Bicıqqa tüpürcəyə dəyməyən otuz il

1454949505_aydin
Aydın Canıyev
Yaxın günlərdə tələbə yoldaşlarımdan birinə kitabımı satmaq  üçün (!?!) rayonlardan birinə getmişdim. Kitaba maya dəyərindən on dəfə çox verdiyi çoxlu puldan da çox iradları, gileyləri, ittihamları daha dəyərliydi. Dediklərinin hamısını bir kənara qoyub bircəsini çatdırıram: “məndən tez-tez tələbə yoldaşlarımı soruşurlar, heç nə deyə bilmirəm. Bu mənim günahım deyil axı mən sizləri şənliklərimdə görə bilmirəm”.
Dəpdəqiq bir ittihamdı və ən azından o baxımdan ki, biz müstəqil olandan, yəni həm 18 yaşından, həm də sərbəst tələbəlik həyatına başlayandan bu yana Bakıda və cümlə Azərbaycanda etdiyimiz hərəkətlərin fərqində “olmamışıq”!
Mənim rayonda yaşayan bir qrup yoldaşım, indi Milli Məclisdə deputat olan, onda tələbəlikdə qardaş dediyim o biri qrup yoldaşım, telekanalların birində rəhbər olan əziz-giramim, baş-ayaq yatdığım üçüncü tələbəlik yoldaşım axı məni şənliyinə necə dəvət etsin ki… el-aləm mənim məcsid pəncərəsini sındırmağıma youtube-də tamaşa edir! Otuz ildi müxalif mövqedən yazıram…
Axı Əvəz Zeynallının, Məmməd Süleymanovun, Hüseynbala Səlimovun, Şahvələd Çobanoğlunun tələbə yoldaşları onları şənliklərinə necə çağırsın?
Sən demə, bizlər etdiklərimizin fərqində “olmamışıq”!
Nəymiş o “fərq”?
Bu otuz ildə istəmişik hər şey yaxşı olsun – özümüzü kahr etmişik, məhrum etmişik, sındırmışıq balalarımızın gözü qabağında evimizə gətirə biləcəyimiz böyük pulları gətirməməklə, onları apara bilib aparmaqdan özümüzü məhrum etdiyimiz uik-endlərdə olmamaqla, mücərrəd bəşəri əxlaq və sivil yaşam prinsiplərini aşılamaqla, real həyata nüfuz edə bilməməklə və üstəlik də bundan yorulmamaqla.
Yola getmədiyimiz həyatı yola verməyə də nəsə bir şeyimiz olmayıb… sadəcə düzgünlük, həqiqət və ədalət davasından başqa.
Fəqət, məni düşündürən daha bir nəsnə oldu: biz təkcə tələbə yoldaşlarımızımı itirdik? Təkcə ev-ailə içində valideyn tənəsini, ailə-uşaq möhnətinimi yaşadıq? İtirdiyimiz sağlamlığımızdan da artıq olmadı ki?
Biz mübarizə yoldaşlarımı qazandıq? Qazandıqlarımız itirdiklərimizi kompensasiya etdimi? Bu həyatı beləmi yaşamaq lazım idi? Ya indi haqq qazandıraqmı döyüş meydanında birgə olduqlarımızı indi özümüzlə üzbəüz səngərdən gördükdə?
Ya bizdən fərqli olaraq, “ağıllı” olan tələbə yoldaşlarımıza haqq qazandıraq? Onlar heç nə itirmədilərmi? Bəs hara getdi onlarda gördüyümüz savadın, istedadın verdiyi qürur? “Bəli, baş üstə”lər üstündən qazanılan da yox, qabaqlarına atılan tulapayılarınamı bağışlayaq onları, yoxsa itdən də səfil günümüzlə müqayisədə onlara da uduzduğumuzu boynumuza alaq? Biz döyüşdüklərimizə uduzduqsa bunun bir adı var heç olmasa, amma axı qürursuzluğun qabağında əyilmiş, sındırılmış, sınmış kütləvi toplumun da sıfıra vurduqlarından olmaq niyə bizi də sındırmalıdı?
Biz əgər bu boyda mübarizədən sonra hətta xəlvətdə, ikilikdə, daldey bir yerdə niyə eşitməyək ki: “bağışlayın, biz sizlər ola bilmədik, Allah sizə yardımçı olsun!” Əvəzində ömrümüzün illərini birgə keçirdiklərimizin şənliklərində qol götürüb oynamaq şansını belə qeyb edək!? Rəvadırmı?
Otuz il vuruşasan və bütün yerlərini itirəsən – evdə, cəmiyyətdə. Halbuki hər şey bu cəmiyyət üçün qurban verilibsə…
Bir tələbə yoldaşım da var – nə Fatıya tuman, nə tumana yamaq bircə cümləsi də yoxdu. Ev də alıb hökümətdən, ad da. O da biz gündədi! Onu da toya çağırmırlar – çünki vəzifəsi imkan vermir o biri tələbə yoldaşlarının şənliklərində olsun!
Elə evi, adı olan milyonlarla insan var. Ancaq jurnalistikanın siyahısında say o qədər də statistik deyil axı. Jurnalistika əlahidddə bir məşğuliyyət. Ən faciəli məqam isə məhz döyüş jurnalistikasında jurnalistika fakültəsinin tələbələri yoxdu! Harda itdilər, harda batdılar?
1985-ci ildə mən natamam on yeddi yaşımda jurnalistika fakültəsinə qəbul olunandan çox az sonra məndən on il böyük qrup yoldaşım Tamxil Ziyəddinoğluna əsas binanın qabağında durub elə beləcə inamla dedim: “Dayı, mən iki nəfərdən utanıram – bir səndən, bir dədəmdən. Bu müəllimləri görəndən sonra dədəmin verəcəyi ev kirayəsi, yemək-içmək pullarına görə dədəmdən, səndən də sənin bu qədər yubanmağına, mənim də bu qədər tez qəbul olunmağıma görə”.
Bəs hara getdi o illərdəki vicdan hissi?
Mən itirmədimsə, mənim kimi, məndən də yaxşı o fakültədə o qədər yaxşı tələbə vardı axı! Doğrudanmı bu həyat o qədər yaxşını uduzdurdu? Axı mənim hesabımla o vicdan mücəssəmələri ilə ən yaxşı həyatı qurmaq olardı!
Doğrudandamı otuz illik yazmaq, yaratmaq, döyüşmək boşuna imiş? Hətta o qədər pis imiş ki, dostlar bizi şənliklərinə çağırmasınlar və günahı bizdə olsun?
Mən çox eqoist adamam həddən artıq səmimi olmağımdan əlavə.
Əyalət təfəkkürlü adamlar dədəmin başının ətini yeyirdilər belə ki, bəs ay Aydın belə, ay Aydın elə. Nəhayət dözmədim dədəmə dedim: “Sən heç nəyə və heç kimin dediyinə fikir vermə. Bircə İlham Əliyev deməsin o Aydın Canıyev var ha… Bax onda sənin də ananı, mənim də anamı… ağlar qoyarlar”.
O fikir dediyimdən bir səkkiz il sonra təsdiqini tapdı! Mən əfv olunanda…
Deməli, heç kimin fikrini nəzərə almaq lazım deyilmiş! Açmasına halım yox.
Deməli, biz o ölkədə yaşayırmışıq ki, cəmi bir insanın fikri dəyərliymiş.
Deməli… tay bundan sonra nə deməli e…
Hamının mənə heyfi gəlir, mənim Məmməd Süleymanova. Hüseynbala Səlimova, Şahvələd Çobanoğluna, Əvəz Zeynallıya.
Deməli bu otuz ildə bu imzaların normal bir ölkəsi olsaydı, çox güclü bir toplumun ideya generatoru ola bilərdilər, çox dəyərli və işıqlı ideyalar həyatda əksini tapardı.
İndi isə… indi faciəlidi: ömrün otuz ili gedib. Otuz ilin üzünə tüpürməyə bicıqqa tüpürcək də çoxdu.
Və faciəlisi də odu ki, hələ bundan sonra da gələcək otuz ilin üzünə də tüpürməyə ağzımız yaşlanmayacaq!
Ən azından ona görə ki, dörd nəfərlə bir yerdə işləməyə sayt, qəzet yoxdusa!
Ən azından ona görə ki, dörd nəfərlə bir yerdə olanda hərənin iddiası bir-birinə qarşı çevrilirsə və… sona qədər yol getmək olmur!
Ən azından ona görə ki otuz ildə əl verib üzünü öpdüklərin sənə sonda bu acını yaşadırsa ki, otuz ildə söydüklərinin gündəyməzini öpmək çıxış yoludur…
Kimin ağzında tüpürcək qaldı? Ki…
YAZIYA SÖZARDI:
Bir gün müdriklərdən biri “xoşbəxtlik nədir” sualına cavab istəyənin əlinə bir qaşığı zeytun yağıyla doldurur verir və şahın qırx otağına tamaşaya göndərir. O şərtlə ki… həm gözəlliyə bax, qayıdanda təsvir elə, həm də qaşıqdan zeytun yağı dağılmasın. Bəli, əzizimiz qırx otağın seyrindən qayıdanda hər otağın gözəlliyindən vəcdə gəldiyini deyir, amma qaşıq boş… İkinci dövrədə qaşıq dolu, amma o sarayın hər hansı otağının hansısa incəliyindən xəbərsiz. Onda müdrik deyir: bax, xoşbəxtlik odur ki, həm sarayın gözəlliyini görəsən, həm də qaşıqdakı zeytunu dağıtmayasan. Çünki sənin olan o bir qaşıq zeytundu.
Demək artıqdı ki, bizlər əlimizdəki qaşıqda bir damcı da zeytun yağı saxlamamışıq.
Finiti de la komedi!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button