Sahib Məmmədov Azərbaycan hakimiyyətinə qarşı – Avropa Məhkəməsində – ÖZƏL

Sahib Məmmədov Azərbaycan hakimiyyətinə qarşı - Avropa Məhkəməsində - ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun 2007-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlanılıb.

Xural.com arqument.az-a istinadən xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsinin saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (Sahib Məmmədov həmin birliyin nümayəndəsidir) 21 aprel 2008-də Avropa Məhkəməsinə müraciət edib.
Müraciətçi (yəni adı çəkilən qeyri-hökümət təşkilatı) bildirib ki, 30 may 2007-də, saat 12-00-dan 12:30-adək Bakıda, Sabir parkında aksiya keçirmək istəyib. O, bununla bağlı mayın 23-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, yığıncağın vaxtı və yeri barədə məlumat verib.
Məlumatda deyilir ki, müraciətçi aksiyanın dinc məqsəd daşıdığını vurğulayıb. Belə ki, aksiyanın məqsədi ifadə azadlığının qorunmasını və Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrin ( böhtan və şərin cinayət hesab olunduğu maddələrin) dekriminalizasiyasını tələb etmək  olub.
Ancaq hakimiyyət sərbəst toplaşmaq azadlığı pozaraq, aksiyanın baş tutmasına şərait yaratmayıb. Belə ki, icra hakimiyyəti 29 may 2007-ci il tarixli məktubu ilə aksiyaya icazə verilmədiyini bildirib.
Səbəb olaraq da aksiyanın keçirələcəyi yerin bir neçə ictimai binaya yaxın olduğu, “Sərbəst toplaşma azadlığı haqqında” Qanunda qeyd olunduğu kimi, icra, qanunvericilik və məhkəmə binalarının 300 metrlik radiusunda aksiyaların keçirilməsinə icazə verilmədiyi vurğulanıb.
Aksiya baş tutmadığından şikayətçi 30 may 2007-də  Səbail Rayon Məhkəməsinə müraciət edib. Lakin Səbail Rayon Məhkəməsi 12 iyun 2007-də keçirilmiş iclasında şikayəti təmin etməyib.
28 avqust 2007-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 27 noyabr 2007-ci ildə Ali Məhkəmədə Kassasiya işinə baxırlıb və eyni qərar çıxarılıb. Yəni bütün məhkəmə instansiyalarının qərarı bu olub ki, İcra Hakimiyyətini məhkəməyə vermək üçün sübutlar yetərsizdir.
Bundan sonra Məmmədov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Hazırda iş üzrə kommunikasiya gedir.
Onu da qeyd edək ki, Sahib Məmmədovun işi ilə yanaşı, Müsavat Partiyasından Mustafa Hacıbəylinin, Gülağa Aslanınlının, Tofiq Yaqublunun, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manafovun və REAL Hərəkatından Hafiz Babalının, Rifah Hərəkatından Hüseyn Məlikin, həmçinin Rafiq Daşdəmirov, Cahangir İsmayılov, Vüqar İsmayılov, Fəxrəddin Allahverdiyevin də işi üzrə kommunikasiya başlanılıb.
Xatırladaq ki, Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədridir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button