QUQUŞ faciəsi

Yaradıcı qurban…

 Bəlkə də yazının adı hansısa Oxucuda təəssüf, hansısa Oxucuda qəzəb yarada bilər! Məqsədimiz nə vaxtsa bir çoxu üçün əlçatmaz olan, sözün həqiqi mənasında ULDUZ (seçdirmə bizimdir) kimi parlayan, amma müəyyən bir dövr keçəndən sonra nəyinsə QURBANI olan yaradıcı insanları Sizə daha yaxından tanıtmaqdır! Dərhal mətləbə keçək…

Məsələ burasındadır ki, yazının qəhrəmanı doğrudan da faicəvi aqibətlə üzləşən ulduzdur!

 Qısa haşiyə…

 Ququş 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Onun azərbaycanlı valideynləri əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçmüşlər. Əsl adı Faiqə Atəşin olan qızcığaz o qədər gözəl olub ki, Tehranda qonşuluqda yaşayan ermənilər onu Qu quşuna bənzədib. Sonradan isə bu bənzətmə müğənninin səhnə adına çevrilib. Təlxək artist olan atası Sabir azyaşlı qızını tez-tez özü ilə səyyar səhnələrə çıxarıb, ona mahnılar oxutdurub. Gələcəkdə isə Ququş şah sarayında təşkil edilən məclislərdə çıxış edəcəkdi…

Ququş hələ uşaq ikən valideynləri bir-birindən ayrılır. 70-ci illər İranının parlaq aktrisası filmə ilk dəfə 7 yaşı olanda çəkilib.  

 

Dəb rəmzi…

 

Qərb sivilizasiyasının hökm sürdüyü şahlıq İranında “bəxt quşu” Ququşun başına 1971-ci ildə qonur. Həmin il 21 yaşlı Ququş Fransanın Kann şəhərində təşkil edilən ənənəvi festivalda fransızca ifa etdiyi “Retour de la vie” və “J`entends crier je t`aime” mahnılarına görə birinci yeri tutur. Qələbə ilə Tehrana qayıdan gənc müğənniyə tələbat gözlənilməz dərəcədə artır. Ququş artıq çıxış edəcəyi səhnələr arasında seçim etməyə başlayır.

Nəinki sıravi qızlar-qadınlar, həm də müğənni-aktrisalar Ququşun stilində geyinməyə çalışır, onun jestlərini təkrarlayırdılar. Şahın bütün məclislərində çıxış edən Ququşun qonorarı artıqca müğənni şöhrətin zirvəsinə ucalırdı. Bir-birinin ardınca filmlərdə baş rollarda oynamaq təklifləri gəlir, Ququş isə rejissorlara öz qrafikinə uyğun olarsa, çəkilə biləcəyini deyirdi. Dözülməz kaprizləri ilə bəzən yaxın ətrafını belə bezdirən Ququş 70-ci illər İranında ən bahalı müğənni və aktrisası kimi tarixə düşdü.

 

Ehtiras nümunəsi…

 

Tehran və digər şəhərlərdəki kinoteatrların dəyişməyən bir afişası vardı… “Ququş!” Çox vaxt onun çəkildiyi filmlərin adları afişaya yazılmır, təşkilatçılar sadəcə onun adını yazmaqla kifayətlənirdilər. Halbuki Ququşun çəkildiyi bütün filmlərin adları artıq tamaşaçıya nə isə izah edirdi… Bəlkə də səhnənin və ağ pərdənin ehtiraslı qəhrəmanının adı afişalarda yazılmasa belə, filmlərin adları tamaşaçıya gəl-gəl deyə bilərdi… “İsti hiss” (1971), “Bita” (1972), “Amerikalı Məməl” (1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə kimsə ağlayır” (1979)…

 

Maraqlı olduğu qədər də dəhşətlidir ki, Ququş 1979-cu ildə çəkildiyi “Bu gecə kimsə ağlayır” filmini görmədi. Əslində, filmin çəkilişləri bir il əvvəldən başladığına görə 1979-cu ildə təhvil veriləcəkdi. Amma…

Bu barədə bir qədər sonra.

Sovet tamaşaçısı Ququşu “Uzun gecə” filmindən tanıyır. 1977-ci ildə film ekranlara çıxan kimi Sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində göstərildi. İran mətbuatı hər gün Ququşla bağlı baş xəbərlər dərc edir, guya “Uzun gecə” filminin müğənninin sifarişi ilə çəkildiyini yazırdılar. Mətbuat hesab edirdi ki, Ququş öz taleyini həmin filmdə Pərvanə kimi oynayıb…

 

Bədbəxtcəsinə xoşbəxt…

 

Ona qibtə edənlər “necə də xoşbəxtdir!” – deyirdilər. Ququş sonralar etiraf edəcəkdi ki, həyatda ən nifrət etdiyi sual xoşbəxtliklə bağlı olub. Dörd dəfə rəsmi ailə həyatı qursa da, tale Ququşun üzünə gülmədi. Təsəllisi isə yalnız birinci nikahından olan oğlu Kəmbiz oldu. Qəribə burasındadır ki, “xoşbəxtsinizmi” – sualına cavab verməyən Ququş “bədbəxt” olduğunu da etiraf etməyib. Ona bəxtəvərlik oxuyanlara isə növbətçi təbəssümlə gülümsünərək cavab verdiyindən, heç kim Ququşun daxilən bədbəxt olduğunu hiss etməyib.

 

Ev dustağı…

 

Nə vaxtsa ölkəsinin dəb, gözəllik, tərəqqi rəmzi olan bir insan qəfəsdə yaşaya bilərmi?! 1979-cu ilin fevralında baş verən İslam İnqilabı Ququşun həyatını əbədi puç etdi. İllərlə ev dustağı olan müğənni depresiyyadan əziyyət çəkirdi. Ətraf mühitlə əlaqəsi kəsilən Ququş daha oxumurdu. Hətta pəncərəsiz, darısqal otağında belə oxumaqla özünü ovuda biləcəyini hiss etsə də…

Bir qədər əvvəl “Bu gecə kimsə ağlayır” (1979) filmindən danışdıq. Dünya ictimaiyyətinin təzyiqlərindən sonra Amerika qitəsini özünə sığınacaq yeri seçən Ququş ilk müsahibəsində sonuncu filminin adında redaktə etmək lazım olduğunu dedi. Yaş öz işini görür. Göz yaşlarını gizlədə bilməyən Ququş sonuncu və senzuranın ləğv etdiyi filmini “Bütün ömür boyu kimsə ağlayır” adlandırdı…

 

Yenidən başlamaq olarmı?!

 

Ququş 2000-ci ildə Şimali Amerikaya köçdükdən sonra sənətini orada davam etdirməyə başladı. Cəmi iki ildən sonra onun oxuduğu “Qəribi Aşina” mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazandı. Müğənni həmin titulu gecikmiş ehsan kimi qəbul etdiyini bildirməkdən çəkinmədi. Bir vaxtlar fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyan Ququş bu gün nostalji hisslərlə yaşayır. Gəncliyində dünyanın bir çox ölkəsində mahnıları, filmləri ilə uğur qazanan Ququş nə qədər təəccüblü görünsə də bu gün İtaliya və Cənubi Amerika ölkələrində ən sevilən müğənnilərdən biridir. Ququş gəncliyində yüksəldiyi zirvəyə yenidən can atmağa çalışsa da, onun bu cəhdi ürəkaçan nəticə vermir.

Azərbaycanda Ququşu hələ 70-ci illərdən “Ayrılıq” mahnısı ilə tanıyırdılar. Qeyd edək ki, Şəhriyarın sözlərinə Əli Səliminin yazdığı mahnını ilk dəfə Rəşid Behbudov oxuyub. Ququşun ifasındakı “Ayrılıq” isə daha təsirlidir. Onun gəncliyində oxuduğu “Ayrılıq”la hazırda oxuduğu “Ayrılıq” arasında dağla daş qədər fərq var. Qərib ölkədə yaşayan Ququş 2005-ci ildə Kanada və ABŞ-da verdiyi konsertlərdə ifa etdiyi “Ayrılıq” mahnısını gözüyaşlı oxuyurdu.

Bu, faciəvi aqibət yaşayan ulduzun naləsi, fəryadıydı!

Ölkəmizdə də Ququşu arzulayanlar var. Amma… bir “əmması” da mövcuddur. Musiqiçilərinin əksəriyyəti erməni olan Ququş Bakıya gəlməyə tərəddüd edir. O, valideynlərinin köçüb getdiyi Azərbaycana gəlib oxumaq üçün dövlətdən erməni musiqiçilərinə təhlükəsizlik təminatı və fantastik məbləğdə – yarım milyon ABŞ dolları  qonorar tələb edir (Bəlkə də bu bizə belə görünür, bəlkə də doğrudan elə fantastikdir!)

Bu məbləği isə ödəmək istəyən çətin tapılsın!

 Elxan Xanəlizadə

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

 

Əlaqəli məqalələr

3 şərh

  1. Ququş mənim ən çox sevdiyim müğənnidir, hər zaman onun mahnılarını dinləyirəm. Onun haqqında yazdığınız üçün və mahnılarını saytınıza yerləşdirdiyiniz üçün sizə çox minnətdaram. Ququşun əslən doğma Gəncəmizdən olduğunu eşidəndə çox sevindim. Əməyinizə görə bir daha minnətdaram

    1. Hörmətli Rəna xanım, Siz bilirsiniz ki, Ququş ermənilərə xüsusi rəğbət bəsləyir, əsasən onlarla oturub-durur, hətta qeyri-rəsmi əri də ermənidir. 2017-ci ildə İrəvanda konsert verib, inanmıram ki, onlardan da yarım milyon pul istəsin. Bunları eşidəndən sonra yəqin ki, Ququşa olan sevginiz azalar.

  2. Ququşun həyat yoldaşı ermənidir , ermənicə mahnılar oxuyur , Azərbaycanlı olmağnı inkar edir , ermənilərin tərəfində olduğunu danmır. Milətini , elni , obasını sevməyən ququş ,üstəlik bizdən yarım milyin itəyir konsert verməyinə. Millət “patriot” olmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button