Lotu Quli iş adamından 600 min manat tələb edir?

Qaradağdakı karxana savaşındə tərəflər bir-birini ağır ittiham edir

  «Kriminal qüvvələrin vasitəsi ilə məni ölümcül döydürən və yaralatdıran Cavanşir Abdüləzimov məndən 600.000 manat tələb edir. Pulun hamısının özünə çatmayacağını bildirən bu şəxs pulu verməyəcəyim təqdirdə, ciddi problemlə üz-üzə qalmaqla hədələyir. Bildirir ki, bu pulun yarısı Lotu Quliyə çatmalıdır”. Bu sensasiyalı bəyanatı “Gülbaxt” daş karxanasında fəaliyyət göstərən YAP-çı iş adamı Akif Məmmədov verib.

Onun sözlərinə görə, Cavanşir Abdüləzimovun təhdid və təzyiqləri nəticəsində fəaliyyət göstərməsi imkansız hala düşüb: “Yüksək vəzifəli şəxslərin adından açıq-aşkar istifadə edən, “indi filan nazirin qəbulundaydım”, “filan vəzifəli şəxslə yeməyə gedirəm” deyərək,  özü haqqında toxunulmaz adam mifi formalaşdıran Cavanşir Abdüləzimov bəzi məmurlardan yararlanaraq, bizim halal ərazimizdə çalışmağımıza mane olur. Hüquq-mühafizə orqanlarında çalışan ayrı-ayrı şəxsləri müxtəlif üsullarla ələ alan Cavanşir Abdüləzimov qanunsuz olaraq yerlərimizi əlimizdən alır, bizdən “haqq” tələb edir”.

Akif Məmmədov daha sonra bildirib ki, Cavanşir Abdüləzimov İngiltərə və İsveçdə açdırdığı bank hesablarına hər ay yüksək məbləğdə pul göndərməkdədir. Saxta sənədlərlə eyni ərazini beş-altı şəxsə satan C.Abdüləzimov İngiltərədə oxuyan oğlunun yanına getmək bəhanəsi ilə ölkəni tərk etdikdə, onun Azərbaycan əleyhinə olan hansı qüvvələrlə görüşdüyü araşdırılarsa, qaranlıq əməlləri bir az da faş olar. Çünki Azərbaycanda qaranlıq işlərlə məşğul olan C.Abduləzimov hər ay böyük məbləğdə pulu müxtəlif adlarla ölkədən xaricə çıxarır”.

İş adamı bildirib ki, “Etdiyim şikayətlərdən sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində Cavanşir Abdüləzimovun dəstəsinin bir qrup üzvünü həbs etdilər. Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Şərur rayon sakini Məhəmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov və Rafiq Hüseynov mənim döyülməyimdə və hədələnməyimdə iştirak etdikləri üçün həbs olundular. Bu prosesdə rolu digərləri ilə müqayisədə daha az olan şəxslər də həbs olunsalar da, mənim bıçaqlanmam prosesində iştirak edən Cahangir Abdüləzimov və Yusifə və bu hadisənin sifarişçisi Cavanşirə toxunulmadı. Etdikləri cinayətlər cəzasız qaldığı üçün Cavanşir Abdüləzimov və kriminal dəstəsi hamını təhdid edərək, özlərinə tabe etmək istəyirlər. Mən isə Azərbaycan qanunlarının mənə verdiyi hüquqlarımdan istifadə edərək, təhdid və şantajla 600.000 manat rüşvət tələb edən Cavanşir Abdüləzimova tabe olmayacağam. Mən hüquq mühafizə orqanlarından bu şəxsin cəzalandırılmasını tələb edirəm”.

Qeyd edək ki, “Lotu Quli” hazırda 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Nadir Səlifovun adıdır.

Onu da əlavə edək ki, yazılanlar birtərəflidir və «Gülbaxt» karxanası ətrafında baş verənlər artıq mətbuatda kampaniya halını alıb. Akif Məmmədovun adından redaksiyamıza daxil olan yazılar isə anonim mənbələrdən gəlib. Bu baxımdan da biz yazıda ittiham edilən iş adamlarını da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 Elvin Əsgərli

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button