə çatdırıram:

“2003-cü il oktyabr ayının 13-də müəmmalı şəraitdə oğurlanmış MTN zabiti, Mahir Abdullayevin ən yaxın “dost“larından biri olan Qulu Cəfərov güya öz təşəbbüsü ilə “Yeni Müsavat” qəzetinə “ Mahir Abdullayevin ən yaxın dostu 10 ilin gizlinlərini açdı” başlıqlı müsahibə verib. Son vaxtlar yayılmış videolarda, materiallarda Qulu Cəfərovun adı Mahiri oğurlayan “mütəşəkkil cinayətkar dəstənin üzvü” kimi keçir. Onun bu ittihamlar qarşısında uzun müddət susduqdan sonra indi ortaya çıxması çox təəccüblüdür. Fiziki baxımdan durumum nə qədər qənaətbəxş olmasa (aclıq aksiyasının 12-ci günü olduğu üçün) belə, bu şəxsin müsahibəsində şəxsən mənim adımın dəfələrlə əsassız olaraq hallanması mövqeyimin ortaya qoyulmasına dəlalət etdi. Fikirlərim hörmətli oxucuya tam aydın olsun deyə və eləcə də özünü “dost” adlandıran bu şəxsin ağ yalanlarını ifşa etmək məqsədilə, qərara gəldim ki, bütöv yazı boyu bu insanın məntiqsiz cümlələrinə istinad edim. İlk öncə Qulu Cəfərovun konkret olaraq şəxsən mənim barəmdə söylədiyi fikirlərdən başlamaq istəyirəm. Qulu Cəfərov ədəb-ərkanla bildirir ki, “Bu Azad Mürsəliyevi başa düşə bilmirəm. 2005-ci ilə qədər Elşad Abdullayevi mənim yanımda söyüb.” Və yaxud da, “ya da indi aclıq aksiyası keçirən Azad Mürsəliyev. Bu adam hər zaman mənim yanımda deyirdi ki, Mahirə canım qurban, mən bilirəm ki, onu Elşad oğurlatdırıb. Yüzlərlə dəfə deyib bunu mənə. İndi üzləşdirin bizi, üzünə də deyərəm.” Qulu Cəfərovun sözlərindən belə çıxır ki, az qala mən hər gün, lap onun sözlərilə deyək, yüz dəfə, bu şəxslə görüşüb Elşaddan buna şikayət etmişəm. Birincisi, bu mümkün deyil, o səbəbdən ki, bəlkə də Qulu Cəfərov Mahir Abdullayevin tələbə yoldaşları və yaxud sadəcə tanışları arasında yeganə adam olub ki, onunla mənim heç bir münasibətim olmayıb. Bəlkə də bunun səbəbi Q.Cəfərovun M.Abdullayevin dost-tanışları arasında özünü qapalı aparması, istiqanlı olmamasıdır. Bu adamın Mahirin digər tanışları olan Namiqdən, Sənandan, Asifdən fərqli olaraq heç telefon nömrəsi mənim telefon kitabçamda olmayıb. Bəli, mən həqiqətən Q.Cəfərovla təxminən 2004-2005 ci illərdə Asif vasitəsilə görüşmüşəm, görüşməyimin də yeganə səbəbi Mahir haqqında hər hansı bir məlumat əldə etmək olub. Təəssüflər olsun ki, özünü “dost” adlandıran bu şəxs ümumiətlə mənimlə danışmaq istəmədi. Əgər Q.Cəfərovun mobil telefonunda mənim 100 dəfə deyil, 2 (iki) telefon zəngim aşkarlanarsa, mən ondan dərhal üzr istəməyə hazıram. Bir də ki, bu şəxs söylədiyi kimi, əgər o, mənimlə 100 dəfə görüşübsə, məntiqlə belə çıxır ki, bizim normal, iraq-iraq “dost “ münasibətlərimiz olub. Mən başa düşə bilmirəm, Q.Cəfərov bu cümlələri söyləyəndə nə fikirləşirdi? Lap tutaq ki, biz 100 dəfə görüşmüşük, bizim normal münasibətlərimiz guya olub, belə olan halda sən Q.Cəfərov hansı səbəblərdən söyləyirsən ki, “bu Azad niyə aclıq aksiyası keçirir, Elşadı müdafiə edir?” Sən kütləvi informasiya vasitələrini izləmirsənsə, burda bir qəbahət yoxdur. Sənin məntiqinə görə normal münasibətlərimiz olub, heç olmasa bu on iki gün ərzində bir dəfə məni ziyarət edərdin, bir soruşardın, “ay Azad, bu aclıq aksiyasını niyə keçirirsən?” Mən də sənə cavab verərdim ki, “Q.Cəfərov, məni qanunsuz olaraq xaricə müalicə almaq üçün getməyə buraxmırlar, qohum-əqrəbanı incidirlər, əsassız olaraq 10 (on) il cinayət məsuliyyətinə alırlar və nəhayət, o dost dediyin, pulu hesabına ailənə baxdığın, sayəsində universitetin kafedrasına işə düzəldiyin Mahirin aqibətinə prokurorluq orqanlarının aydınlıq gətirməsini tələb edirəm.”

Yoxsa buna da etirazın var, Q.Cəfərov? Axı siz “dost olmusunuz.” Belə başa düşdüm ki, sizi və bütün bu illər sizin istintaqa cəlb olunmağınıza maneəçilik törədən şəxslərin bir azarı var, o, da Azadın aclıq aksiyası keçirməsidir. Q.Cəfərovun absurd xarakter daşıyan digər fikirləri də müsahibədə öz əksini tapıb. Misal üçün Q.Cəfərov heç bir sübutu olmadan böhtan ataraq bildirir ki, “ Mahiri elə qardaşı özü yox edib. İndi bütün hallarda qardaşdırlar, qanı-canı birdir, ola bilsin, təsadüfən öldürüblər, heç öldürmək istəməyiblər. Ola bilsin gizlədiblər, sonra nəsə hadisə olub. Amma onu qardaşı edib. Onu dəqiq araşdırsalar, qardaşına gəlib çıxacaq bu söhbət.” Qulu Cəfərov bu fikri yürütməklə unutmamalıdır ki, iftira, böhtan ağır günahlardan hesab olunur. Bu, açıq-aydın bir böhtandır. Əslində, Qulu Cəfərov iftira ataraq öz üzərinə bir günah götürür, lakin onun başqa çıxış yolu da yoxdur, o bilir nəyin ardınca getdiyini və nə söylədiyini. Çünki aqibət məsələsi onu bərk narahat edir. Bütün hallarda məsləhət görərdim bu kimi fikirləri söyləməmişdən öncə, yaxşıca götür-qoy edəsiniz. Sizin kütləvi informasiya vasitəsində yayılan bu cür hüquqazidd, məsuliyyətsiz məlumatlarınız “dost” dediyiniz insanın qardaşının şərəf və ləyaqətini ləkələməklə və böhtan xarakteri daşımaqla onsuz da sonuncunun müəmmalı şəraitdə yoxa çıxmasından sarsılmış onun ailəsinə və yaxud qohumlarına mənəvi cəhətdən daha bir sarsıdıcı zərbə vurmuş, o cümlədən onları mənəvi sarsıntı və iztirablara məruz qoymuş olursunuz.”

azad mursaliyev

Azad Mürsəliyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button