ABŞ Dövlət Departamentindən Fuad Qəhrəmanlıyla bağlı çağırış: “Azad edin!”

fuad-1.jpg

ABŞ Dövlət Departamenti AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini “ifadə azadlığının pozulması” kimi qiymətləndirib.

Dövlət Departamentinin nümayəndəsi turan.az-ın Vaşinqton müxbirinə açıqlamasında bu barədə danışaraq bildirib ki, Fuad Qəhrəmanlının şübhəli həbsinin səbəbi onun ifadə azadlığı hüququndan yararlanması ilə əlaqədardır.

Departamentin təmsilçisi qeyd edib ki, Birləşmiş Ştatlar bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquq və azadlıqlardan istifadə etməsinə imkan yaratmağa çağırır:

“Biz Azərbaycan hökumətini öz vətəndaşlarının əsas hüquq və azadlıqlarını müdafiə etməyə çağırırıq. Stabillik və təhlükəsizlik vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Biz hakimiyyəti öz hüquq və azadlıqlarını reallaşdırdığına görə, həbs olunmuş bütün şəxsləri azadlığa buraxmağa çağırırıq”.

***

Dövlət Departamentindən bu bəyanat verilən saatlarda Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlının həbsindən verilmiş sikayətə baxılıb.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi Hakimlər Kollegiyası apellyasiya şikayətini təmin etməyib. İbtidai istintaq dövrü üçün Fuad Qəhrəmanlı barədə üç aylıq həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmədə Fuad Qəhrəmanlı özü də iştirak edib.

Vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, Fuad Qəhrəmanlı məhkəmədə çıxışında ittihamların absurd olduğunu, siyasi fəaliyyətinə görə sifarişlə həbs edildiyini bildirib.

Vəkil xatırladıb ki, Fuad Qəhrəmanlıya qarşı ittihamlar tamamilə əsassızdır:

“Fuad Qəhrəmanlı “facebook”dakı statuslarında sadəcə, ümumiləşdirilmiş formada qanunsuzluğa yol vermiş məmurları tənqid edib. İstintaq orqanı subyektiv mülahizələrinə əsaslanaraq, hesab edir ki, o yazılarına görə Fuad Qəhrəmanlı məsuliyyətə cəlb olunmalıdır. Halbuki o yazılar verilən ittihamın təsiri altına düşmür, həmin maddələrin cinayət tərkibini yaratmır”.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində Fuad Qəhrəmanlı barədə həbs qərarı verilərkən, işə formal baxılıb:

“Təsəvvür edin, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) maddəsilə ittiham irəli sürülüb, məhkəmə isə işə o qədər formal baxıb ki, öz qərarında Cinayət Məcəlləsinin 281.2-ci maddəsilə həbs qətimkan tədbiri seçib”.

Vəkil əlavə edib ki, Fuad Qəhrəmanlının həbsilə əlaqədar yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq:

“Həbs qərarlarından şikayət üçün sonuncu instansiya apellyasiya məhkəməsidir. Ona görə də apellyasiya məhkəməsinin qərarını alandan sonra Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Xatırladaq ki, Fuad Qəhrəmanlı dekabrın 8-də həbs olunub. Ona qarşı “facebook” səhifəsində yazdığı statuslara görə Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (dini, irqi, sosial,nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu deyir, baş verənləri AXCP-yə qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirir.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button