Abdulla Abdullayev: “Ədaləti elə günə salmısınız ki, bu ölkədə ədalət qalmayıb”

abdulla 104.05.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə vəkil Osman Kazımov vəsatətlə çıxış edib. O bildirib ki, hazırlıq iclası zamanı irəli sürülmüş ittihamların əksəriyyətinin mülki xarakterli olduğunu və bu məsələlərin cinayət işinə aidiyyatı olmadığını bildirərək, həmim epizod üzrə xitam verilməsini istəsələr də, rədd edilib.

“Həmçinin qeyd etmişdik ki, Abdulla Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbiri üçün heç bir əsas yoxdur. İş üzrə zərərçəkmiş qismindı tanınmış şəxslərin dindirilməsi zamanı məlum oldu ki, onlara heç bir maddi ziyan dəyməyib və şikayətləri yoxdur. Onlardan 170 nəfəri ümumiyyətlə istintaqda dindirilmədən zırərməkmiş statusunda tanınınb. Məhkəmə tarixində belə qanunsuzluğa hələ yol verilməyib. Həmin şəxslərin məhkəməyə çağırılması əksər halalrda Abdulla Abdullayev tərəfindən təmin edilib. Bu da onu göstərir ki, A.Abdullayev nəinki məhkəmə istintaqına mane olur, əksinə, istintaqın gedişinə köməklik göstərir. Bu səbəbdən də onun həbsdə saxlanılması üçün heç bir əsas olmadığını nəzərə alaraq, barəsində seçilmiş həns-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edirəm”. Vəkil vəsatətində onu da bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun müraciəti əsasında verilmiş ittiham üzrə bir neçə il əvvəl cinayət işinə baxılıb və məhkəmə tərəfindən hökm çıxarılıb. Bu səbəbdən də həmin hissədə cinayət işinə xitam verilməsini xahiş etdi. Vəkil həmçinin leqallaşdırma ittihamı üzrə sübutlar siyahısının müdafiə tərəfinə verilməsini istədi. “Biz hazırlıq iclasında da vəsatət qaldırmışdıq ki, bu ittiham üzrə cinayət işində heç bir sübut yoxdur. Əgər varsa, o sübutları müdafiə tərəfinə təqdim etsinlər. Sübut olmadan necə ittiham irəli sürülb və məhkəmə nə cür bu işə baxır? Azərbaycan məhkəmə sistemi kiminsə sifarişi əsasında fəaliyyət göstərməməlidir” – deyə Osman Kazımov bildirdi. Abdulla Abdullayev də vəsatətlərə münasibət bildirdi: “Mənim barəmdə başlanmış cinayət işi bütövlükdə əsassızdır. Əvvəlki çıxışlarımda da demişəm ki, hər şey bir günün içərisində – mən İrandan Azərbaycana qayıdan gün baş verib. Həmin gün – aprelin 12-də mən İrandan qayıtmışam, Sahibkarlığa Kömək Milli Fondu Baş Prokurorluğa müraciət edib. Həmin gün müraciət dərhal istintaqa göndərilib. Dərhal iş müstəntiqə verilib və elə həmin gün də mənə qarşı ittiham irəli sürülüb. Bir günün içərisində baş verən bu proseslər, əslində, 15-20 günün işidir. Prezident İlham Əliyev də həmişə çıxışlarında deyir ki, ədalət yaxşı şeydir. Amma mən bu ədaləti görmürəm. Ədaləti elə günə salmısınız ki, bu ölkədə ədalət qalmayıb. Yəqin prezidenti də aldadırlar. 14 aydır heç nədən oturmuşam içəridə. Heç olmasa cəzamı tez versinlər, 10 ildir, 12 ildir, nədirsə işimizi bilək“ – deyə A.Abdullayev bildirdi. Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməmsini istəyib. Müşavirə otağından qayıtdıqdan sonra hakim vəsatətlərin təmin edilməməsi ilə bağlı qərarı elan edib. Hakim daha sonra bildirib ki, iş üzrə zərərçəkmişlərin əksəriyyəti məhkəməyə gəlməyib. “Qanunda müəyyən boşluqlar var. İttuham tərəfi bu şəxsləri zərərməkmiş qismində tanıdığı üçün biz onları dindirməliyik. Ancaq həmin şəxslərin məhkəməyə gələməsini təmin etmək ittihamın vəzifəsi deyil. Buna görə də polis vasitəsilə məcburi gətirmə qərarı çıxaracağıq. Polis ya onların məhkəməyə gəlməsini təmin etməli, yaxud da ölkədə deyillərsə, bu barədə rəsmi sənəd alınsın” – deyə hakim bildirdi. Proses 5 may tarixində davam edəcək. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. “Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000( qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir.

Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

R.Vaqifoğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button