Əvəz Zeynallı ilə “Qaynar Qazan”da Kərəm Məmmədov:”Şah Abbas Osmanlı Sultanına “konfederasiya” çağırışı etmişdi”-II hissə

Nadir Şah Suraxanı rayonunun iki məhəlləsini Sabunçuya necə qatdı?

“Şah Abbas məktub göndərir və yazır ki, icazə verin, Kərbəlaya su çəkdirək, xərci bizim, savabı sizin olsun!”

“Qaynar Qazan”da tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov Hətəmoğludur. Oxucu-tamaşaçıların istəyi ilə bu dəfə onunla Azərbaycan tarixinin qaranlıq pərdələrinin arxasında baş verənlərdən danışdıq. Sıradışı bir müsahibə alındı. Tarixin oturuşmuş ehkamlarına qarşı gəlmək asan deyil. Hələ mövzu Azərbaycan tarixi olunca vəziyyət büsbütün dəyişir. Dünən başımızın üstündə olanlar bu gün ayaqlarımızın altındadır.

Hələ tələbə olmağa hazırlanarkən, tarixi imtahanımızın son günlərində Nəsir Ağayev qəfil bir sual verdi mənə: “De görüm, Azərbaycan harada başlayır, harada qurtarır?” Konkret şəkildə dedim: “Bilmirəm.” Nəsir bəy bildi ki, müzakirə olunan versiyaların çoxluğundan demədim cavabı, çünki o dövrün qəribə mühiti vardı. Hərənin bir Azərbaycanı vardı. Hərə Azərbaycanı bir yerdən başladıb bir yerdə sonlandırırdı. Amma yadındadı ki, Nəsir bəy də Azərbaycanı Dəmirqapı Dərbənddən başlatmışdı. Sonu isə Həmədanda qurtarmışdı deyəsən.

İndi Kərəm müəllimlə o məsələ ətrafında dartışdıq. İlk dəfə idi ki, nə istədiyini bilən bir tarixçi ilə tarixi Azərbaycan torpaqlarının sərhədlərini – Azərbaycanın harada başlayıb harada qurtardığını müzakirə masasına yatırmışdıq və mənə çox maraqlı idi.

Bəli, bizim işin özündə tanımadığımız, xırda-para problemlərinin əlində əsir-yesir qalan Azərbaycanımız, erməninin, gürcünün əlində yeyilib işğal olunan Azərbaycanımız, harın məmurların doymayan gözlərinin dərinliklərində itib-batan Azərbaycanımız əslində, çox böyükdür. Bir zamanlar şimalda Dəmirqapı Dərbənddən cənubda Hind okeanına, qərbdə Ərzurum dolayları ilə Qars arasındakı Qara Dərbənddən şərqdə Qəndəhara qədər uzanan nəhəng ərazilərə hakim olmuşuq. Bu torpaqların verdiyi qüdrət bizi Tanrılara qədər ucaldıb. Okeana çıxışımız olub… Dənizlərə hakim olmuşuq…

Kərəm Məmmədovla evində söhbətləşdik. İndi balacalaşmışıq – hamımız qohumuq. Təbii ki, axtarıb hələ qohum da çıxdıq. Bu balaca evdə ilk dəfə Azərbaycan tarixinin 12 dövlətinin bayraqlarını toplayıb Kərəm müəllim. Qədimdən günümüzə. Yadımdadır, Türkiyədə də 16 bayraqlı Türk dövlətlərindən söhbət gedir. Türkiyənin prezidentinin emblemi də 16 ulduzdan ibarətdir. Amma o ulduzların içində Azərbaycanda qurulan dövlətlərdən biri də yoxdur. Kərəm müəllimin gərgin əməyinin nəticəsi olaraq 12 Azərbaycan bayrağını görmək, elə Türkiyənin özünün bildiyi 16 dövlət qədər əzizdir mənə və nə mutlu ki, 28 bayrağı olan bir millətin övladıyam.

“Qaynar Qazan”da bir saat yarım söhbətləşdik. Heç yorulmadıq. Söz sözü, tarix tarixi elə çəkib apardı ki, bir də baxdıq zaman ötüb keçdi. İndi bu dəyərli söhbəti Oxucu-tamaşaçılarımızın ixtiyarına buraxırıq. Əsl qiyməti onlar verəcəklər. Tariximizin isə mənhus və kədərli səhifələri bununla bitmir. Biz hələ tariximizi yenəcə vərəqləməyə başlamışıq…

Əvəz Zeynallı

I hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/?p=30415

kerem5

II hissə

Mənim dilimdən olan biri ilə savaş eləmərəm…

– Hətta tarixi “Möhtəşəm yüz il” filmində Qanuni Sultan Süleymanın dili ilə onu “dürzü” adlandırdılar.

– Nə dərəcədə düzgündür bu? Təhmasibin Qanuni Sultan Süleymanla nə qədər məktubları var. Məktublaşmalarından birində Qanuni Sultan Süleyman yazır ki, mənim atam Səlim xanla, sənin baban xaqan İsmayıl – diqqət edin, atasına xan, İsmayıla  xaqan deyir, nə şah, nə də sultan demir, Allah rəhmət eləsin, düz deyirdi, İsmayıl xaqan idi… Hətta belə bir epizod da var ki, Sultan Səlim deyir, “olmaya bu Qızılbaş yaramaz Əfrasiyabın Turanını dirçəltmək istəyir?” Bu sözləri İsmayılın ünvanına deyib. Səlimin oğlu Süleyman isə İsmayıla “xaqan” deyib – “mənim atam Səlim xanla, sənin baban xaqan İsmayıl daim cəng edərdilər, biz də onların yolu ilə gedək”… Təhmasib də ona cavab məktubu yazır ki, “dilimi dünyaya dəyişmərəm, mənim dilimdən olan biri ilə də savaş eləmərəm…” Amma boğaza yığandan sonra isə, artıq Təhmasib deyir ki, “Yava-yava danışma, sən mərdanəlik və kişilik çadırından uzaqda duran üzüörpəkli qadınsan. Mərdanəlik və kişilik sənlik deyil”.

– Bu məsələlər çox dərindir. Mən bir məsələyə münasibətinizi bilmək istəyirəm. Çaldıran savaşında Şah İsmayılın həyat yoldaşı Taclıbəyim xatunun əsir götürüldüyü haqda yazırlar. Bu, nə dərəcədə həqiqətə uyğundur? İsgəndər Pala “Şah və Sultan” əsərində bu məqama diqqət ayırır.

– Əvəz bəy, bilirsinizmi, bizim çatışmayan cəhətimiz nədir? İsgəndər Pala o dövrdə yaşayıb? O əsəri yazarkən, İsgəndər Pala hansı tarixi mənbələrə əsaslanıb?

– Amma araşdırmaları məncə ciddidir axı. Çox böyük də səs-küyə səbəb oldu.

– Şəxsən mən Səfəvi dövlətinin tarixi ilə bağlı yazılan yazıları araşdırmışam və belə qənaətə gəlmişəm ki, o dövrlə bağlı yazılan şah əsərlərdən biri İsgəndər bəy Münşi-ət-Türkmaninin “Dünyanı bəzəyən Abbasın tarixi” əsəridir. O, birbaşa sarayda yaşamış adamdır. Həsən bəy Rumlunun “Əhsənüt Təvarix”i dünya tərəfindən qəbul edilən klassik əsərdir. Nəhayət, ispanca – sonradan tərcümə olundu – “Oruc bəy Bayat Don Juan”ın əsərləridir. O, Avropada bu cür adla tanınır. Nədən bu tarixi əsərlərin heç birində bu hadisə qələmə alınmadığı halda, dediyiniz adam bunu üzə çıxarıb?

Çaldıran savaşında Taclıbəyim vuruşub, amma əsir düşməyib

– Deyəsən, tarixdə belə bir hadisə olub axı. Çaldıran savaşındaTaclıbəyim vuruşub və sonradan da əsir düşüb.

– Vuruşub, amma əsir düşməyib.

– Yəni deyirsiniz ki, bu haqda yazılanların hamısı yalandır?

– Yalandır. Pis cəhətimiz ondadır ki, bəzən biz mənbələri qoyub, bədii dildə süslənmiş romanları oxuyuruq və ona inanırıq. Çox təəssüf.

– Mənim üçün tarixçi fikri maraqlıdır ki, belə bir hadisə olmayıb.

– Xeyr. Döyüşməyinə döyüşüb, amma əsir düşməyib. Özü də maraqlıdır ki, bəyəm Taclıbəyimi üzdən tanıyanlar var idi?

– İddiaya görə, o, uzun müddət Sultan Səlimin sarayında yaşayıb. Hətta Sultan Səlim də ona şeirlər, qəzəllər yazaraq onu vəsf eləyib.

– Bəyəm onun məhz Taclıbəyim olduğunu sübut edən hansısa tarixi sənəd olub?

Çaldıran döyüşündə Şah İsmayıl necə xilas oldu?

– Olmayıb, amma…

– Faktiki olaraq Şah İsmayıl Sultan Səlimin düşməni idi. Həmin döyüşdə Şah İsmayıl necə xilas oldu? Onun atını vurmuşdular, özü də düşmüşdü. Əsir tuta bilərdilər. Başqa bir döyüşçü, “Şah mənəm!”,- deyib qaçır. Ona görə də həmin dövrdə heç kəs heç kimi üzdən tanımadığı üçün belə bir iddia qaldıra bilməz. O vaxt pasport da yox idi ki, deyələr, üstündə pasportu olub.

– Sonra məlum olub axı.

– Mümkün deyildi.

– Ruslan Məhərrəmli soruşur ki, Şah İsmayılla Sultan Səlim Çaldıran döyüşündən qaça bilərdilərmi, yoxsa təriqətlər onları artıq zəhərləmişdi?

Selim-the-Grim and Shah Ismail

Yavuz Sultan Səlim və Şah İsmayıl

– Niyə təriqətlə zəhərlənməli idilər ki? Belə söhbətlər nəyə əsaslanaraq deyilir? Yaxşı, tutaq ki, Şah İsmayıl rafiz idi, lap kafir idi, dinindən çıxmış adam idi. Digər tarixlərə də baxaq. Həsən padşah Bayandurlu rafiz idi?

– Yox.

– Sünni idi. Qurani Kərimi ilk dəfə təfsiri ilə verən ilk padşah olub Həsən Padşah Bayandurlu. O zaman Sultan Mehmet onunla niyə döyüşürdü? Əgər həqiqətən də təriqət söhbəti var idisə… Tutalım ki, Sultan Səlim Şah İsmayılı tapdaladı keçdi – hərçənd ki, tapdalayıb keçə də bilməzdi, qorxusundan orada 3 gün belə qala bilmədi, geri döndü – bəs  Misir Məmlük sultanlarına qarşı – uzun illər xilafətin müqəddəs əmanətini qoruyub saxlayan bir xalqın, bir dövlətin – onu hətta “Dovlət-ət-Türkiyyə”, yəni Türkiyə dövləti adlandırırdılar – günahı nə idi ki, Sultan Səlim getdi və savaşlarında onları qırdı.

– 1517-ci ildə… Xəlifəliyi götürəndə…

– Bəli. Əgər söhbət təriqətdən gedirdisə, o zaman bunların təriqətləri nə idi ki, Sultan Səlim onları da qılıncdan keçirdi? Axı onlar da əhli-sünnə idilər.

– Məncə heç Osmanlıya sünni, dini dövlət də demək olmaz. Çünki dini dövlətdə 17, 18, 19 qardaşı hakim olan kimi öldürmək kimi bir qayda varmı? Məncə, İslam dinində belə bir qayda yoxdur.

– Sultan Mehmet Fatehdən sonra qoyulan bir qaydadır.

– Yəni bu, İslamdan ciddi şəkildə sapmadır…

– Təbii ki… Qardaş qatili olmaq İslamda böyük günahdır. Yəqin onlar özlərini Adəmlə Həvvanın övladları – Habillə Qabilə bənzədiblər.

– Bəlkə dünya cahangirliyi uğrunda bu addımı atıblar?

– O zaman Təhmasib niyə öz qardaşlarını öldürmədi? Hətta ona qarşı çıxan Əlqas Mirzəni belə sadəcə həbs elədi.

– Çox təəssüf ki, Azərbaycan tarixini biz, övladlarımız istədiyimiz kimi oxuya bilmirik. Amma çox şükür ki, tarixçilərimiz bunu araşdıraraq, üzə çıxarmağa müvəffəq olurlar.

– Bilirsinizmi, mənim ən çox təəssüf elədiyim şey nədir? Elə ki, biz orta əsrlər tarixi haqqında danışırıq, sanki Çaldıran savaşından başqa, bizim tarixdə ayrı bir qayğımız olmayıb. Niyə? Niyə hər zaman bu iki qardaşın savaşdığı dövrü müzakirəyə çıxarırıq? Bəyəm bunların heç dost, qardaş münasibətləri olan vaxtları olmayıb? Bir-birilərinə çox müsbət yazışmaları, yanaşmaları da var. Niyə bugünkü İngiltərə ilə Fransa – tarixən bir-birilərinə yağı kəsilən iki dövlət gəldilər, birdən-birə I Dünya müharibəsində dost oldular?

Fransanın adı alman tayfasındandır, özü roman dillidir, dünyaya da tarixdən ağıl öyrədir

– Almaniya ilə Fransa arasında da müharibələr olub.

– İngiltərə ilə Fransa arasında tarixdə yüzillik müharibələri var. 100 il bunlar bir-birilərinə düşmən olublar, bir-birilərinə qarşı savaşıblar. Onların arasında 30 illik, 7 illik müharibələr də olub, Napaleonun dövründə də bir-birilərini qırıblar. Yəni zaman-zaman onların arasında müharibələr olub. Amma gəldilər, I Dünya müharibəsində müttəfiq oldular. Gözəl qeyd elədiniz Almaniya ilə Fransa arasındakı müharibələri. Tarixən bir-birilərini diddilər. Fransanın tarixi də çox gülməlidir. Ölkənin adı Fransa – France – Frank adlanır və frank da alman tayfasıdır. Dövlətin adı alman tayfasındandır, özü roman dillidir. Dünyaya da tarixdən ağıl öyrədir. Biz də hər zaman Çaldıran savaşının üzərində dayanırıq. İnanın ki, mən bir dəfə oturub bunu hesablayacam ki, Səfəvilərlə Osmanlıların savaşında qırılan əsgərlərin sayı neçə nəfər olub, yüzillik müharibədə ingilislərlə fransızların verdiyi itki nə qədər olub? I və II Dünya müharibələrində almanlarla fransızların verdikləri itkini də hesablayacam. Görək bunların hansının sayı çoxdur? Niyə 1957-ci ildə fransızla alman ağıllandılar, Avropa Birliyi çatısı altında birləşdilər, biz isə orta əsrlərə düşən kimi hökmən Osmanlı ilə Səfəvilərin savaşını xatırlayırıq?

Hələ də Türkiyə filmlərində Azərbaycan şahlarını “dürzü” adlandırırlarsa…

– Kərəm müəllim, hər halda bunun üçün dövlətlərdə müəyyən qərar verməlidirlər ki, bu belə olmasın. Avropa Birliyini dövlətlər yaratdı.

– Dövlətləri ziyalıları yaratdı…

– Təbii ki… Amma mənim də müşahidələrim var. Türkiyədə təhsil almışam, siz də tez-tez ora gedib-gəlmisiniz. İlk olaraq biz ortaq türkcə dedik, yerdə qaldı, ortaq televiziya dedik, olmadı. Yəni demək istədiyim odur ki, bu birliyə sanki qarşı tərəfdən bir cəhd yoxdur. Əgər Türkiyənin istehsal etdiyi böyük tarixi filmlərdə hələ də Azərbaycan şahlarını “dürzü” adlandırırlarsa, hələ də tariximizə təhqiramiz baxışları qalıbsa, İsgəndər Pala da elə-belə yazarlardan deyil, hələ də o səviyyədə yazarlar Azərbaycanın tarixinə o aspektdən yanaşırlarsa, deməli, o zaman dövlətlər arasında müəyyən problemlər var. Bizim bu məsələdə nə problemimiz ola bilər ki?

– Dövlətləri kim yönəldir?

– O zaman nə etməli? Nə etmək olar ki, belə olmasın?

– Yenə də söhbət gəlib çıxır Osmanlıya. Diqqət edin: 36 Osmanlı sultanından neçəsinin anası türk qızı idi?

– Bir, ya da ikisinin…

– İkisinin…

– Qalan digərlərinin anaları erməni, rum, boşnak, xorvat və s., və i. idi.

– Yəhudi..

– Bütün millətlərdən olub, bircə türkdən başqa…

– Sizcə o doğulan uşağın genində təmiz türk qanı olur?

– Təbii ki, qarışıq qan təmiz türk qanı deyil. Devşirməsi, yeniçərisi var.

– Bəs, Sədrəzəmlərin neçəsi türk olub?

– Səhv etmirəmsə, Ağ Şəmsəddindən başqa hamısı başqa millətdən olublar.

– Sadələşdirilmiş dildə deyim – “Möhtəşəm Yüz il” filmini izləyənlər də bilirlər ki, Sultan Süleymanın vəziri İbrahim rumludur, Rüstəm isə xorvatdır.

– Bəli.

İnsan psixologiyasını formalaşdıran iki ünsür: Ana südü və ata qanı

– Onlar türkü sevə bilərlərmi?

– İmkanı yoxdur. Qan o qan deyil.

– Mümkün deyil. Bilirsinizmi, insanda psixologiyanı formalaşdıran iki ünsür var: Ana südü və ata qanı. Südlə qan üst-üstə düşməyəndə çox fərqli bir törəmə yaranır.

– Ona görə biz ananın südünə and içirik?

– Ana südünə and içmək, ən böyük anddır. Hətta divlər belə ana südünə and içərdilər.

Şah İsmayılın süd anaları – İçərişəhər və Borçalı qızlarıdır

Shah_Ismail

Şah İsmayıl

– Maraqlıdır ki, Türkiyə türkləri ana südünə and içmirlər. O təkcə bizdə var. Bilmirəm, siz bunu müşahidə etmisinizmi?

– Bizdə ana südü o qədər müqəddəs tutulub ki, hətta Şah İsmayıla da xüsusi süd anaları süd veriblər, onlar da türk qızları olublar. Şah İsmayılın anasının bir tərəfi Trabzon rumlarından olub. Nənəsi də, anası da… Nənəsi Dəspinə Xatun, əslində Teodoradır. Teodora ilə Həsən padşahdan olan qız – Aləmşahbəyim –  Martadır. Şah İsmayılın anası Marta olsa da, ona südü türk qadınları – İçərişəhər və Borçalı xanımları veriblər.

– Maraqlıdır.

– O zamanlar Ərdəbildə saz dəbdə deyildi, İsmayıl bəs sazı haradan öyrənmişdi?

– Siz müsahibələrinizin birində Şah Abbasın Osmanlı sultanına yazdığı məktublardan danışdınız və qeyd etdiniz ki, o məktubda, “böyük müharibələrə gedəndə, bizə niyə demədiniz?” kimi ifadələr olub. Əslində, bu həmin dövrün konfederativ çağırışıdır.

– Bəli.

– Həm də Şah İsmayılın, Səfəvilərin tarixini oxuduqca, araşdırdıqca, ortaya maraqlı bir məqam çıxır. Sanki səfəvilər barışığa daha çox meylli olublar. Şah İsmayılın özü də məktublar yazıb, dostluq əli uzadıb. Amma sanki o tərəfdən hər zaman aşağılayıcı münasibət görüblər.

– Sizcə, niyə?

– Hər halda özlərini böyükmü görüblər?

Sultan saraylarında məktubları çatdıranlar türk deyildilər!

– Xeyr. Sultan saraylarında məktubları oxuyan və məktubu sultana çatdıran, izah edən adamlar türk deyildilər.

– Onda belə çıxır ki, Osmanlı sarayının özü maraqlı olmayıb ki, səfəvilərlə osmanlılar birləşsinlər.

– Bəli. Təbii ki, iki türkün birləşməsini sarayda istəməyiblər. Bu məqamı çox gözəl tutmusunuz ki, həmişə biz güzəştə meylli olmuşuq. Hətta primitiv bir misal çəkmək istərdim. O zaman Kərbəlaya su çəkdirmək məsələsi vardı. O illərdə Osmanlı Kərbəlanı tutmuşdu. Şah Abbas məktub göndərir və yazır ki, icazə verin, Kərbəlaya su çəkdirək, xərci bizim, savabı sizin olsun. O məktuba Sultanın dilindən cavab yazan adamın isə kökü rumludur, yazır ki, “Biz belə zillətə bais ola biləcək bir şeyə icazə verə bilmərik”…

– Allah… Allah…

– Su çəkmək nə vaxtdan zillət olub? Bilirsinizmi, onlara – Osmanlı sultanlarına ən son cavabı Ağa Məhəmməd Şah Qacar verib. O, məktubla müraciət edərkən bildirib ki, onu qonşu ölkənin şahı olaraq, tanısınlar. Həmin vaxtlarda da Osmanlı ruslara yeni məğlub olmuşdu və ikitərəfli Yassı müqaviləsi bağlamışdılar, təzə müharibə istəmirdilər. O zaman ona dedilər ki, “Əgər Tiflisi tutsan, səni şah kimi tanıyarıq”. 1795-ci ildə Ağa Məhəmməd Xan idi və Tiflisi tutdu. Mövzudan bir qədər kənara çıxaq. Biz 3 ildir may ayında Kürlə Arazın qovuşduğu məkana – Suqovuşana gedirik. Milli Ordu günündə isə Şeyx Cüneydin məzarını ziyarət edirik. Çünki ilk savaşımız idi ki, axıradək döyüşdük. Müvəqqəti məğlubiyyət idi və sonradan da o, zəfər gətirdi. Muğanda – müqəddəs Suqovuşanda şah tacını qoyandan sonra Ağa Məhəmməd Şah Qacarın Osmanlı sultanına məktubu var: “Ey göylərin bəzəyi qardaşım, siz Oğuz xaqanın Gün Xandan törəyən, biz isə Ay Xandan törəyən övladıyıq”. Bilmirəm, Ağa Məhəmməd Şah Qacar hansı şəcərəyə baxmışdısa, özünü Ay Xandan gəlmə hesab edirdi. Həmin məktubda gözəl bir kəlmə işlədir, deyir ki, “Gündüzlər dünyanı nurlandırmağa nə var ki, kişi ona deyirəm ki, İran kimi zülmətdə bərq vursun”. Sözün mahiyyətinə baxın. Günəş adətən gündüzlər olur, yəni Sultana deyir ki, sən gündüzlər dünyanı işıqlandırırsan, kişi ona deyirəm ki, türkün varlığını İran kimi zülmətdə yaşada bilsin. Başa düşə bilmirəm ki, tarixçilərimiz niyə bu məqamı önə çəkmirlər?

Şah Abbasa rus çarlarının yazdığı məktubların hamısı türkcədir

shah abbas

Şah Abbas

Mən müasir dövr tarixini araşdırmamışam. Məsələn, 1907-1909-cu illərdə Qacar hökmdarlarına Avstriya-Macarıstan inperatoru İosifin məktubları var. O məktublar təmiz türkcədir. Əgər İran fars dövləti idisə, o zaman Avstriya-Macarıstan inperatorluğunda bir nəfər savadlı adam yox idi ki, farsca məktub yazaydı? Bizim çox vaxt qınadığımız Şah Abbasa rus çarlarının yazdığı məktubların hamısı türkcədir. Həmin məktublarda bir kəlmə də olsun, ərəb-fars sözü yoxdur. Mənim fikrim var ki, həmin məktubları dərc etdirim. Başa düşülməyəcək də bir şey yoxdur, sadəcə transkripsiyanı dəyişmək lazımdır, oxunmasında problem yoxdur. Məktubun baş hissəsində yazırlar: “Hu hak, ulux padişax, əziz qarındaşım, Xudabəndənin oğlu Abbasa – Mixaylın oğlu Alekseydən xatt”. Bunun tərcüməyə ehtiyacı var?

– Hətta “qarındaş” da “qardaş” sözündən daha irəlidir.

– Bəli. Buna mən necə deyə bilərəm ki, bu, İran dövlətidir?

Azərbaycan məhz Suqovuşanda düyünlənir

suqovushan

– Yeri gəlmişkən, bayaq siz də Suqovuşanla bağlı maraqlı bir məqama toxundunuz. Suqovuşanın bizim tariximizdə çox önəmli yeri var.

– Bilirsinizmi, necədir? Mən də oturub çox fikirləşmişəm ki, niyə Şah Abbas da ora diqqət edib, Nadir şah orada taxta çıxıb?..

– Ağa Məhəmməd Şah Qacar da şahlığı orada qəbul edib…

– Bunu dərk etmək üçün ilk növbədə orada olmaq lazımdır. Yuxarıdan Kür çayı gəlir, aşağıdan da Araz çayı axır. İstər-istəməz Azərbaycanın coğrafiyasını göz önümə gətirdim. Kürdən şimala Şirvandır, düz Dərbəndə qədər… Kürlə Arazın ortası Qara Dərbənddən Suqovuşana qədərki torpaqlardır. Arazdan aşağı Muğan-Təbrizdir. Yəni Azərbaycanın 3 böyük vilayəti – Şirvan, Aran, Muğan burada qovuşur.

– Bərəkət Mərkəzidir…

– Döyünən ürəkdir…

– Bəli.

– Oradan qayıdandan sonra da radius mərkəzini Suqovuşandan tutdum və pərgarla Dərbəndə qədər dairə çəkdim. İnanın, bir ucu Xorasana, digər ucu Qara Dərbəndə qədər gedib çıxır. Aşağıda isə Həmədanı da keçir, Bəsrə körfəzi tərəfə. Deməli, bu kişilər bunu bildikləri üçün Şahlıq tacını orada taxırdılar da… Çünki Azərbaycan məhz Suqovuşanda düyünlənir.

– Ancaq biz oranı əhəmiyyətsiz halda buraxmışıq – palçıq, lığ, baxımsız bir yer kimi…

– Keçən il orada ox da atdıq.

– Təxminən 2011-ci ildə biz də ora getmişdik (https://www.youtube.com/watch?v=lFqdeANSi7o). İnşallah, bu hadisəni ənənə halına gətirmək lazımdır.

12 tarixi bayrağımız var!

DSC09786

– İnşallah, artıq ənənə halına gətirəcəyik. Onu da qeyd edim ki, ora gedəndə Sacilər, Salarilər dövründəki bayrağımız, Səlcuq bayrağı, Azərbaycanın digər dövlət bayraqları ilə gedirik. Kim səlcuqları Azərbaycandan ayırmaq istəyirsə, mən onun qarşısındayam. Niyə? Çünki Səfəvilər faktiki Səlcuqlar İmperatorluğunun varisidir. Səlcuqlarla yanaşı, Atabəylər də eyni bayrağı daşıyırdılar. Elxanilər dövlətinin bayrağı  və s. O bayraqları bir araya gətirdik, maraqlıdır ki, 12 tarixi bayraq alındı – sanki Səfəvilərin “Qızılbaş” şüarına bağlı olaraq, birləşdi və bir bayrağı verdi – müstəqil Azərbaycan dövlətinin bayrağı alındı.

– Sizin müsahibələrinizin birində oxumuşdum, demişdiniz ki, Tükiyədə Topqapı sarayında saxlanılan şahlıq taxtı Şah İsmayılın deyil…

– İsmayılın özünün yazdığına görə, yanına gələn səfirlər ona sual verirlər ki, niyə oturacağının arxası yoxdur? O da cavab verir ki. mən arxamı Allahıma söykəmişəm. Həmin taxta fikir versəniz görərsiniz ki, onun arxası var. Ən azı buna görə, o taxt İsmayılın deyil. Şah İsmayılın oturduğu taxtın söykənəcəyi olmayıb. At belində necə oturubsa, taxtda da elə oturub.

– Deməli, o taxt bizim deyil?

– Təbii ki, bizim deyil. Hətta son versiyalara görə, Nadir Şah onu hədiyyə kimi Osmanlı Sultanına bağışlayıb.

– XX əsrin böyük mütəfəkkirləri Nadir Şahdan yazıblar. Onu da deyənlər var ki, Nadir şahın bizim tariximizdə oynadığı rol, Şah İsmayılın oynadığı roldan böyük oduğuna görə, onlar elə yazıblar. Məsələn, Nəriman Nərimanovun “Nadir şah” əsəridir…

azərbaycan hökmdarları

– Elə bir rus tarixçisi görmüsünüzmü ki, İvan Qroznı ilə I Pyotru müqayisə eləsin?

– Əslində, düzgün də deyil. Hərənin öz dövrü, öz hakimiyyət tarixi var.

– Əlbəttə, düzgün deyil. Bu, bizim bölünmək xislətimizdəndir. Bilirisiniz ki, mənim özüm Sankt-Peterburqda təhsil almışam. Rusiyanın tarixini də çox gözəl bilirəm. Hələ mən bir rus tarixçisi görməmişəm ki, İvan Qroznı ilə I Pyotru, I Pyotrla da I Aleksandrı müqayisə eləsin. Mümkün deyil. Elə bir rus tarixçisi görməmişəm ki, Romanovlarla II Yekaterina haqqında ağzına gələn hərzə-mərzə şeylər danışa… Amma bizimkilər – elələrinə “bizimkilər” deməyə dilim də gəlmir – nələr danışmırlar? Hökmdar müzakirə edilməz. Bir daha deyirəm, hökmdar müzakirə edilməz. Hökmdarın gördüyü pis-yaxşı işlər tarixə yazılar.

Alban katalikosu ilə Xəzər Şadı tərcüməsiz danışırlarsa və bir-birilərinə “biz qardaşıq” deyirlərsə…

– Elmar Həsənli bir sual göndərib. Yazır: “Dəyərli alim, çox hörmət etdiyim ziyalı Kərəm müəllimə aşağıdakı sualları ünvanlamaq istəyirəm: 1. Alban hökmdarı Cavanşirin Sabir türklərilə bağlılığı varmı? 2. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin adlarını elmi ədəbiyyatda Qara Hunlu, Ağ Hunlu kimi işlətmək doğrudurmu? 3. “Borçalını Nadir Şah bağışlayıb”,- fikrini bildiyim qədər Liviyatov yazıb. Bu haqda digər əcnəbi tarixçilər də nəsə yazıblarmı? 4. “Avesta” farslara, yoxsa türklərə aiddir? 5. Kərəm müəllim Azərbaycan türklərinin tarixini yazırmı?”

– Bilirsinizmi, “Alban” məsələsi məni çox düşündürüb. Nə mənada? Qəribədir ki, Herodot “Albaniya” deyilən ərazi tanımır. Strabonda və bəzi latın mənbələrində var. Amma yunan mənbələrində buna rast gəlmək olmur. Əksinə, yunan mənbələrində daha çox Panpanella, Dianisibeydir, onlarda daha çox bu ərazilər “Hun” və “hunlar” olaraq işlənir. Amma latın mənbələrində nədənsə, daha çox “Alban” olaraq işlənilir. “Alban” sözünün özünü də filoloqlar o qədər çox mənalara yozublar ki! Tək türk dilindən başqa. Axı dilimizdə “alpan” sözü var. Açığı, albanların tarixi ilə yerli sayılan və ən möhtəşəm əsərlərdən biri olan Musa Kalankatlının “Alban tarixi”nə müraciət elədim. Onun daha yaxşı variantı 1861-ci ildə Batkanovun tərcüməsi bir az orijinala yaxındır. Nəyə görə? Çünki orada bəzi epizodlara rast gəldim, hansını ki, müəllif tərcümə edə bilməyib. Onlardan biri “çöpçü” sözüdür. İzahını yazarkən altında qeyd edir ki, ola bilsin, bu türk sözüdür, “türkəçarə” mənasını verir. Orada gözəl bir epizod da var. 628-629-cu illərdə türklərin Mədaini tutması və geri qayıdarkən Albaniyada düşərgə salması. Deməli, orada Alban katalikosu ilə, Xəzər Şadının söhbəti var. Deyir, “sən sir-sifətindən mənim babama çox bənzəyirsən. Biz qardaşıq”. Diqqət edin ki, bunlar tərcüməçisiz danışırlar. Əgər Alban katalikosu ilə Xəzər Şadı tərcüməsiz danışırlarsa və bir-birilərinə “biz qardaşıq” deyirlərsə, bu hadisədən sonra bütün əsir tutulan albanları əsirlərin arasından seçib, azadlığa buraxırsa, bunun etnik mənşəyini araşdırmaq üçün məncə, daha dərinə getməyə ehtiyac yoxdur. Buna “Qafqaz dilli” deyənlər də var… Təkcə Azərbaycanın özündə neçə dialektdə danışan var? Quba dialekti varmı?

– Var.

– Şəki?

– Gəncə.

– Strabon özü bu ərazidə bir dəfə olmaya-olmaya nə cür həqiqəti yaza bilərdi? O da eşitdiklərini yazıb. Bu cür şeylərin açarı antropologiya elmindədir. Antropologiya elmi sübut edir ki, bugünkü Azərbaycanda yaşayan Azərbaycan türkləri ilə 6-8 min il bundan əvvəl burada yaşayan insanlar arasında antropoloji fərq yoxdur. Baş indeksi eyni olaraq qalır. O zaman dil necə dəyişə bilər? Digər tərəfdən də iddia edirlər ki, türklər vəhşi idilər, mədəniyyətləri yox idi və s. Mədəniyyəti olmayan bir xalqın dili necə ola bilər? Özü də ən pisi odur ki, bunu səlcuqlara bağlayırlar ki, guya səlcuqlar gəlib, dili dəyişiblər. Səlcuqların sarayında saray dili fars dili idisə, o zaman onun hansı marağı var idi ki, sıravi əhalinin türkcə danışmasını məcbur edəydi. Bilirsinizmi, bunda məntiq yoxdur. Ancaq söhbət qədim dövrə gedəndə, qutilər, lullubilər, şumerlər iqtisadi dil sistemində danışıblar. Dünya xalqlarında da cəmi 4 formada dillər var: Aqlutinativ sistem, flektiv sistem, inkorpasiya edən sistem və köklü sistem. Köklü sistem mixi yazılarla işləyən bugünkü Çin dilidir. Bir işarə bir söz və ya cümləni ifadə edir. İnkorpasiya edən dillər, məsələn, sınıq cəm formasından düzəldilən dillərdir. Məsələn, ərəb dilidir, 33 babı bildinsə, yetərlidir. Yəni bu ikisi bir-birinə çox yaxın gəlir. Flektiv, yəni söz önü, cinsləri olan Hind-Avropa dilləridir. Aqlutinativ bizim dilimizdir. Yaxşı əgər bunu qəbul edirlərsə, bir cümlə yazsınlar ki, hazırda qutilərin, lullubilərin və yaxud elamlıların dilləri aqlutinativ dildir və hazırda bu dili filan xalq yaşadır. Yəni onu demirəm ki, mənimlə onun arasına eyniyyət işarəsi qoyulsun ki, qutilər mən necə danışıram, tam olaraq o cür danışır. Təbii ki, elə danışmırdı. Ancaq “Orxon-Yenisey” yazılarını bəzən biz tərcüməsiz başa düşmürük. Elə deyilmi?

Cavanşir sabir türklərindəndir

cavanshir

Cavanşir

– Bəli.

– Dil elə bir şeydir ki, o daim inkişaf edir. Heç olmasa bunun layiq olduğu haqqını verin.

– Yəni Cavanşirin sabir türkləri ilə bağlılığı var?

– Var, bəli. Nuşirəvan dövründə xeyli sabir türkünü köçürmüşdülər. Köçürmüşdülər demək də düzgün deyil, adamlar öz qılıncları ilə bu torpaqları qazanmışdılar.

– Fəth eləmişdilər…

– Bəli. Həm də “qazanmışdılar” deyəndə, ona diqqət etmək lazımdır ki, onlar öz dədə-babalarının, köhnə əqrəbalarının yerinə qayıtmışdılar. Çünki Herodot hələ o dövrdə yazırdı ki, Midiya ilə İveriya arasında sapirlər yaşayıblar. Elə həmin sabirlərdir də bunlar.

Nadir gürcülərə torpaq verməyib

– Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin Qarahunlu və Ağhunlu olaraq adlandırılması…

244

– Mən ümumiyyətlə, o cür dövlətlərin Qaraqoyunlu, Ağqoyunlu, Qarahunlu və Ağhunlu olaraq adlandırılımasının əleyhinəyəm.

– Bəs əslində necə olmalıdır?

– Baharlı sülaləsi tərəfindən idarə edilən Azərbaycan dövləti. Bu qədər. Mən dəfələrlə bu fikri elə televiziya ekranlarından da səsləndirmişəm. “Hun” sözü çincə 3-4 heroqliflə yazılır. Bir heroqliflə oxuyanda mənası “kamanyeyənlər” deməkdir – o mənada yox ki, götürüb, yesinlər. Qərb zonasında hələ də o mənada sözlər işlədilir, məsələn, “zalım oğlu, az qalırdı sazı yesin”, yəni mahir saz, mahir kaman ustası, “mahir oxatanlar” mənasını verir. Həm də “qoyunsaxlayanlar” mənasını verir. O cümlədən “irigözlü” mənasını da verir. Axı, çinlərin gözləri qıyıqdır. Hunluların gözləri isə qıyıq olmayıb, əksinə irigözlü olublar. Hunlular ümumiyyətlə, monqoloid irqinə aid olmayıblar.

– Borçalı məsələsi…

– Birincisi, Nadir gürcülərə torpaq verməyib. Nadirin dövründə var idi – Səfəvi dövlətinin Tiflis valiliyi. O dövrdə Gürcüstan adında dövlət yox idi. Özü də tək Borçalı deyildi. Bura həmçinin Qazax, Şəmşəddil və Borçalı elatları verilir İslamı qəbul etmiş Teymurazın idarəçiliyinə. Bu şərtlə ki, Teymurazın özünə Ağcaqalada oturan Borçalı Sultanı nəzarət etməli idi. O zaman Nadir hansı torpaqları verib?

Nadir Şah Suraxanı rayonunun iki məhəlləsini Sabunçuya necə qatdı?

– Bu da Muğan qurultayındakı səsverməyə görə olub. Ziyadoğulları ona səs verməyib, o da əsəbiləşib…

– Amma sonradan həmin Ziyadoğlu ilə… Bu Mirzə Adıgözəl bəydən gələn ziyanlı bir fikirdir, o Mirzə Adıgözəlli ki, mayor Lisaneviçin yanında xidmət edib, həmin mayor Lisaneviç ki, həm Cavad xanı qətlə yetirib, həm də İbrahim xanı. Gürcü kim idi ki, Nadir ona torpaq verəydi? Bəyəm gürcünün özünün dövləti var idi ki, Nadir də ona torpaq verə? O torpaqların hamısı Nadirin idi.

– Belə demək olarmı ki, indiki dövrdə regionların icra başçısını dəyişmək kimi bir şey olub?

– Bəli. Elə bil, Suraxanı rayonunun iki məhəlləsini Sabunçu rayonuna qatıblar. Bu deməkdir ki, gürcülərə torpaq verib? Bu ifadə düzgün deyil axı… Bəzən bilirsinizmi, bizim tarixlə maraqlanan soydaşlarımızın səhvi nədədir? O dövrün tarixi hadisələrini bu günə oturtmaq istəyirlər. O da yanlış bir şeydir.

– Bəs, “Avesta” məsələsinə münasibətiniz? “Avesta” çox dərin mövzudur, amma mən istərdim ki, qısa olaraq buna da aydınlıq gətirəsiniz.

– “Avesta”nın əsli bizim dövrümüzə gəlib çatmayıb. Əslini Makedoniyalı İsgəndər yandırıb. İkincisi, bu gün “Qurani-Kərim”də “surə”lər və “ayə”lər deyirlər, “Avesta”da isə “qat” gedir. “Qat” sözü hind-avropa dillərində heç bir məna ifadə etmir. İstər-istəməz bu mənbəyə müraciət edilir. Deyir ki, “”Avesta” 12 min inək dərisinə yazılmışdı”. İnək dərilərini bir-birinin üzərinə yığanda nə yaranır? Əlbəttə qat – I qat, II qat, III qat və s. yaranır. “Qat” sözü də tək bizim dilə aiddir. Bizim dildə bu sözün mənası var.

– Belə çıxır ki, “Avesta” qədim türklərindir?

– Onu yenə də müəyyən etmək mümkün deyil. Bilirsinizmi, nəyə görə? Bərpa edilmiş “Avesta” fars dilindən yığılmış şeydir. Belə deyək, “Koroğlu” dastanını bir gürcü danışsın, sonradan kimsə də onu qələmə alsın. O dastanın hansı millətə məxsus olduğunu sübut etmək mümkündürmü? Təbii  ki, mümkün deyil.

– Elvin Cavadzadə daha bir sual verir: Tarixi oxuyanda gah gürcülərə düşmən olurduq, gah ruslara, gah da digərlərinə… Kərəm müəllim necə düşünür, tarixi hadisələrə görə, millətlərə, xüsusən də onların yeni nəsillərinə nifrət etməliyikmi? Bu yoldan çıxsaq, ermənilərə düşmən olaraq bütünlükdə nifrət etməliyikmi? Bəs əksinə, onların bizə qarşı normal olan qismi ilə münasibətlər maraqlarımıza daha çox cavab verirmi?

II hissənin sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button