|

Azərbaycanın I qüdrətli ailəsi!

Rusca azərbaycancadan yaxşı danışan ailə…

WikiLeaks: Azərbaycanda kimin nəyi var? Birinci Ledinin ailəsi

27 yanvar, 2010, 13:10

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

1. Giriş

Bu teleqram Azərbaycanda həm siyasi, həm də iqtisadi baxımdan ən güclü ailələr barədə birincisidir. Bu girişdə biz birinci ledi Mehriban Əliyeva (Mehriban Paşayeva) və onun əmisi, Azərbaycanın ABŞ-da keçmiş səfiri, hazırda xarici işlər nazirinin müavini Hafiz Paşayev barədə danışırıq. Mehriban Əliyeva təkcə Prezidentin xanımı deyil, həm də parlament üzvüdür. XXXXXXXXX Paşayevlər ailəsinin digər üzvləri hökumətdə və akademiyada güclü mövqelər tutur, enerji sektorundan kənarda güclü biznes qrupları ilə əlaqələri var. Məlumatlara görə, Paşayevlər Bakının sürətlə genişlənən tikinti/daşınmaz əmlak bazarını idarə edir, maliyyə, telekommunikasiya sektorlarında sərmayələri var. Girişin sonu.

AZƏRBAYCANDA ORTA ƏSRLƏR FEODALİZMİ

2. Bakıdakı müşahidəçilər qeyd edirlər ki, Azərbaycan Orta Əsrlərdə Avropadakı feodalizmə oxşar üsulla idarə olunur: bir ovuc yaxşı əlaqəli ailə müəyyən coğrafi əraziləri, həmçinin iqtisadiyyatın müəyyən sahələrini idarə edir. Görünür, aparıcı ailələr arasında ümumi razılaşma var ki, gəlirləri bölüşdürsünlər və bir-birinin biznes və coğrafi nəzarət zonalarına müdaxilə etməsinlər. Bu ailələr həmçinin hökumət mexanizmlərindən istifadə edərək xarici rəqiblərini də bazara buraxmırlar. Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük və Vergi idarələri elə maneələr yaradırlar ki, yalnız ən yaxşı əlaqələri olanlar onları aşa bilər. Nəticədə neft və qaz gəlirləri hesabına çiçəklənən iqtisadiyyat kiçik bir qrup oyunçular üçün imkanlar və sərvət yaradır, bu oyunçular da Azərbaycan elitasını formalaşdırır. Bu silsilədə onların biznesləri, idarə etdikləri regionlar, əllərində saxladıqları nazirliklər təsvir olunacaq.

3. Bioqrafik qeyd: Rus ənənələrinə sadiq qalaraq, azərbaycanlıların çoxu hələ də slavyan mənşəli soyadlarını saxlayıblar. Soyadın son hərfi həmin şəxsin cinsini göstərir. Məsələn: Paşayev (kişi)- Paşayeva (qadın)

Mehribanın Heydər Əliyev Fondu

4. Birinci ledi Mehriban Əliyeva şübhəsiz, bu klanın ən məşhur üzvüdür. O, xeyli vəzifə daşıyır və xeyli titulları var. Həm prezidentin xanımı, həm də Heydər Əliyev Fondunun prezidentidir. Özünü humanitar təşkilat adlandıran bu fond məktəblər, xəstəxanalar, gənclər mərkəzləri tikir, digər layihələr həyata keçirir. Bu layihələr nəticəsində Birinci Ledinin xoş niyyətini reklam edən fotolar ortaya çıxır, o, yeni məktəblərdə, mədəniyyət mərkəzlərində qırmızı lentləri kəsir. XXXXXXXXX

5. Əliyeva Parlamentin üzvü, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. Parlament jurnalistləri onu “2009-cu ildə qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş ən fəal deputat” elan ediblər. Ötən il parlamentin demək olar ki, bütün iclaslarında iştirak etmiş səfirlik işçiləri onu heç vaxt Parlamentdə görməyiblər. Parlament Prezident Aparatından kənar, müstəqil fəaliyyət göstərmir. 2008-ci ildə Konqres üzvlərini qəbul edəndə, Əliyeva siyasi məsələlərdən az məlumatlı görünürdü. Ancaq Heydər Əliyev Fondu barədə suallara ətraflı cavab verə bilirdi.

Akademiklər və başqaları

6. Digər tanınmış Paşayevlərə Birinci Ledinin bacısı Nərgiz Paşayeva daxildir, o, Moskva Dövlət Universitetinin Azərbaycan filialını idarə edir; Birinci Ledinin atası Arif Paşayev Milli Aviasiya Akademiyasının rəhbəridir; Birinci ledinin əmisi Hafiz Paşayev xarici işlər nazirinin müavini və Azərbaycan Diplomatik Akademiyasının direktorudur. Hafiz Paşayev 13 il Azərbaycanın ABŞ-dakı səfiri kimi çalışıb. Hazırda isə o, vaxtının çoxunu Diplomatik Akademiyaya sərf edir, Bakının mərkəzində akademiya üçün yeni qərargah tikilir (NFATC Arlington-a oxşar olaraq). Rusca azərbaycancadan yaxşı danışan ailə bütünlükdə Azərbaycanda ən güclü ailə sayılır.

7. Paşayevlər ailəsinin güc mərkəzi Bakı sayılır. Mehriban Əliyevanın valideynləri burada və Abşeron yarımadasında doğulub. Əliyeva parlamentə Heydər Əliyev aeroportunu əhatə edən dairədən seçilib. Əliyeva həmçinin öz dairəsində xüsusi dizaynlı Şüvəlan ticarət mərkəzini tikdirib ki, bu bina ərazidəki dağınıq evlərin arasında ucalır. Bu ailənin Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə, Təhsil Nazirliklərinə nəzarət etdiyi bildirilir. Çünki bu qurumlar Birinci Ledinin ənənəvi maraq sahələrinə aiddir. Bu baxımdan, Paşayevlər Bakıda muzey və başqa mədəniyyət obyektlərinin tikintisində fəallıq göstərib. Xəzərin sahilində Guggenheim muzeyinin filialının açmağa da cəhd göstərilib. Mehriban Əliyevanın müasir incəsənət əsərlərindən ibarət kolleksiya əsasında Bakı Müasir İncəsənət Muzeyi ötən payız açılıb. Muzeyin dizayneri, yerli rəssam Altay Sadıxzadə Nərgiz Paşayevanın əridir. Muzeyin tikintisinə pul əsirgəməyiblər. Muzeydə sovet dövrü Azərbaycan rəssamlarının, o cümlədən Altayın əsərləri toplanıb. Mehriban, Nərgiz və Arifin Altay tərəfindən çəkilən portretləri qalereyalarda çox nümayiş olunur.

Böyük imperiya

8. Paşayevlər ailəsi “Paşa Holdinq”i idarə edir. Bu holdinqə “Paşa Bank”, “Paşa Sığorta”, “Paşa Construction” və “Paşa Travel” daxildir. Lider TV və “Nərgiz kosmetika” firması da ailəyə məxsusdur. Ailənin Azərbaycanda əsas on banka nəzarət etdiyi deyilir. Bunlara “Bank Standard”, “Kapital Bank” və yeni “Paşa Bank” daxildir. 2009-cu ilin noyabrında “Paşa Holding” Bakıda ilk dəfə olaraq Bentley agentliyini açıb.

9. Nar Mobile-ın (rəsmi olaraq Azərfon kimi qeydiyyatdan keçib) da ailəyə bağlı olduğu bildirilir. Belə bir fərziyyə də var ki, şirkətin adı meyvə anlayışı yaratmaqla həm də Birinci Ledinin bacısı Nərgizin adının ilk üç hərfini göstərir. XXXXXXXXXXXX.

10. XXXXXXXXXXXX


Birinci Ledi həm də dəblə ayaqlaşır

11. Paşayevlər ailəsinin qadınları dəblə ayaqlaşır və müsəlman Azərbaycanının qadınları ilə müqayisədə bu yöndə cəsarətlidirlər. Onun geyimi hətta Qərb dünyası üçün diqqətçəkən görünür. Birinci ledi Mehriban Əliyevanın xaricdə kifayət qədər kosmetik əməliyyat apardığı görünür. Televiziyada və şəkillərdə o, üz ifadəsini tam idarə edə, dəyişə bilmir. 2008-ci ildə Birinci Ledi və iki qızı ABŞ-ın İkinci Ledisi Lynne Cheney-ni nahara dəvət edib. Hər üçü xanım Cheney-nin maşınını gözlərkən, Mühafizə Xidmətinin bir agenti soruşub “bunlardan hansı anadır?” Embofflar və Ağ Evin işçiləri xanımlara bir neçə dəqiqə baxıblar. Emboff deyib: “Məntiqlə baxanda, ana ortada dayanmalıdır.”

Qeyd: Paşayevlərlə danışmağa dəyər

12. İstənilən halda Paşayevlər Azərbaycanda hesablaşmalı ailədir. Birinci Ledi Mehriban Əliyeva bir neçə dəfə, ya əri ilə, ya da tək Birləşmiş Ştatlara səfər edib. Amerika-Azərbaycan Ticarət Palatası və digər təşkilatların tədbirlərində ulduz qonaq olub. Vaşinqtonda yaxşı tanınan Hafiz Paşayev Bakıdakı Amerika səfirliyi və Azərbaycana səfər edən rəsmi amerikalılar arasında mühüm vasitəçi olub. O, heç də həmişə bizim istədiyimizi deməyib – məsələn, həbsdə olan bloqqerlərin məsələsini – ancaq bizə həvəslə qulaq asıb və o mesajları olduğu kimi çatdırıb.

Qeydin sonu.

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

İlham Əliyev və ailəsi

Mehriban Əliyeva

Mehriban Əliyeva qızı Leyla Əliyeva ilə

Mehriban Əliyeva qızları Arzu və Leyla ilə

Arıf Paşayev

Hafız Paşayev

Oxunma sayı: 2854

Qısa URL: http://www.xural.com/?p=501

Göndərən: 20 Dek 2010. Bölmə XuralTAC. Siz bu yazıya verilən şərhləri izləyə bilərsiniz: RSS 2.0. Siz bu göndəriş üçün şərh və ya geriizləmə yaza bilərsiniz.

Şərh yazın

120x600 ad code [Inner pages]

Xəbər xətti

Ən yeni şərhlər

  • Şəkər: EY BÖYÜK İNSAN! Rəbbim sizden razı olsin. Bu yaşınızda bütün çetinlikleri göze alaraq Ulu Onder...
  • Faiq Balabəyli: Çox sağ olun Sahil bəy!
  • Samira_doktor: Olar kasibdannalib varliya yox,varlifan alib kasiba veriler…
  • Samira_doktor: Robert Osman ve diqerleri olmasa bu seher pis qune qalar
  • MAQA: BELE KANAL YANI VAR KEMALE NE VAXTDAN DIKTATOR BILMIRIK ZEHLEM GEDIR SUVENE OXSAYIR

Ən çox oxunanlar

Sayğac



1-CI.BIZ Reytinq Sistemi

free counters