Abdulla Abdullayevi kimlər vurur?

Heydər Əliyevin yaxınında və ağır günlərində onun yanında olan nöbbəti şəxsə iqtidardaxili qruplaşmalarda sərt tədbirlər görülür…

AMAY prezidentinin ətrafında baş verən hadisələr artıq ölkə mətbuatının gündəmini zəbt etməkdədir. Şirkətlə əməkdaşlıq edən firmaların bir neçəsinin sahibinin tutulması və bankda girov qoymağın qarşılığında götürülən pulun ödənilməməsinə görə onların həbsə atılması məsələnin sıradan iş olmadığını göstərir. Axı iqtisadiyyatdan başı çıxmayan insanlar da bilirlər ki, ödənişləri gecikdirdiyin zaman və ya ödəmə imkanlarının olmadığı situasiyalarda bankın görəcəyi iş girov qoyulan malları satmaq və o malların satışından gələn pulları götürüb borcu bağlamaq olmalıdır. Əgər işlər belə deyilsə və «Texnikabank» dünən «qardaş» olduğu və bir telefonuna yerindən dik durduğu bir müştərisini heç bir xəbərdarlıq etmədən birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edirsə, o zaman deməli, torbada yekə bir pişik var, özü də qarasından…

Diqqətli müşahidəçilərin düşüncəsinə görə, hədəf Abdulla Abdullayevdir və məqsəd onu təxribata çəkib cəzalandırmaqdır. Ona görə də Abdulla Abdullayevi hədəf götürənlər onun haqqında olmazın arqumentlər quraşdırır və bunu da mətbuat səhifələrinə ötürürlər.

Abdulla Abdullayev İran Milli Bankını məhkəməyə verib…

Bu arqumentlərdən biri də Abdullanın İranla olan münasibətləri və guya bu münasibətlərə görə ona cinayət işinin başlanacağı iddiasıdır. Amma maraqlıdır ki, AMAY prezidentinin ən böyük probleminin yaşandığı ölkə də hazırda İrandır. Belə ki, hələ aylar əvvəl «Xural»a verdiyi geniş müsahibəsində Abdulla Abdullayev İran Milli Bankı ilə problemlərinin olduğunu və belə getsə onu məhkəməyə verəcəyini demişdi. Bizdə olan məlumatlara görə, Abdulla Abdullayev İran Milli Bankını məhkəməyə verib və ona vurulan ziyanın ödənilməsini tələb edir. Yazılanlardan bircə o doğrudur ki, həqiqətən də AMAY prezidenti xeyli müddətdir İranda səfərdə olub və İran Milli Bankı ilə yaranan problemləri həll etmək üçün dəfələrlə İrana gedib-gəlib. O da məlumdur ki, Abdulla Abdullayev İran Milli Bankının müqavilə öhdəliklərini pozduğu haqqında İran rəhbərliyinə dəfələrlə məktub yazıb, onlardan problemi yoluna qoymalarını xahiş edib.

İşin maraqlı tərəfi orasındadır ki, əldə etdiyimiz məlumatlara görə, Abdulla Abdullayevin İranla münasibətlərini də hakimiyyətin dərin qatlarında oturan bəzi iri çaplı məmurlar pozurlar. Onlar dalbadal ölkə prezidentinə AMAY rəhbəri haqqında yalan məlumatlar ötürür, onu gözdən salmağa çalışırlar. Müşahidəçilərin qənaətincə, məqsəd Abdulla Abdullayevin əlində iri biznes sahələrini almaq, AMAY rəhbərini faizə oturtmaq və bu yollarla onu ram etməkdir. Amma Abdulla Abdullayevin xaraktercə zəif adam olmaması və sahib olduqlarına sonuna qədər malik olmaq iddiası daşıması məsələni tündləşdirir.

Abdulla Abdullayev Heydər Əliyevin ən ağır zamanlarında onun yanında olanlardandır. Ona hücumların da bu səbəblə olduğu qənaətini daşıyanlar var. İndi ölkədəki yenidən bölüşdürmədə ona yer biçmək istəyirlər. Amma Abdulla Abdullayevin boyunəyməzliyi və sahib olduğu iri biznes sahələrini, torpaq parçalarını, başqa resursları verməmək istəyi ona qarşı sərt hərəkətlərin başlamasına səbəb olub. Heç Abdulla Abdullayev özü də bunu inkar etmirdi. «Xural»a verdiyi müsahibədə açıqca Abdulbari Gözəlin ünvanına danışması, Baş Prokuroru hədəf göstərməsi və prezidentə müraciət etməsi məsələnin nə qədər ciddi olduğunu göstərir. Abdulla Abdullayev deyəsən, artıq bu ölkədə prezident İlham Əliyevdən başqa inanacağı heç kimin olmadığını başa düşüb və onun məsələni yoluna qoyacağını gözləyir.

Hər halda qarşıda bizi gözləyən maraqlı hadisələr var. Bu iqtidar özünə sadiq qalan və ağır günlərdə onun yanında yer alan ən önəmli adamları gözdən və sıradan çıxarır. Bu, Abdulla Abdullayevə də şamil olunacaqmı, maraqlıdır…
Hər şeyi zaman göstərər…

İntiqam Adiloğlu

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button