Abdulla Abdullayev: “Yazırlar ki, Abdulla müxalifətçiləri döydürüb”

hebs17.04.2015 

Abdulla Abdullayev: “Dövlətimin adına ləkə gətirmək istəmirəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, AMAY Ticarət Mərkəzinin sahibi, nüfuzlu iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi keçirilib. Prosesdə “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış Sədaqət Əsgərova ifadə verib. S.Əsgərova ifadəsində təqsirləndirilən şəxslərdən tanımadığını, onlara qarşı heç bir şikayəti və tələbinin olmadığını dedi: “Ev tikilib qurtarıb, amma tam təchiz olunmayıb. 37 min 200 manat ödəmişəm. Məni heç kim aldatmayıb. Korrupsiya İdarəsinə çağırıblar, getmişəm, şikayətim olmadığını demişəm” – deyə S.Əsgərova bildirdi.

Vəkil Osman Kazımov istintaq tərəfindən zərərçəkmiş  qismində tanınan şəxslərdən 8 nəfərin təqsirləndirilənlərə qarşı tələb və şikayətlərinin olmamamsı barədə notariusda təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etdi.

Abdulla Abdullayev “Xudafərin MMC” ilə bağlı danışmaq istədiyini bildirdi. “Dünən burada zərərçəkənlər ifadə verəndə danışdılar, amma çox şeyi bilmirlər. Hamı binanın vaxtında təhvil verilməməsindən danışır. O binanın tikintisinə 2002-ci ildə icazə alınıb, 2003-cü ildə tikilməyə başlanıb. 2005-ci ildə binanın hazır olması nəzərdə tutulmuşdu. 2004-cü idlə AMAY ticarət mərkəzinin “Gənclik” metrostansiyasının yanından köçürülməsinə başlandı. Buna görə binanın tikintisində bəzi ləngimələr oldu. Adamlarıma dedim ki, binadan ev alanlara işlərin bir qədər ləngiyəcəyi barədə məlumat verisinlər. Çünki AMAY-ın yeni binasının tikintisinə başımız qarşımışdı. 2006-cı ildən yenidən tikinti davam etdi. Binanın əsas işləri görüldü,  tamalanmağa az qalmışdı. 2008-ci ildə bəzi müştərilər gecikmə ilə bağlı şikayət etdilər deyə prokurorluq binaya həbs qoydu və tikinti dayandırıldı. Sakinlərə dedim ki, belə etməyin, məndən çox sizə ziyan dəyəcək. 2009-cu ildə son tamamlanma işləri aparıldı ki, yenə eyni vəziyyət yarandı. 2012-ci ildə yenidən binanı tamamlamaq istəyirdim. Əslində, hər şeyimi satıb Azərbaycandan getmək istəyirdim. 1999-cu ildə getmişdim də. Azərbaycana AMAY işinə görə qayıtmalı oldum. Ona görə də 2012-də binanı da satmaq istəyirdim. İlk olaraq da binadan ev alan imkanlı bir neçə nəfərə təklif etdim ki, 20 milyon verin, binanı tamamlayın qalan evlərdən də xeyriniz də olacaq. İstəyən olmadı. Bir neçəsi gəldi ki, tamamlama işləri üçün 2 molyon toplamışıq, amma bunun üçün gərək firmanı bizim adımıza keçirəsiniz. Buna da mən razı olmadım. Çünki orda başqa payçılar da vardı. Binanın aşağı mərtəbələri qeyri-yaşayış sahələri üçün nəzərdə tutulmuşdu. Xəstəxana olmalı idi, proyekt də ona uyğun idi. Xəstəxananın lisenziyası da vardı. Dedim ki, istəyirsiniz bankdan sizin adınıza kredit götürüm, binanı tam hazır edək, həmin pulu da banka mən ödəyəcəyəm. Bu da alınmadı…

Nəhayət 2014-cü ildə iş icraçısı Azərlə danışdım, 6.5 milyona razılaşdıq binanın tam hazır olmasını. Dedim pulun əvəzinə evlərin sənədlərini verirəm, bir şərtlə ki, bina hazır olandan sonra pulu ilə həmin evləri səndən alacağıq. Üç aylıq iş qalmışdı. Binaya transformator, lift qoyulmuşdu, mənzillərə kabellər çəkilmişdi, mərkəzə birləşmə işləri qalmışdı. O binada hər şey yüksək səviyyədə nəzərdə tutulmuşdu. Bakı şəhərində ən böyük hovuz hövzəsini də mən tikmişəm. Fikirləşirdim ki, birdən su olmaz, sakinlər ən azı iki ay susuz qalmasınlar. Bundan başqa bina həm də 10 bal zəlzələ üçün nəzərdə tutulub tikilmişdi, iki metr fundament qazılmışdı. O binada özümün də mənzilim vardı. Ekspert təyin etsəniz, özünüz də görərsiniz.

Burada Allahsız danışmasınlar. Müstəntiq isə o binaya 7 milyon 700 min manat smeta çıxarıb. Guya bu qədər pul xərclənib. Kvadrata böləndə 130-140 manata düşür. Hesablayın o vaxtkı qiymətlərlə görün başa gətirmək olardımı o qiymətə. Əlavə xərclər də var idi axı. Torpaq sahəsinə ödənib, vergisi var idi və s. Mənə yalan danışmaq, xəyanət eləmək, kimisə aldatmaq yaraşmaz. Əvəvlki məhkəmələrimdə də demişəm ki, Mən 25 il bu dövlətə xidmət etdim. Heç vaxt kimisə aldatmaq, xəyanət etmək fikrim olmayıb. Hərdən qulağıma çatır bəzi qəzetlər yazır ki, Abdulla müxalifətçiləri döydürüb. Bir adam çıxıb desin ki, Abdulla məni döyüb. Yoxdur axı, olmayıb elə şey. Məni günahsız atmısınız içəri. Başqa adam olsa, dünyanı dağıdar, ağzına gələni danışardı.  Amma mən danışmıram. Dövlətimin adına ləkə gətirmək istəmirəm. Çünki mənə gələn ləkə dövlətimə gələn ləkədir…

Nə isə, ötən il binanın tikintisini qurtarmaq istəyirdim. Tamamlama işləri ilə bağlı məsələni həll edib İrana getdim. Zəng etdilər ki, Korrupsiya İdarəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış pulla bağlı iş başlayıb. İrandan Naxçıvana qayıdanda bir saat əsassız ləngitdilər məni sərhəddə. Gərək elə onda başa düşəydim ki, nə baş verir. Gəldim, bu dəfə də həbs etdilər, yenə binada iş qaldı. Ona görə indi burda ifadə verən bəzi zərərçəkənlər bilməlidirlər ki, problem elə onların özlərindən qaynaqlanır. Deyirlər ki, nə oldu, tutulan kimi bankın pulunu ödədi. Prokurorluq yalandan mətbuata məlumat yayıb ki, guya mən həbs olunandan sonra 43 molyon ödənib. Halbuki belə deyil. O pul əvvəldən ödənilib. İttihamda ümumilikdə 48 milyon manat göstərilir. 40 milyon manat kredit 2012-ci ilə kimi ödənib. 3 molyonu isə mən həbs ediləndən sonra qardaşlarım mənə demədən ödəyiblər. Ümumiyyətlə, bu işdə heç bir ittihamın əsası yoxdur. Ona görə də bu işə xitam verilməsini istəyirəm” – deyə A.Abdullayev bildirdi.

Növbəti məhkəmə prosesi 21 aprel saat 10.15-ə təyin edilib.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev özünə qarşı olan bu ittihamları qətiyyətlə rədd edir və həbsinin iş fəaliyyətinə ziyan vurmaq üçün sifarişli olduğunu iddia edir. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button