Aytən Mustafayeva akkadlara görəmi maaş alır?


(AMEA İnsan Hüquqları İnstitutunun bağlanma zərurəti haqqında)
Dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması Azərbaycanda “dövlətin yükü”nü, büdcədən maliyyələşən saysız- hesabsız qurumlara ehtiyacı yenidən nəzərdən keçirməyə zərurət yaradıb. Post-neft mərhələsi açıq-aşkar və israrla diqtə edir ki, dövlət yığcamlaşsın, struktur islahatları aparılmaqla çevik və effektiv mexanizmlər formalaşsın… Bəli, hər ay  ümumi kisəmizdən milyonlar mənimsəyənlərdən –  “əkəndə və biçəndə” gözümüzə dəyməyib də, “yeyəndə ortaq qardaş”ımıza çevrilənlərdən xilas olmalıyıq!
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə struktur islahatlarının aparılmasının vacibliyindən, bəzi hallarda bir-birini təkrarlayan və səmərəsi hiss olunmayan qurumların ləğv edilməsinin qaçılmazlığından söz açıb. Azərbaycan Prezidenti bu cür qurumların ləğv edilməsi prosesində ictimai nəzarətin yüksək şəkildə təşkil edilməsinə tərəfdar çıxaraq deyib: “İnsanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq”.
Dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi bu kriteriyalara və hədəflərə uyğun olaraq mənim Azərbaycanda ləğv edilməsini  məxsusi arzuladığım bir qurum var – AMEA İnsan hüquqları institutu. Sözü gedən qurumun təkrarçılığı və səmərəsizliyi haqqında öz fikrimi zaman-zaman sosial şəbəkələrdə ortaya qoymuşam, onun ləğv edilməsinin büdcəmiz, elmimiz və cəmiyyətimiz üçün daha faydalı olacağını söyləmişəm. İndi isə hökuməti və AMEA rəhbərliyini bu yöndə konkret addım atmağa səsləmək üçün “ictimai nəzarətçi” missiyası ilə öz arqumentlərimi sistemləşdirmək və konkretləşdirmək istəyirəm.
Prezident Administrasiyasının rəhbəri, görkəmli akademik Ramiz Mehdiyev hələ 2009-cu ildə yazırdı: “AMEA-nın İnsan Hüquqları institutu ölkə rəhbərliyinin siyasi qərarı ilə yaradılmışdır. Nəzərdə tutulurdu ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə bu institut ölkədə vətəndaş cəmiyyətinin bərqərar olması proseslərinin öyrənilməsinə güclü dəstək verəcəkdir. Amma gözlənilənlər olmadı. Hələ indiyədək institutun elmi dəst-xətti bəlli deyildir”.
Müəllif daha sonra sözünə belə davam edir:
“Bu gün ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Bütün bu insanların hüquqları kobudcasına pozulub və bu, əslində insan hüquqlarının kütləvi surətdə pozulması deməkdir. Erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərin hər qarışı, Vətənin şəhid olmuş hər bir övladının ruhu bizdən erməni vəhşiliklərinin aktlaşdırılmasını və təhlilini tələb edir. Əgər sabah beynəlxalq məhkəmə Dağlıq Qarabağ problemi ilə bağlı insan hüquqlarının pozulmasına dair konkret faktlar istəsə, biz buna hazır olmalıyıq. Bir sözlə, institut öz profilinə uyğun işlərlə məşğul olmalıdır”.
Xatırlayıram ki, Hörmətli Ramiz Mehdiyevin sərrast və birmənalı şəkildə səsləndirdiyi bu rəyin yer aldığı “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı geniş məqalə böyük rezonansa səbəb olmuş, akademik çevrələrdə və ölkə ictimaiyyəti arasında aylarla müzakirə edilmişdi. Kifayət qədər böyük həyat və idarəçilik təcrübəsinə malik olan, qələmə aldığı hər yazı ilə pozitiv ictimai-siyasi tendensiyalar  yaradan akademik Ramiz Mehdiyevin  məqaləsi ictimai və humanitar sahədə elmi təqdiqatlar təşkil edən AMEA institutlarına həm də xəbərdarlıq idi. Bu xəbardarlıq həmçinin müvafiq institutların rəhbərlərinin qarşısına öz işində dönüş etmək vəzifəsi qoyurdu. Bəs, AMEA İHİ, konkret olaraq institutun direktoru Aytən Mustafayeva bu xəbərdarlıqdan hansı nəticələr çıxardı? Öz işində dönüş edə bildimi?
Bu suala həmin institutun keçmiş əməkdaşı Azər Həsənli 5 iyun 2014-ci ildə dərc etdirdiyi bir məqalədə belə cavab verir:
“Direktor Aytən Mustafayevanın 2009-cu ilin yazından bəri rəhbərlik etdiyi institutun aparıcı elmi mövzusu bioetika olub. Bioetika elmi təbabətdə yaranan etik müşkülləri araşdıran elmdir. İnsan hüquq və azadlıqları kimi geniş tədqiqat sahəsinə əslində, bioetikanın birbaşa aidiyyəti yoxdur.  Nəticədə institutun fəaliyyətində əsas insan hüquq və azadlıqları mövzusu çox dar çərçivədə yer alıb. Hərçənd indiki inkişaf dövrü üçün məhz insan hüquq və azadlıqları mövzusu xüsusi aktuallıq kəsb edir”.
Doğrudan da, AMEA İHİ-nin internet səhifəsini gözdən keçirdikdə “bioetika”nın bir predmet olaraq önə çıxmış olması belə bir təəssürat yaradır ki, həmin qurum insanların təməl hüquq və azadlıqları ilə bağlı çağdaş dünyanın çağırışlarını eyninə belə almır. Hətta bura bir elmi-tədqiqat müəssisəsi belə deyil, meditasiya və ezoterizm arasında vurnuxan orta əsr zaviyəsidir.
2013-cü ildə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənc Hüquqşünaslar Birliyi” tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində sözügedən institutun direktoru Aytən Mustafayevanın “Bioetika, hüquq və insan hüquqları” adlı kitabı çap olunub. Canımı dişimə tutub həmin 297 səhifəlik nəşri oxumuşam. Çıxardığım ən önəmli nəticə budur: “insan hüquqları” anlayışından əksər superdövlətlərin, beynəlxalq qurumların Azərbaycana qarşı dəyənək kimi istifadə etməyə çalışdığı zaman dilimində bir elmi-tədqiqat institutunun öz əsl görəvini unudaraq “bioetika” sayaq çox sonrakı elmi məsələdən yapışması fəaliyyətn imitasiyası və israfçılıqdır.
Bəli, AMEA İnsan hüquqları institutunun araşdırmalarına, nəşrlərinə, keçirdiyi konfranslara nəzər saldıqda məlum olur ki, bu institutda az qala hər kəs bioetika uzmanıdır. Dövlət büdcəsindən ayrılan vəsaitlərin real araşdırmalar əvəzinə illərlə Aytən Mustafayevanın, Vüqar Məmmədovun və digərlərinin “bioetikanın dərinliklərinə vaqif olması üçün” yönəldiməsi azmış kimi, Gənclər və İdman Nazirliyinin maliyyəsinə də göz dikilməsi əlavə sual, üstəlik, ikrah yaradır.
Başqa bir fakt:
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “Yeni hüquq ədəbiyyatı” layihəsi çərçivəsində 2013-cü ildə Əfsər Sadıqovun müəllifi olduğu “Beynəlxalq enerji hüququ” adlı dərslik çap edib. Həmin kitabın çapını isə İHİ öz xidməti sayaraq illik hesabatına salıb. Ancaq kitabın cildinə baxanda dərhal məlum olur ki, əsərin İHİ-na heç bir dəxli yoxdur. Belə ki, kitabın cildindən Nazirliyin, AGHB və AHK-nın loqoları var. Ayrıca, Əfsər Sadıqov BDU-nun “Beynəlxalq Ümumi Hüquq” kafedrasının dosentidir. Kitabın dərslik kimi dərc edilməsi BDU-nun Hüquq fakültəsinin Elmi Şurasının qərarı olub.  Hörmətli Əfsər müəllimlə bir işimiz yox, alimdir, zəhmət çəkib, kitab yazıb, təbrikə layiqdir. Sual isə ondan ibarətdir ki, İHİ işıq üzü görməsində heç bir rol oynamadığı bir kitabın nəşrini “öz xidməti” kimi göstərməklə elmi ictimaiyyəti və dövləti aldatmırmı?
Buyurun, adı çəkilən institutun 2014-cü ildə Aytən Mustafayevanın “rəhbərliyi və elmi redaktorluğu” ilə nəşr etdirdiyi “Elmi məqalələr toplusu”na da nəzər salaq.
Həmin topluda, palliativ kömək və hospislə bağlı olanı saymasaq, bioetikaya daha iki məqalə həsr olunub. Dedik axı, AMEA İnsan hüquqları institutunda az qala hər kəs bu mövzunun bilicisidir. Zira həmin topluda AMEA İnsan hüquqları institutunun başlıca missiyasına tam uyğun şəkildə yazılmış məqalə tapmaq müşkül məsələdir. Təsəvvür edin, jurnaldakı ilk məqalə “Erməni diasporunun müasir Ermənistanın dövlət siyasətinin formalaşmasında rolu” adlanır. Gerçəkdən əla, maraqlı mövzudur. Amma…  bu məqalədə müasir Ermənistandan, erməni diasporlarından və onların Ermənistanın dövlət siyasətinə təsirindən bəhs edən, ümumi sözçülükdən uzaq bircə abzas tapmaq mümkün deyil.
Topludakı məqalələri oxuduqca belə təəssürat yaranır ki, AMEA-nın digər institutlarında, müxtəlif universitetlərdə özünə yer tapa bilməyən, yaxud “əlavə iş yeri” axtaranların hamısını bir məkana toplayıblar. Əsl sual da elə budur: əgər AMEA-da hüquq, tarix, siyasət, fəlsəfə, hətta biologiya üzrə ən müxtəlif elmi-tədqiqat müəssisələri fəaliyyət göstərirsə, ayrıca “İnsan hüquqları” institutuna nə ehtiyac var?
İnstitutun direktoru Aytən Mustafayeva çoxdan verilmiş müsahibələrinin birində qeyd edir ki, İHİ-nin ştatı 64-nəfərdən ibarətdir. Onların haradasa 45-i elmi ştatdır. İHİ-nun rəsmi saytındakı “Bizim əməkdaşlar” bölməsində Hayfa Universiteti, YUNESKO-nun Bioetika kafedrası, Çin Müasir Beynəlxalq Əlaqələr İnstitutu, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və s. haqqında məlumat verildiyindən həmin ştatları kimlərin, hansı ad, soyad sahiblərinin tutduğu haqqında bilgi əldə etmək mümkün deyil.
Dolayı yollarla dəqiqləşdirəndə, həmin institutun uzmanları arasında maraqlı personalara rast gəlmək mümkündür- dələduzluq ittihamı ilə həbsxanada yatmışlara, Y.Səmədoğlunun “Qətl günü” romanı əsasında filoloji tədqiqat aparmış professora,  bolşeviklərin 1903-1920-ci illərdəki hərbi və döyüş fəaliyyətini incələyərək 28 aprel işğalına haqq qazandıranlara… “Sirkə turşusu ilə kəskin zəhərlənmə zamanı kliniki hallar” bilicisinə…
Amma bütün bunlar belə “Palaemon Adspersus toxumalarından tsiklonukleotidlə əlaqədə olan proteinkinazaların zulal modulyatoru” mövzusunda tədqiqat aparmış birinin adını İHİ-nin fəlsəfə doktoru kimi görəndə keçirəcəyiniz təəccüb yanında nədir ki?
Modern.az saytının 30.09.2014-cü ildə yazdığına görə, Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu Müvəqqəti Dissertasiya Şurasının iclasında Xalid Niyazov “Azərbaycanda siyasi sistemin modernləşməsi şəraitində dövlət informasiya siyasəti” (KİV timsalında) mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Həmin məlumatda “fəlsəfə” deyil, “fəsəfə” yazılıb – amma mən buna bənd olmayaraq etiraf edim ki, dissertasiya ilə tanış deyiləm. Ancaq Xalid Niyazovun 29 aprel 2014-cü ildə Strategiya.az saytında yayınladığı “İnformasiya siyasətinin formalaşmasında və həyata keçirilməsində KİV-in rolu” adlı məqaləni sonacan oxumuşam. Məqalənin 19 nəfərlik ədəbiyyat siyahısında bircə nəfər də olsun Qərb araşdırmaçısının adı yoxdur! Bu, həmin şəxsin nə qədər modern düşüncə sahibi olmasını təxmin etməyə hər halda yetərincə əsas yaradır.
Tarix elmləri doktoru, professor Əli Həsənov “Azərbaycan respublikasinda informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti” adli elmi məqaləsində xatırladır:
“Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi,  dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi…. açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur”.
Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənovun yuxarıda söylədiyindən çıxan çox sadə nəticə budur ki, dövlətimiz öz vətəndaşları üçün informasiyanı əlçatan etməyə, bununla şəffaf və ictimai nəzarətin güclü olduğu bir cəmiyyət formalaşdırmağa can atır.
Görəsən, Xalid Niyazovun dissertasiyasında belə bir suala aydınlıq gətirilibmi ki, nədən İHİ-nin rəsmi saytının ”Nəşrlərin qısa siyahısı” bölümündəki məlumatların ən sonuncusu 2012-ci ilə aiddir?
Xalid Niyazov kimilərindən fərqli olaraq mən soruşuram. Çünki büdcəmizdən elmə ayrılan pulların necə xərcləndiyini maraq edən bütün vətəndaşlarımızın Aytən Mustafayevadan soruşmağa haqqı var:
14 yanvar 2016-cı ildə AMEA İnsan Hüquqları ETİ-nun elmi işçisi Elşad Əlilinin “Qədim Akkad və Türk dilləri arasında bağlar və Akkad dilində türkcənin izləri” adlı elmi-praktik seminar keçirmişiniz.  əsas fəaliyyət istiqaməti “öz elmi-praktiki fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir” deyə müəyyənləşdirilmiş bir institutun bizim eramızdan XXIV- XXII əsr öncə mövcud olmuş akkadlarla nə işi var? Məgər Aytən Mustafayevaya ilin-günün bu vaxtında maaş akkadlara görəmi verilir?
Budur, 05.05.2015-ci ildə AMEA İnsan huquqları institutunun saytında “dolma və dolama” sözlərinin mənşəyi ilə bağlı yazı dərc olunacağı bildirilir.  Hələ də dərc edilməyib. Amma əvəzində maraqlı bir hadisə baş verib. AMEA İnsan hüquqları institutunun direktoru yenidən deputat olduğu halda, parlamentin eyni adlı komitəsində təmsil olunması məsləhət bilinməyib.
Dərinə getməyəcəm. Sadəcə, bir az dərindən düşünsək, bu fakt ona inanmağa tam yetərli olacaq ki, AMEA İnsan hüquqları institutunun qapanması, bu olmazsa, rəhbərinin dəyişdirilməsi reallığın açıq tələbidir!
taleh şahsuvarlı
Taleh Şahsuvarlı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button