ADR hərəkatı niyə qeydiyyata alınmır?

ADR Hərəkatın dövlət qeydiyyatına alınmasının ləngidilməsindən narahatdır.

Noyabrın 26-da Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda öncə ADR Hərəkatının noyabrən 18-də keçirdiyi büdcə müzakirələrinin nəticələri və təsirləri müzakirə olunub. Bu istiqamətdə tədbirlərin müntəzəm təşkilini vacib sayan İdarə Heyəti üzvləri qərara alıblar ki, Hərəkata üzv olan ekspertlərin və kənar mütəxəssislərin rəyi nəzərə alınmaqla “Büdcə şəffaflığının və hesabatlılığının artırılmasına dair Tövsiyələr Paketi”ni əlaqədar dövlət orqanlarına təqdim etsinlər. İdarə Heyəti üzvləri hesab ediblər ki, növbəti belə müzakirə Azərbaycanda qış dövründə kommunal xidmət müəssisələrinin fəaliyyətsizliyinə həsr olunsun.
İdarə Heyəti üzvləri təşkilatı inkişafla bağlı məsələlərdə Hərəkatın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə təkrar müraciəti müzakirə edib, qeydiyyatın gecikdirilməsindən narahatlıqlarını ifadə ediblər.
Bu məsələ çərçivəsində növbəti müzakirə Ağstafa rayonu üzrə Təşkilat Komitəsinin təsis toplantısını keçirmək üçün yer ayrılması məqsədilə yerli icra hakimiyyətinə müraciətə verilən cavablar ətrafında olub və çıxış edənlər yerli icra hakimiyyətinin qanuna zidd olan fəaliyyətini pisləyiblər. İdarə Heyəti ADR Hərəkatının rəhbərinin imzası ilə Ağstafa rayon icra hakimiyyətinə təkrar müraciətin ünvanlanması təklifini məqsədəuyğun sayıb və razılaşdırılıblar ki, dekabrın 18-də təsis konfransının keçirilməsi üçün Ağstafaya yenidən müraciət göndərilsin.
İdarə Heyəti üzvləri gözləntilərə baxmayaraq, məqsədli şəkildə islahatların gecikdirilməsindən, imitasiya xarakterli qərarların qəbulundan narahatlıqlarını ifadə ediblər. Onlar hesab ediblər ki, hazırda ölkədə yalnız iqtisadi tənəzzül deyil, həm də idarəetmə böhranı müşahidə olunur. Odur ki, qərara alınb ki, Azərbaycanda islahatların ləngidilməsinə dair ADR-in bəyanatı qəbul edilsin.
İdarə heyəti üzvləri İraqda yaranmış son vəziyyətlə bağlı Kərkük türklərinə dəstək almaq üçün hökümət başçısına müraciət etmək qərarına gəliblər. Onlar hesab edirlər ki, Azərbaycan hakimiyyət bu məsələyə nəinki diqqətini artırmalı, həm də konkret dəstək proqramları ilə türkmənlərə kömək etməlidirlər.
Yekunda İdarə Heyəti üzvləri dekabrın 24-də ADR Hərəkatı Ali Məclisinin növbəti sessiyasını keçirməyə qərar verib, ona hazırlıq məsələlərini müzakirə ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button