ABŞ səfirliyində siyasi məhbus müzakirəsi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev ABŞ səfirliyinin Siyasi işlər üzrə müşaviri Uilyam Solleylə görüşüb. Görüşdə insan hüquqlarının vəziyyəti, siyasi məhbus problemi və digər məsələlər müzakirə olunub. Oqtay Gülalıyev ölkədə insan haqlarının kütləvi şəkildə tapdandığını qeyd edərək, təkcə cari ilin 26 sentyabrında referendum öncəsi 200 nəfərdən çox şəxsin polis tərəfindən saxlandığını, inzibatı həbs cəzasına məruz qaldığını bildirib.

Görüşdə siyasi məhbus probleminə toxunan Alyansın koordinatoru qeyd edib ki, hazırda ölkə həbsxanalarında 150- dən çox siyasi məhbus var. Siyasi məhbuslar içində dindar kəsimi təmsil edən məhbusların sayının daha çox olduğunu ABŞ-lı diplomatın diqqətinə çatdıran hüquq müdafiəçisi bildirib ki, keçən ilin 26 noyabrında Nardaranda həbs olunan şəxslər başda Hacı Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı olmaqla dövlət əleyhinə hər hansı qanunazidd hərəkət etməyiblər. Əksinə, dövlətin adından və gücündən istifadə edənlər dinc, günahsız insanları həbs edib onlara ağır işgəncələr veriblər. O.Gülalıyev bildirib ki, təmsil etdiyi təşkilat “Nardaran işi” ilə bağlı həbs olunan bütün şəxslərin gunahsız olduğu qənaətindədir və onların hamısını siyasi məhbus hesab edir. O, ABŞ səfirliyinin “Nardaran işi” və digər siyasi məhbusların məhkəməsinə, eləcə də siyasi məhbus probleminə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Görüşdə O.Gülalıyev adları siyasi məhbus siyahısında olmayan, həbsində siyasi motivlər olan bir çox şəxslərlə bağlı hazırda təmsil etdiyi təşkilat tərəfindən araşdırmalar aparıldığını bildirib, eyni zamanda fəaliyyətinə xitam verilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son 10 ildə həyata keçirilmiş qanunsuz həbslər barədə danışıb. Hüquq müdafiəçisi 2012-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə açılan absurd cinayət işinə bu günə qədər qanunvericiliyin tələblərinə zidd olaraq xitam verilmədiyini və onun pasportla təmin olunmaması, eləcə də ölkədən çıxışına qoyulan qadağa ilə bağlı səfiriliyin əməkdaşlarını məlumatlandırıb.

Əlaqəli məqalələr

1 şərh

  1. Heç bir ölkədə (hətta avtolitar ölkələrdə) bu qədər siyasi məhbus yoxdur. 90% ölkə əhalisi narazıdır, bəs onda niyə etiraz aksiyalarına qatılmırlar -deməli bu hakimiyyət bu insanlara nə edirsə düzgün edirir. Öz haqqını tələb etməyən toplum buna layiqdir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button