Radikal, haa!

Əhməd Oruc
«Azadlıq» Partiyasının sədri

Qəzeti Ramil müəllimin, proqramı Ramiz müəllimin, pulları Kamal müəllimin, özləri Eldar müəllimin olan radikal müxalifət…

Seçkilərdən öncə bütün milli demokratik düşərgənin bir arada olması təklifi ilə DUİ çıxış elədi. İndi geniş birlik axtaranların çoxu, xüsusilə bu Sülhəddin bəylə, İbrahim bəy iki ayağını bir başmağa dirədi ki, bəs qardaaaaaş, nə danışırsan, ölkədə yalnız iki real müxalifət var – Musavat və AXCP, yalnız bunların birliyi olmalıdır, sosial sifarişdir, xalq yığılıb tinlərdə gözləyir, siz bircə addım atın, görün nə qədər adam gələcək, parad, fısqırıq, qışqırıq, kardiamunes cartes. Seçki oldu – nə gələn oldu, nə gedən, hakimiyyətin karuselçilərindən və komunxoz işçilərindən başqa heç kim gəlmədi. Onda bu gözünə döndüklərim başladılar ki, partiyalar birləşməlidir, bəs sifariş, xalq, tində tolpa və s. Bu yerdə yadıma rəhmətlik Hüseyn Arifin bir gülməcəsi düşür. H.Arif Aşıqlar Birliyinin sədri olanda bir nəfər yaxınlaşır ki, ay qağa, bəs mən də aşığam, məni birliyə üzvlüyə qəbul edin. Hüseyn qağam da deyir ki, niyə eləmerik, sən evində bir balaca stol düzəlt, mən də komissiya üzvlərini yığım gəlim, rahat oturaq, sana da qulaq asaq, qəbul edək. Elə də olur… H.Arif bir neçə nəfəri də götütür ki, gəlin gedək bir təzə aşıq var, bir az qulaq asaq. Aşığın evində yaxşı yeyib-içəndən sonra, Hüseyn qağa həmin adama “sazı köynəkdən çıxart” deyir. Adam mizrabı simə vuran kimi qağam görür ki, bu, saz çala bilmir, deyir, çalma, oxu. Adam ağzını açan kimi, görür bu oxuya da bilmir, deyir, oyna, adam oynamağa başlayanda görür bu heç oynaya da bilmir, hamı pərt olur. Qağam qayıdır ki, «Ə, sən nə istedadsız adamsan, səni görəndə adamın iştahı da qaçır, gül kimi yemək-içmək hazırlıyıbsan, busa korlanmasın, çıx eşiyə, yiməyimizi yeyək.»

Bu bəylərin ideyaları ilə həmin adamın istedadı arasında hansısa bağlılıq axtarmaq fikrindən uzağam (ölçülər itib, bəlkə də yaxınam…). Gül kimi partiya idi Müsavat, oturmuşdunuz. Hörmətiniz, qrantınız, Sülhəddin bəy üçün avroatlantik məkan, İbrahim bəy üçün alovlandırma predmeti və alovlu çıxışlar! Bir neçə il öncə Çingiz Sadıxov cənabları da bu iki «strateji» qardaşlarımız kimi müxalifəti birləşdirmək işinə girişdi və günlərin bir günü bu işdən bezib açıq şəkildə iqtidarı dəstəkləməyə başladı.

Sülhəddin Əkbər və İbrahim İbrahimli İsa Qəmbərin dediyi ilə elədiyi tərs mütənasiblik əmsalını 20 ildən sonra başa düşdülər və indi bütün müxalifəti birləşdirmək missiyasını öz üzərlərinə götürüblər, qapı-qapı gəzirlər, bu adamlar elə sizin qapınızda idi daa… İlk gündən bu işlə məşğul olsaydılar, bəlkə də nəyəsə nail olardılar, indi məncə xeyli gecikiblər, bu ölkədə bu işlə daha professional şəkildə məşğul olan o qədər …var ki.

Beynəlxalq məsələlər üzrə dövlət müşaviri Vəfa Quluzadə 10 il sərasər uğurlu xarici siyasətdən danışdı, günlərin bir günü vasitəçi dövlətlərin bizi aldatdığını bildirdi, istefa verdi, oldu ekspert. 10 il sərasər aldandığını etiraf etmiş diplomat beynəlxalq məsələlər üzrə ən tanınmış, ən mötəbər ekspert oldu. Siz də heç vecinizə də almayın…

Molla Nəsrəddin bir gün bazarda «ağıl dərmanı» satır. Bir nəfər yaxınlaşır ki, bu tezmi təsir edir? Molla deyir, baxır adamına. Adam pulunu verir, dərmandan birini alıb yeyir. Deyir, mola, bunun dadı tanış gəlir. Molla deyir ki, aha, təsir eləyir, birini də yesən, hər şey düzələr. Adam bir də pul verir, ikincisini alır və əlində sındırır və görür ki, mollanın satdığı bişmiş noxud dənəsidir, deyir, ay mola, bu ki noxuddur! Molla deyir, görürsən tanıdın, demək ağıllandın.

Bizimkilər noxud nədi, o qədər qrant, ianə, yetim pulu, hakimiyyətin yardımını yeyirlər, ancaq…

İsa bəyin Rəsulzadə-Elçibəy yolunda olanların birləşməsi ilə bağlı çağırışı uzun müddət idi ki, müzakirə predmeti idi. 5 ay idi ki, bu adlara biganə olmayanlar ağıllı nəsə addım atılacağını gözləyirdi. İki gün əvvəl AMİP-də keçirilən toplantıda aydın olub ki, AMİP də bu yolda imiş. Baxmayaraq ki, bu təşkilat Elçibəy hakimiyyətini yıxmaq üçün qiyamda iştirak edib, sayın İ.Qəmbərə «sənin əlin bu millətin qanına batıb» kimi tarixi qanadlı fraza istehsal edib. AMİP-in indiki sədri bu hakimiyyətin saxta seçkilərini MSK üzvü kimi təsdiq edib, bu seçkilərdə də hakimiyyətin rəğbətini qazanmaq üçün nəyə desən hazır idi, ancaq sonda bəlli olur ki, Elçibəy-Rəsulzadə yolunda imişlər. Bu yol yəni bu qədər qəliz imiş, yoxsa uğursuzluqlardan qulsinasiya poblemi baş verir, çox hörmətli İsa bəy yolu səhv salıb. Məsələyə mütləq həkim Adil Qeybullanın müdaxiləsinə ehtiyac var, görəsən yerindədimi, doxturxanası işləyirmi?

AMİP-dəki toplantıdan bir qədər əvvəl DUİ növbəti Qarabağ forumu keçirmişdi və Elçibəy-Rəsulzadə platformasında olanların hamısı Qarabağ forumuna dəvətli idi. Amma heç biri gəlməmişdi. Bəlli oldu ki, bu cənablara Rəsulzadə-Elçibəy platformasından «BP»-nin platforması daha yaxındır, həmin platformada hərdən qrantdan-mrantdan olur və bu platforma bu gün Qarabağ sözündən o qədər də xoşlanmır. Və bu cənablar foruma gəlsələr, hansısa mövqe bildirməlidirlər. Mövqe də gərək olsun ki, onu bildirəsən…

Bu günlərdə prezident aparatından müxalifət qəzetlərini, əksər müxalifət partiyalarını kurasiya edən Əli Həsənov bildirib ki, bizdə radikalizmə yer yoxdur. Azərbaycan cəmiyyətini tanımayan, qıraqdan gələn bir adam olsa fikirləşər ki, bəs iqtidarın radikalizmdən narahatçılığı var, nəsə radikal addımlar gözlənilir və s. Əli müəllimin çıxışından sonra o radikalların kim olduğu, nə işlər gördüyünü öyrənmək marağı məni tərk etmir. Konstruktiv müxalifət Məclisdə komissiya sədrinin müavinindən-zaddan bir şey istəyir, istəsəniz verərsiniz, istəməsəniz yox. Onsuz da axırda sizi təbrik edəcəklər. Oyunun qaydası belədir, burada radikal nə var ki? Dünənki, parlament müxalifətləri (1995, 2000, 2005) rəmzi (yəni oyuncaq ) parlament yaratmaq istəyir, burada nə var ki? Nəzərə alsanız ki, bu oyuncaq yaradanlar bir müddət öncə həqiqi parlamentin (1992) sahibi olublar və uşaq kimi aldadıb əllərindən alıbsınız, əllərində olanın nə olduğunu dərk eləməyiblər, onda bu adamları hədələmək, qorxutmaq yox, acımaq lazımdır, dünyadı da, kiminin əvvəli, kiminin axırı… Bunlar xalqı itaətsizliyə çağırmır, qeyri-qanuni hakimiyyətə qarşı adekvat addımlar atmağa çağırmır, seçkilərdən iki ay keçir, bir dəfə üç nəfərlik piket belə keçirməyiblər, yenə bir gözləri əlinizə baxır, ayda bir dəfə yığışıb nəsə mızıldanırlar, bunlar Bin-Laden zaddı bəyəm? Bunların qəzeti Ramil müəllimin, proqramı Ramiz müəllimin, pulları Kamal müəllimin, özləri Eldar müəllimin… Belə baxanda öz uşaqlarınızdı, özünüz bilərsiniz. Bu yazıqlar neçə illərdir liberaldır, horizontaldır, siz də düşübsünüz ki, radikal, vertikal… Yox bir, vertolyot…

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button