Ağalar Bayramov-63!

Bədii qiraət sənətinin tənha qalan sənətkarı…

 

Ağalar Bayramov bədii qiraət ustasıdır. 2014-cü ildə onun 60 yaşı tamam oldu. Amma 60 illi yubileyinin haqqında səlahiyyət sahibləri hər şeyi tamamən unutdular. Təkcə unutdularmı? Təbii ki, yox. Hər şeyin yol-yolağasını bilən məmur korpusu sadəcə bu önəmli tarixi unutmaq və unutdurmaq istədilər. Vəssalam.

Bədii qiraət sənətinin bünövrəsini qoyan qiraətçilər var. Onların sırasında Kazım Ziyanı (1937-ci ildə güllələnib), Müxlis Qənizadəni, Soltan Nəcəfovu, Həsən Əblucu, Mikayıl Mirzəni, Əminə Yusifqızını və İlham Əsgərovu göstərmək olar. Və təbii ki, bu sırada Ağalar Bayramov da var. Ağalar müəllim 1983-cü ildən – 24 ildir ki, Bədii Qiraət sənəti ilə məşğuldur.

2001-ci ildə “Qızıl Qılınc” mükafatına layiq görülüb. 2002-ci ilin 24 dekabr tarixində İlham Əliyevin ad günündə Heydər Əliyev tərəfindən Əməkdar artist adını alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının dosentidir. Məmməd Araz, Fikrət Qoca, Məmməd Aslan, Zəlimxan Yaqub, Habil Əliyev, Əminə Yusifqızı, Musa Yaqub, Əldər Ol, Ramiz Qusarçaylı kimi ziyalılarımız Ağalar Bayramov haqqında öz sözlərini demişlər.

Akademik Vasim Məmmədəliyev, Professor Tofiq Hacıyev, deputatlar Fəttah Heydərov, Qənirə Paşayeva, aktyor Rasim Balayev Ağalar Bayramovun sənəti və səsi haqqında söz demişlər. 1985-ci ildən bu günə kimi onun sənəti haqqında 100-lərlə məqalə dərc olunub. Yeganə bədii qiraət ustasıdır ki, ona şairlər tərəfindən şeirlər həsr olunub. Şair Eldar İsmayıl, Musa Yaqub, Ramiz Qusarçaylı, Əjdər Ol, Səadət Buta, Ələmdar Quluzadə…

1983-cü ildən səsi-sorağı səngərlərdən, dövlət tədbirlərindən gəlir. Amma başqa yerlərdə, təltiflərdə, mükafatlandırmalarda Ağalar Bayramov yaddan çıxır. Dünyanın böyük şəhərlərində Azərbaycan naminə iştirak edib, Azərbaycanı təmsi edib – Almaniyanın Köln, Frankfurt am Mayn, Türkiyənin İstanbul, Antaliya, İsveçin Stokholm, Belçikanın Brüssel, İngiltərənin London, Rusiyanın Sankt-Peterburq, Moskva, Dərbənd, Qazaxıstanın Almatı və s.

İndi ölkəmizdə bütün dəyərlər kəllə-mayallaq olub. Dovşanların beli yəhərli at olduqları, fillərin qarışqalara yenildiyi zamanları yaşayırıq. Bütün sahələrdə nadanlar və naşılar hakimdirlər. Təbii ki, Ağalar Bayramovun çalışdığı sahə də bundan xali deyil. Orada da əxlaq problemi olanlar əxlaqdan, tərbiyə problemi olan tərbiyədən danışırlar. Nə sirrdir bilinməz, amma elə adamlara Əməkdar, sonra da Xalq artisti adı verilir ki, adamın matı-qutu quruyur. Əcəba, bu ölkənin dəyərləndirmə ölçüsü bu qədərmi korşaldı?! Hansı etalondur elə? Kimin arşını ilə ölçülür meyarlar? Prezident Administrasiyasımı?! Mədəniyyət Nazirliyimi?! Haradır bu məkan?!

Bəzən adamın içindən qəribə bir hiss də keçir. Ayaqların baş, başların ayaq olduğu bu zamanlarda bəlkə heç Ağalar Bayramov kimi qiraət sənətinin tənha sənətkarına Xalq Artisti adı verməyə də gərək yoxdur? Nə mənası var, mənasızlaşan mükafatların və təltiflərin fonunda bu ada? Hər yoldan keçənə və hər yuxusunu qarışdırana “Xalq Artisti” fəxri adı verilirsə, o zaman nə ehtiyac var əsl sənətkarlara bu adı verib, onu urvatdan salmaq. Hər mənasız adama bu fəxri ad verilirsə, bəlkə Ağalar müəllimə heç lazım deyil o ad?! Axı, görünən dağa nə bələdçi?!

2014-cü ildə 60 yaşı tamam oldu. Heç kim yubiley tədbirini yada salmadı. Heç bu il də – 63 yaşı tamam olanda da kimsə əlahiddə yaddaş qurcalamadı. Amma biz inanırıq ki, 65 yaşının tamamında artıq Xalqının Artisti olan Ağalar Bayramov həqiqətən Xalq Artisti olaraq yubileyini ölkə miqyasında qeyd edəcək və səsinin sehri ilə dünyanı ovsunlamağa yenə davam edəcək.

Təbriklər və təşəkkürlər, Ağalar Bayramov!

 

SelBa

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button