Abdullanın məhkəməsi nə vaxta qaldı?

Məhkəmə nə vaxta qaldı?
Tanınmış iş adamı, AMAY şirkətinin qurucusu Abdulla Abdullayevin məhkəmə prosesi bu il iyunun əvvəlində qeyri-müəyyən müddətə təxirə salınıb və nə zaman bərpa olunaraq başlayacağı da hələ ki, bəlli deyil. Bu haqda verilən suallar məhkəmə tərəfindən cavablandırılmır.

Adı çəkilən məhkəmə prosesi bu il yanvarın sonlarından başladı və iyun ayının əvvəllinə kimi davam etdi. İyunun əvvəlində, daha doğrusu, Avropa Oyunları ərəfəsində proses dayandırıldı. Düşünmək olardı ki, oyunlar başa çatandan sonra proses bərpa edilə bilər, hələ ki, bu gözləntilər də özünü doğrultmur. Bu səbəbdən də bu bərpa edilməmənin arxasında nə durursa o da bəlli deyil, sadəcə hər kəsin özünə görə müəyyən təxminləri var. Bu təxminlərin isə nə dərəcədə gerçək olub olmaması tapmaca tapmaq kimi bir nəsnəyə bənzəyir.

A.Abdullayev AMAY şirkətinin qurucusudur, şirkətin 6 min nəfərdən çox personalı var və çoxşaxəli fəaliyyətə malikdir. A.Abdullayev özü isə indiki hakimiyyətin Heydər Əliyev dövründə dövlət başçısına ən yaxın şəxslərdən biri olub. Əlbəttə, bu yaxınlıq təkcə şəxsi mənada bir-birini tanımaq səviyyəsində tükənməyib, daha irəli gedən xətir-hörmət mənasına qədər davam edib.

Şirkətə qarşı baxışların mənfiyə dönməsi 2004-cü ilin mayına təsadüf edir. Belə ki, həmin il mayın 28-də şirkətin “Gənclik” stansiyası yaxınlığındakı ticarət mərkəzinin sökülməsi tələb edilir. A.Abdullayev və şirkəti kifayət qədər ciddi maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, bu tələbi “dövlət iradəsi” olaraq yerinə yetirir. Daha sonra indiki Nobel prospektində “Xətai”ticarət mərkəzinin tikildiyi ərazini alaraq yeni tikintiyə başlayır. Ayrı-ayrı daxili natamam işlər nəzərə alınmazsa əsas tikinti işləri iki il müddətinə başa  çatdırılır. A.Abdullayev tikintini başa vurmaq üçün Çindəki, Kiprdəki zavodlarını sataraq ticarət mətkəzini tikdirir. Nəhayət, 2006-cı ilin mayında ticarət mərkəzinin açılışı olur və dövlət başçısı İlham Əliyev şəxsən bu açılışda iştirak edir. Həmin vaxta qədər A.Abdullayev hər hansı işi yerinə yetirmək üçün dövlətdən kredit götürməyib və və ya başqa nəsə tələb etməyib.

Ticarət mərkəzinin damının bir hissəsi örtülməmiş qalır. Bunu başa vurmaq üçün A.Abdullayevə kredit götürməsi təklif edilir və kredit götürülür. Kreditlər götürüləndən sonra problemlər də başlanır.

2004-cü ildən şirkət Atatürk prospekti 78/80-37-də mənzıl tikintisi üçün hündürmərtəbəli bina tikməyə başlayır. Amma yuxarıda danışılan şəraitlə bağlı A.Abdullayev bina tikintisinin iki ilə kimi təxirə salınacağı ilə bağlı müştərilərə xəbər verir. 2008-ci və 2011-ci illərdə prokurorluğun müdaxiləsilə binanın tikintisində yenə də fasilələr yaranır. Üstəlik, şirkətin bəzi əməkdaşlarının həbsi, kreditlərlə bağlı cinayət işi qaldırılması, şirkət tərkibindəki bankın lisenziyasının ləğv olunması kimi xüsusatlar meydana gəlir.

Nəhayət, bu tendensiya irəli gedərək 2014-cü ilin aprelində A.Abdullayevin həbsilə öz kulminasiyasına çatır. A.Abdullayevə dələduzluq, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi, səlahiyyətindən sui-istifadə və çirkli pulların leqallaşdırılması kimi ittihamlar riəli sürülür, barəsində həbs qətimkan tədbiri seçilir.

Məhkəmə prosesi kifayət qədər ictimaiyyətin, ən azı ölkənin aparıcı mediasının diqqətində idi. Hər məhkəmə prosesi demək olar ki, 30-a qədər xəbər saytında və qəzetlərdə özünə ətraflı yer alırdı. Həm də irəli sürülən ittihamla ittihama qarşılıq verən arqumentlər bir-birinə münasibətdə kifayət qədər də ziddiyyətilə seçilir.

Təfərrüatlarına varmadan dələduzluq ittihamı ilə bağlı məhkəmə istintaqında deyilənlərə isnad edərək bəzi məsələləri nəzərə çatdıracağıq. Bu ittiham A.Abdullayevə adı çəkilən bina tikintisi, “Texnikabank”dan götürülən kreditlər ilə bağlı verilib. Adı çəkilən binada mənzil alan bütün sakinlər bu cinayət işində zərərçəkən kimi keçir və ittiham tərəf onları bu statusda tanıyıb. Amma 186 nəfər istintaqa çağırılmadan, ifadəsi alınmadan “zərərçəkən” kimi tanınıblar. Məhkəməyə gələn “zərərçəkənlər” isə özlərini bu statusda tanımadıqlarını, hər hansı zərərə uğramadıqlarını, mənzillərinin özlərinə aid olduqlarını bəyan ediblər. O zaman sual olunur ki, bu necə dələduzluqdur? Bina tikilib, sadəcə tamamlama işləri qalır, bu işlərin yubanması ilə bağlı səbəblər çox aydın göstərilir, mənzil sahibləri mənzillərinin özlərinə aid olduqlarını deyir, istəklərinin ancaq tamamlama işlərinin tezliklə başa çatdırılması olduğunu bildirirlər. O zaman burada dələduzluq haradadır?

Yeri gəlmişkən, bir müddət öncə Prezident Adminstrasiyası ölkədə fırıldaqçılıqla məşğul olan 33 tikinti şirkətinin aşkar olunması haqda açıqlama vermişdi. Adları çəkilən şirkətlər məhz ya binanı tikməmişdilər, ya da tikilən binalarda bir mənzil bir neçə nəfərə satılmışdı. Amma AMAY-ın məsələsində belə hal qeydə alınmayıb və olmayıb.

Ya olsun götürülən kreditlərlə bağlı. İttiham tərəf bu kreditlərin mənimsənilməsi üzərində dayanır. Adı çəkilən kreditlərin götürülməsi, hara sərf edilməsi hamısı aydındır. “Texnikabank”dan götürülən kreditlə bağlı girov qoyulub ki,  qoyulan girov verilən məbləğin iki misli qədərdir. Əgər götürülən kreditin qarşlığı olaraq girov qoyulubsa burada hansı mənimsəmədən danışmaq olar? Yenə də yeri gəlmişkən, məhkəmədə çıxış edən “Texnikabank”ın təmsilçisi AMAY-ın banka hər hansı borcu olmadığını və kreditini bağladığını söyləyib.

AMAY rəhbərinə səlahiyyətindən sui-istifadə ittihamı irəıli sürülüb. Amma A.Abdullayev məhkəmə prosesində bu ittihamın mahiyyətinin ona aydın olmadığını söyləyib. Belə ki, A.Abdullayev şirkət tərkibindəki “Birlikbank”ın Müşahidə Şurasının sədridir, Müşahidə Şurasının sədri isə hər hansı sərəncamverici hüquqa malik deyil. Bundan irəli gələrək A.Abdullayev ona qarşı səlahiyyətindən sui-istifadə etməsi haqda ittihamı əsassız adlandırıb. Həm də bu ittihamı irəli sürənlərə ittiham elan etməzdən öncə buna nə qədər əsas olub-olmadığını bilməyin gərəkdiyini söylədi.

Daha bir ittiham çirkli pulların leqallaşdırılması ilə bağlıdır. Bu ittihamla bağlı məhkəmə prosesinin ilk günündən müdafiə tərəfi istintaqdan sübutlar tələb etsə də 4 ay ərzində həmin subutları əldə edə bilmədi. Çünki həmin sübutlar sadəcə yoxdur. İstintaqa görə A.Abdullayev İranda 144 milyon dolları leqallaşdırıb. Amma bu maliyyə vəsaitləri necə əldə edilib, mənbəyi nədir və s. kimi suallara istintaq cavab verə bilmir. Həm də çirkli pulların leqallşdırılması ilə bağlı istintaq materiallarında ancaq “istintaqa məlum olmayan yollarla” ifadəsi keçir. Yəni bir sözlə, bu ittihamın sübut oluna bilməsi mümkün deyil. Yenə də ona görə yox ki, sübut etmək olmaz, ona görə ki, belə hal və xüsusat sadəcə və sadəcə yoxdur.

Vəkillər söhbətlərində cinayət işini bütünlükdə “ittiham tərəfin cinayəti sübut edə bilməməsi” kimi dəyərləndirirlər. Cinayət sübut olunmadığı üçün cinayət işinə xitam verilməsini irəli sürürlər.

Amma bizim üçün daha real olan suallar maraqlıdır və onlardan biri də A.Abdullayevlə bağlı məhkəmə prosesinin nə zaman başlamasıdır.

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button