ABŞ rəsmisi Bakıda regional təhlükəsizlik məsələsini müzakirə edib

19.01.2012

ABŞ Dövlət Katibi köməkçisinin müavini Eric Rubinin Bakıda Azərbaycan rəsmiləri ilə apardığı 2 günlük danışıqlarda regional təhlükəsizlik, xüsusilə də İran məsələsi diqqət mərkəzində olub.

Turanın məlumatına görə bunu Eric Rubin cümə axşamı Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin bu görüşlərdə Qəbələ Radio Lokasiya Stansiyasının da müzakirə edilməsilə bağlı kütləvi informasiya vasitələrinin yaydığı məlumatları təkzib edib.

Rubin səfər zamanı prezident İlham Əliyev və digər ölkə rəsmiləri, müxalifət liderlərilə görüşüb.

Xatırladaq ki, Eric Rubin 2011-ci il noyabrın 28-də Vaşinqtonda Karnegi Fondunun “Cənubi Qafqaz: müstəqilliyin 20 ili” mövzusunda beynəlxalq sülh konfransında çıxış edərkən deyib ki, ABŞ Azərbaycanda mülki cəmiyyəti dəstəkləyir: “Hökumətlə yaxşı dialoq qurmuşuq. Məqsədimiz demokratik prosesləri, institutları dəstəkləməkdir, ayrı-ayrı partiyaları və fərdləri deyil. Azərbaycan hökuməti də bu məsələni dəyərləndirdiyini bildirib, onlar da bunu istəyirlər: institusional inkişaf və demokratik siyasi proseslərin inkişafını. Təbii ki, problemlər var və biz onlara kömək üçün əlimizdən gələni edirik.” Eric Rubin üç Cənubi Qafqaz respublikasının iqtisadi inkişafından, müsbət meyllərdən də danışıb. Korrupsiya ilə mübarizə cəhdlərində Gürcüstanı model kimi göstərib, deyib ki, hər üç ölkədə bu sahədə irəliləyiş var: “Məncə, enerji regiondakı əsas məsələlərdən biri olaraq qalır. Azərbaycanın enerji resursları və inkişafı rifaha səbəb olub, ancaq bu pul necə istifadə olunacaq, bu vəsaitə bütün regionda həyat şəraitini yaxşılaşdırmaq, xeyir vermək üçün bel bağlamaq olarmı – bilirəm ki, Azərbaycan hökuməti bunu qonşuları ilə müzakirə etməkdədir. Biz bunu dəstəkləyirik… Bu miqyasda resurslar işlənəndə onların hara sərf olunması sual yaradır. İnanırıq ki, ilkin nəticələr həvəsləndiricidir”.
Jurnalistlərin “Azərbaycan hökuməti ilə yaxşı dialoq deyəndə nəyi nəzərdə tutursunuz? Əgər siyasi məhbusların azadlığa buraxılmasını nəzərdə tutursunuzsa, son 15 ildə daimi bir proses gedir – daha çox adam həbsə atılır, bir neçə nəfər buraxılır və bu da beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən alqışlanır. Əgər dialoq son 20 ildə yaxşı olubsa, nəyə görə Azərbaycanda bu qədər problem var, media idarə olunur, insan haqları getdikcə daha çox pozulur?” sualına cavabında Eric Rubin,  “Mən heç cür Azərbaycanda insan haqları ilə bağlı problemləri ört-basdır etmək istəmirəm. Hər il insan haqları hesabatımızda bu barədə oxuya bilərsiniz, eləcə də müntəzəm bəyanatlarımızda. Bakıdakı səfirimiz də aydın bəyanatlar verir, sonuncusu açıq-aydın qətlə yeridilmiş jurnalist Rafiq Tağının faciəvi ölümü ilə bağlı olub. Bu hadisə bizi kədərləndirir, jurnalistin ölməyi böyük narahatlıq doğurur. Faktları bilmirik; bunun niyə baş verdiyini dəqiq deyə bilmərik. Ancaq indiki anda bu məsələ böyük narahatlıq yaradır. Bu mənada, Azərbaycan hökumətinin Rafiq Tağının ölümünün araşdırılması üçün xüsusi istintaq qrupu yaratması alqışlanmalıdır. Mən çox yaxşı dialoq deyəndə belə bir nümunəni nəzərdə tuturdum. Biz Azərbaycan hökuməti ilə daim çox səmimi müzakirə aparırıq. Bu, ikitərəfli söhbətdir. Məncə, Azərbaycan hökuməti də bunu dəyərləndirir. … Biz Azərbaycandan daha açıq siyasət və daha açıq mülki cəmiyyətə aparan struktur dəyişiklikləri istəyirik”.

Eric Rubin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə bu ilin iyulunda təyin olunub. O, həmin vəzifədə Tina Kaidanow-nu əvəz edib. Son dörd ildə E. Rubin ABŞ-ın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button