Abbas Hüseyn Nardaran hadisəsindən yazır

20 il həbs cəzası almış Nardaran məhbusu Abbas Hüseynov Rakurs TV-ə yazı göndərib. Yazını olduğu kimi təqdim edirik:

Əziz xalqım! Hər kəsin yaddaşında dərin iz qoymuş, hər bir vicdanlı insanın qəlbini riqqətə gətirən Nardaran hadisəsi 2 ilini geridə qoydu. Düz 2 il əvvəl Azərbaycan xalqı üçün çox ağrılı və qanlı, eyni zamanda önəmli bir hadisə baş verdi. Günahsız insanlar qətlə yetirən, həbs edən, işgəncələrə məruz qoyan hakimiyyət, öz vətəndaşlarına qarşı düşmən münasibəti bütün çılpaqlığı ilə aşkar etdi.

Həmin dəhşətli hadisəni bu gün də ürək ağrısı ilə xatırlayan insanlar var. Bizlərə qarşı törədilmiş bu cinayət gələcəkdə tarix kitablarına “öz vətənlərində zülmə məruz qalmış insanlar” başlığıyla düşəcək, gələcək nəsillər isə bunu törədənləri həmişə nifrətlə anacaqlar.

Hər zaman haqq sözə, əqidəli insanlara qarşı dözümsüzlük nümayiş etdirən iqtidar, Müsəlman Birliyi Hərəkatı yarandığı gündən onun təməllərini sarsıtmağa, üzvlərini isə hər vəchlə təqiblərlə, həbslərlə doğru yoldan çəkindirməyə çalışdı. Bizi xarici dövlətlərə cəsusluq etməkdə, dini dövlət qurmağa, konustitusiyanı dəyişməyə çalışmaqda, ölkədə iğtişaş salıb terror törətməkdə ittiham edib ləkələmək istədilər. Lakin bütün bu cəhdlər boşa çıxdı. İl yarım davam edən məhkəmələrdə yalançı şahidlərin tutarlı dəlillərlə ifşa olunmasıyla bizim günahsızlığımız sübut olundu.

Müsəlman Birliyi Hərəkatı ona qarşı iddia edilən cinayətləri nəyin ki törədib, əksinə hər zaman bunun əksi istiqamətində fəaliyyət göstərib. Terrordan uzaq, konstitusiyanın təsbit etdiyi qanunlar çərçivəsində maarifçiliklə məşğul olub. Bu baxımdan hərəkatın sədri Tale Bağırzadəni İŞİD lideri Bağdadi ilə müqayisə etmək rəzilliyin pik nöqtəsi idi. İmam Hüseyn məktəbini araşdıran istənilən kəs anlayar ki, bu məktəbdə terrora yer yoxdur! Tarix boyu bu məktəbin davamçılarına qarşı terrorlar törədilib.

Həbs olunduğumuz zaman dəhşətli, insanlıqdan kənar işgəncələrə məruz qaldığımız hər kəsə məlumdur. “Bandotdel”də bu vandalizmi edənlər isə, ermənilər yox, eyni milliyəti paylaşdığımız “insanlar” idi. Ermənilərin soydaşlarımıza etdiyi vəhşiliklərlə bizə qarşı törədilmiş vəhşilikləri müqayisə etsəniz, onlar arasında heç bir fərqin olmadığını görərsiz. Lakin bu işgəncələrin sərhədi təkcə “Bandotdel”lə məhdudlaşmadı, Kürdəxanı təcridxanasında olduğumuz dönəmlərdə və nəhayət Qobustan həbsxanasına gətirilən zamanlarda bundan qat-qat dəhşətli işgəncələrə məruz qaldıq. Məhkəmə proseslərində bizə edilən işgəncələrdən danışanda zalda əyləşən insanların üzlərində yaranan qorxu dolu, tükürpədici ifadə yadımdadır, amma bizlər bu dəhşətin daha betərini bilavasitə yaşamış insanlarıq.

Əziz xalqım! Bu yazını oxuyandan sonra bir daha günahsız olduğumuzun, heç bir cinayəti törətmədiyimizin  şahidi olacaqsınız. Nardaranda öldürülən, həbs edilən insanlar bu xalqın övladlarıdırlar. Bu vətəni bütün varlıqlarıylarla sevən insanlardılar. Əminik ki, zaman hər kəsə layiqli qiymətini verəcək və bir gün bütün həqiqətlər aşkara çıxacaq!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button