Qopanlar və rejimin sökülməsi

İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin sədri

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz bloqunda növbəti məqalə yerləşdirib. Məqaləni təqdim edirik:

Qopanlar və rejimin sökülməsi

Ötən il hakimiyyət düşərgəsindən qopmalar başladı. İlk qaranquşlar diplomatlar oldular, daha sonra sənət və hüquq-mühafizə sahələrindən tək-tək qopmalar oldu. Bir qeyd də yazmışdım ki, əgər 80-ci illərdə rejimdən ilk qopanlar xalqa yalan deməkdən bezən Az.TV əməkdaşları oldularsa, indiki mərhələdə dünyaya yalan deməkdən bezən XİN əməkdaşları qabağa düşdülər.

Bu il həm də getdikcə ağırlaşan sosial-iqtisadi və siyasi böhranın təsiri altında qopma prosesi davam edəcək, rejimə xidmət edən və ya dəstək verənlərin sırasından ayrılanların sayı həndəsi silsilə ilə artacaq. Bəziləri  xalqa “qarışaraq” bitərəfləşəcək, bəziləri birbaşa müxalifətə qoşulacaq, bəziləri isə müxalifəti bəyənməyib yeni təşkliat və ya hərəkat yaratmağa çalışacaqlar. Dediklərimin bütün əlamətləri artıq göz qabağındadır.

Bu qaçılmaz proses cəmiyyətdə qüvvələr nisbətinin dəyişməsi baxımından çox önəmli oduğu üçün müəyyən mülahizələrimi yazmaq istədim.

Bütövlükdə cəmiyyət bu prosesi müsbət qiymətləndirir.  İstənilən sosioloq və politoloqdan soruşsanız sizə ətraflı şəkildə izah edəcək  ki, avtoritar rejimlərin çökməsi üçün ən vacib məqamlardan biri hakim elitanin parçalanmasi, ondan qopmalardir.

Demokratik düşərgədə isə fərqli yanaşmalar var. İfrat hesab etdiyim mövqelər də var. Bir qütbdə qopanları xüsusi təmtəraqla qarşılayan, onların hər sözünü, hər addımını bəyənməyə tələsən, onları nəyin bahasına olursa olsun özlərinə cəlb etməyə çalışanlar var. Məncə, onlar daha təmkinli davransalar yaxşı olar. Digər qütbdə isə qopanları da, onları tərifləyənləri də sərt tənqid edən, hətta təhqir edənlər də var. İkinci qütbdəkilər “batan gəmini birinci sıçovullar tərk edər” kimi təhqiramiz deyimlərdən də gen-bol istifadə edirlər.

Qeyd etdiyim kimi hər iki mövqeni ifrat hesab edirəm və məncə, qızıl ortanı tapmaq lazımdır. İlk növbədə təhqiramiz ifadələrə son qoymaq lazımdır. Elə o məhşur deyimə də bir az fərqli baxmaq olar. Mütərəqqi bəşəriyyətin əksəriyyəti kimi mənim də sıçovullardan zəhləm gedir, amma insaf naminə yada salaq ki, mütəxəssislər sıçovulu kifayət qədər ağıılı heyvan hesab edirlər. Yetim sıçovul nə gəminin kapitanı deyil, nə də batan gəmini xilas etmək imkanına malik deyil. Aydın məsələdir ki, gəmi batırsa, onlar qaçmağa cəhd edəcək. Dənizçilər özləri bu deyimə daha praqmatik yanaşırlar, onlar hesab edir ki, sıçovulların gəmidən qaçmağa başlaması ön informasiyadır; qaçırlarsa, demək gəmi ya batır, ya da batmaq təhlükəsi qarşısındadır.

Rejimə rəhbərlik etməyən, rejimin siyasətini dəyişmək gücündə olmayan şəxslər niyə rejim sahibləri ilə birgə və eyni səviyyədə məsuliyyət daşımalıdırlar ki?! Ağlı və vicdanı (ən azı ikisindən biri) olan insanlar Əliyev rejiminin xalqazidd fəaliyyətində iştirakdan və ya rejimə məddahlıqdan əl çəkib, xalqa tərəf gəlirlərsə, bu ilk növbədə rejimin çökməyə başlamasının əlamətidir. Rejimdən qopan vətəndaşlarımız təkcə özlərini xilas etmirlər, onlar həm də cəmiyyətə və rejimin özünə çox ciddi xəbərdarlıq mesajı vermiş olurlar. Cəmiyyət və hakimiyyət bu xəbərdarlıqdan ciddi də nəticələr çıxarmalıdır.

Qopanlar özləri də daha məsuliyyətli davranmalıdırlar. Bismillah eləməmiş xalqa və müxalifətə dərs verməyə tələsmək o qədər də müdrik mövqe deyil. Onlar öz yekəxana davranışları ilə ikinci qütbü böyütməkdən çəkinməlidirlər.  İllərlə, bəziləri onillərlə bu rejimə xidmət ediblərsə, hər şeydən əvvəl  ən azı  xalqdan bir üzrxahlıq diləməlidirlər. Heç olmasa, o gənc müstəntiq kimi səhvlərini etiraf etməlidirlər. Xalqa qarışıb öz həyatlarını davam etdirmək istəyirlərsə, lap yaxşı. Amma demokratik düşərgəyə qatılıb ictimai-siyasi proseslərdə iştirak etmək fikrindədirlərsə, sadəcə indiyə qədər müxaliəftin dedikərini təkrar eləmək kifayət deyil. Onlar cəmiyyətə əlavə resurslar gətirməlidirlər.

Həyəcanlanmayın, resurs dedikdə söhbət puldan getmir. Onlar önəmli informasiyalara malikdirlər, rejimin səhvlərini, zəif yerlərini daha yaxşı bilirlər. Onların hakimiyyət daxilində geniş əlaqələri var, bu əlaqələrdən istifadə edib, demokratik düşərgənin böyüməsinə, qüvvələr nisbətinin dəyişməsinə öz töhfələrini verməlidirlər.

Hakimiyyətdəkilərə də sözüm var. Məni  sadəlövhlükdə qınasanız da inanıram ki, rejim yuxarıdan aşaqı bütün məmurları, hətta ən kiçik vəzifələrdə olanları belə özünün qara əməllərinə bulaşdırmağa çalışsa da, onların arasında bizim dəyərləri dərk edən, istiqlal və hürriyyətin  önəmini  bilən,  bu günə qədər aparılan siyasətin yanlış olduğunu, ölkəmizin və xalqımızın gələcəyinin demokratik inkişafa, iqtisadi və siyasi azadlıqlara bağlı olduğunu anlayanlar var .

Sözüm onlaradır:
Əgər rejimə təsir imkanınınz varsa, bu təsiri düzgün istiqamətdə göstərin. Əgər təsir imkanınız yoxdursa, gec olmadan bu rejimdən aralanın! Xalqa qatılın, demokratik qüvvələrə qoşulun! Bunu nə qədər tez etsəniz, nə qədər qətiyyətli və kütləvi şəkildə etsəniz ölkəmizdə müsbət dəyişikliklər bir o qədər sürətlə gedəcək, labüd demokratikləşmə prosesi bir o qədər dinc məcrada davam edəcək.

Düşünün!

Resurslarınızı götürün, keçin xalqın tərəfinə!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button