Arif Mehdiyevin Elşad Abdullayevi «professor» etməkliyi

Elşad Abdullayev

Ali Attestasiya Komissiyasının qərarının surəti «Xural»da!

 Keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin Fransadan siyasi sığınacaq almasından və Azərbaycan hakimiyyətini oğurluqda, rüşvətxorluqda və qaniçənlikdə ittiham etməsindən, əlindəki dəlil və faktları ortaya qoymasından sonra əks-reaksiyalar başlayıb. E.Abdullayevin sadaladığı cinayət faktları ilə bağlı təkziblər çox aşağı səviyyədə eşidilsə də, onun «professor» və «akademik» kimi təqdimatından daha ciddi əsəbiləşənlər və buna etiraz edənlər var.

Elşad Abdullayevin «professor» olmadığını, elmi titullarını saxtakarlıqla aldığını deyənlər əsas arqument kimi əsərlərinin plagiatlığına diqqət çəkirlər. Belə tutarlı arqumentlərdən biri rəsmi dövlət qəzeti olan «Azərbaycan» qəzetinin dünənki sayında işıq üzü görüb. Qəzet yazır ki, «E.Abdullayevin bilavasitə doktorluq işi sayılan monoqrafiyasını oxuyanda insanı, sözün həqiqi mənasında, dəhşət bürüyür, onun «Müqayisəli inzibati hüquq» və dərslik kimi buraxılan «Müqayisəli inzibati hüquq. II hissə» kitabları əsl plagiat, yəni elmi oğurluq nümunəsi sayıla bilər. Maraqlıdır ki, bu dərslik Təhsil Nazirliyinin 14 sentyabr 1998-ci il tarixli əmri ilə 612 nömrəli qriflə, ABU-nun 2 iyul 1998-ci il tarixli 6 saylı qərarı ilə çap edilmişdir».

Müəllifin təəccübünü başa düşmək olar. Necə ola bilər ki, «bilavasitə doktorluq işi sayılan monoqrafiya» Təhsil Nazirliyinin qərarı ilə dərslik kimi dərc olunur, Ali Attestasiya Komissiyasının qərarı ilə müəllifinə «elmlər doktoru» adını qazandırır?

Daha sonra ABU-nun keçmiş rektorunun elmi oğurluğunu faktlarla sübut edən «Azərbaycan» qəzeti sual verir: «Elşad Abdullayevin utanmadan öz adından çap etdirdiyi bu kitabları məgər ona rəy verən insanlar oxumayıblarmı? Bu doktorluq dissertasiyasını təsdiq edən elmi şuralarda, Ali Attestasiya Komissiyasında onu, heç olmasa, vərəqləyən olubmu? Onların dünya hüquq elmindən az da olsa məlumatları olubmu?»

Haqlı və ədalətli suallardır. İndisə biz aydınlaşdıraq ki, E.Abdullayevə «elmlər doktoru», «professor» adı verənlər onun monoqrafiyasını oxuyublar, ya yox?

 

Abel Məhərrəmova göndərilən AAK qərarında nə deyilirdi?

 

Rektor Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti Elşad Abdullayevin dissertasiya işi ilə bağlı Ali Attestasiya Komissiyasına ünvanladığı müraciətinə 2001-ci il mayın 2-də cavab gəlib. Hümanitar və ictimai elmlər şöbəsinin müdiri M.Mirzəliyevanın imzası ilə daxil olan məktubda bildirilir:

«Hörmətli Abel müəllim!

BDU-nun hüquq fakültəsinin dosenti E.Abdullayevin Moskva şəhərində «Müqayisəli inzibati hüquq» mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası təkrar attestasiya zamanı ekspertizadan keçirilmiş və xüsusi komissiya ciddi plagiatlıq faktı aşkar etmişdir. Bununla əlaqədar AAK RH-nin 27 aprel 2001-ci il tarixli qərarı ilə onun təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilmişdir».

Sonradan Ali Attestasiya Komissiyası «qeyri-mümkün» saydığını elə yüksək səviyyədə «mümkün» edib ki, adam, doğrudan da, dəhşətə gəlir. 

 

Arif Mehdiyev «plagiat» əsəri təkrar «təhlil» edir

 

Arif Mehdiyevin Ali Attestasiya Komissiyasına sədr gəlişindən sonra – 2003-cü ildə Elşad Abdullayevin elmi işinə «təkrar attestasiya» təyin edilir. Bu dəfə təbii ki, Elşad Abdullayevin əsərində plagiatlıq elementləri tapılmır, ekspertiza yüksək rəy verir və AAK Rəyasət Heyəti qərar çıxarır.

Beləliklə, 2003-cü il iyulun 9-da AAK-nın sədri olan akademik Arif Mehdiyevin imzası ilə Elşad Abdullayevə «Hüquq elmləri (təkrar attestasiya) doktoru» alimlik dərəcəsi verilir.

Bu da azmış kimi, AAK-ın 27 aprel 2001-ci ildə «təkrar attestasiyasını» qadağan etdiyi monoqrafiya müəllifi olan Elşad İslam oğlu Abdullayevə Arif Mehdiyev 26 yanvar 2006-cı il tarixli qərarı ilə «Professor» elmi adını hədiyyə edir.

«Azərbaycan» qəzetinin verdiyi sualı cavablandıraq: E.Abdullayevin adamı sözün həqiqi mənasında dəhşətə salan monoqrafiyasına AAK oxuyub qiymətini vermişdi. Lakin 2 ildən sonra hansı yollarlasa ona Arif Mehdiyevin imzası ilə elmlər doktoru, 4 il sonra isə professor adı verildi.

İndi hakimiyyətin cinayətlərini açan bir şəxsə saxtakarlıqla elmi titullar verənlərin növbəsidir. Hörmətli akademiklər, E.Abdullayevi hansı əsasla «professor» etdiniz?

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Arif Mehdiyevin meyyarı elm deyil. Onun meyyarı alacağı rüşvətin miqdarıdır. Son zamanlar dövlətimizə asi kəsilənlər, cinayətkar kimi mühakimə olunanların bir çoxu Arif Mehdiyevə rüşvət verərək ləkəli alim adı almışlardır. Maraqlıdır Arif Mehdiyevə növbə nə vaxt çatacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button