ADR Hərəkatı 2018-ci il büdcəsi ilə bağlı mövqe sənədi yaydı

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 2018-ci ilin büdcəsinə dair mövqe sənədi yayılıb. Xural.com sənədi təqdim edir:

Dekabrın 1-də qısa müddətli müzakirlərdən sonra Mili Məclis tərəfindən qəbul olunmuş 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 217 milyon manat, xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılıb, kəsir isə 920 milyon manat təşkil edəcək. Hövbəti il üçün büdcə gəlirləri bu illə müqayisədə 3 milyard 361 milyon manat artırılsa da, bu artımın 96,8 faizi neft gəlirləri hesabına təmin ediləcək. Bütövlükdə gələn il üçün büdcəyə mədaxil olunacaq hər 100 manatdan 55 manat 10 qəpiyi birbaşa neft pulları hesabına formalaşacaq. Deməli, gələn ilin büdcəsi bu illə müqayisədə daha çox neft gəlirlərindən və dünya bazarında neftin qiymətindən asılı vəziyyətə düşəcək. Bu, həmçinin növbəti ilin büdcəsində sabit və davamlı mənbələrdən daxil olmaların cari illə müqayisədə az olacağını deməyə əsas verir. Buradan həm də belə qənaətə gəlmək olar ki, gələn ilin büdcəsi, hətta neftin 1 barreli üçün orta qiyməti 45 dollar bazasında hesablansa da, daha “kövrək” olacaq və onun formalaşması gələcək nəsillərə məxsus neft gəlirləri hesabına başa gələcək.
2004-cü ildən 2017-ci ilə qədər sosial-iqtisadi inkişafına 39,5 milyard manat vəsait xərclənən regionların gələn ilin büdcəsinin mədaxilində payı 3,23 faiz gözlənilir. Deməli, növbəti ilin büdcə gəlirlərinin proqnozlaşdırılmasında tarazlıq pozulub, yəni büdcə gəlirləri müstəsna olaraq Bakı və Abşeronun hesabına təmin olunacaq.
2018-ci ilin büdcə gəlirlərinin formalaşdırılmasında narahatlıq yaradan məqamlardan biri də cərimə və sanksiyaların, aksiz vergiləri və gömrük rüsumlarının, həmçinin ictimai xidmətlərə görə ödəniləcək rüsumların payının artırılmasıdır. Əsasən, sahibkarlar və istehlakçıların cərimələri və digər ödəmələri hesabına nəzərdə tutulan artımlar son nəticədə məhsul və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq ki, bu da gələnilki büdcənin inflyasiya yaradıcı amilləri fəallaşdıracağını deməyə əsas verir.
Dövlət büdcəsinin xərclərinin struktur təhlili göstərir ki, 2018-ci ilin büdcəsi daha ədalətsizdir və səmərəsiz quruluşa malikdir. Belə ki, gələn il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 38 manatı tikintiyə, 19 manat 50 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasına, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd tərərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək.
Növbəti ilin büdcəsində təsnifatı verilməyən, şəffaflıq və hesabatlılığı aşağı olan tikinti, müdafiə, əsas bölməyə aid edilməyən sair xərclərin birlikdə payı 60 faizdən çox olacaq ki, bu da büdcə xərcləmələrində mövcud olan korrupsiyanın daha da genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda dövlət büdcəsindən gizli subsidiyaların və cari transferlərin birlikdə payının 1 milyard manata qədər artırılması da korrupsiyanın inkişafına xidmət edən neqativ dəyişikliklərdən hesab oluna bilər.
2018-ci ilin büdcə xərclərinin səmərəsizliyini artıran dəyişikliklərdən biri də xarici borca xidmət xərclərinin büdcə xərclərinin 10 faizindən çox olması və 2,2 milyard manatı ötməsidir. Dövlət təminatı ilə alınan və iri vergi tədiyəçiləri sayılan icraçı şirkətlərə verilən xarici borcların səmərəsiz istifadəsi onun qaytarılmasının məsuliyyətini büdcənin, “xərci”ni isə vergi ödəyicilərinin və istehlakçıların üzərinə qoyur. Bu və digər səmərəsiz bölgü nəticəsində 2018-ci ilin dövlət büdcəsindən insanın inkişafına yönələn vəsaitlərin həcmi daha da məhdudlaşacaq. Yenə də Azərbaycan büdcədən maliyyələşən adambaşına düşən təhsil və səhiyyə xərclərinə görə qonşu Gürcüstandan da geri qalacaq.
ADR Hərəkatı 2018-ci ilin dövlət büdcəsini təhlil edərək bu qənaətə gəlir ki, cari illə müqayisədə gələn ilin büdcəsi daimi və davamlı mənbələri az olan – dayanıqsız, xarici faktorlardan daha çox asılı vəziyyətə düşən – kövrək, korrupsiyanın genişləndirilməsinə yol açan – səmərəsiz, insanın inkışafına töhfəsi azalan – istehlak yönlü olacaq. ADR Hərəkatı hesab edir ki, əsasən daimi və davamlı mənbələr üzrə formarlaşdırılması zəruri olan 2018-ci ilin büdcəsi barədə məlumatlara ictimai əlçatanlıq artırılmalı, büdcə vəsaitləri proqram əsasında xərclənməklə onun səmərəliliyi yüksəldilməli, bununla yanaşı, şəffaflıq və hesabatlılıq yolu ilə büdcə vəsaitlərinin korrupsiya “yeminə” çevrilməsinin qarşısı alınmalıdır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button