AİHM-nin qərarı Tofiq Yaqublunun azadlığa çıxmasına kömək edəcəkmi?

AİHM-nin qərarı Tofiq Yaqublunun azadlığa çıxmasına kömək edəcəkmi?

Beynəlxalq qurumun indiyə qədər verdiyi bu cür qərarlar gözlənilən effekti verməyib; başqan müavininin ailəsi ümidsiz olsa da, hüquq müdafiəçisi nikbindir

Ötən həftə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun dərhal azadlığa buraxılması barədə qərar çıxardı. Qərarda İsmayıllı hadisələrin görə 5 il müddətinə azadlıqdan məhrum edilən vicdan məhbusu üçün  24 min avro ödənilməsi tələb olunur. 
Qeyd edək ki, bundan öncə də AİHM jurnalist Eynulla Fətullayev, hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədov barədə də bu cür qərar çıxarıb. Amma şahidi olduğumuz praktika onu deməyə əsas verir ki, hakimiyyət daha çox bu cür qərarlardan sonra dirəniş göstərir. İndiyə qədər AİHM-nin siyasi məhbuslarla bağlı qəbul etdiyi qərar, onların azadlığa buraxılmalarına bir o qədər də ciddi təsiri olmayıb. Təkcə Eynulla Fətullayevi misal çəkmək kifayət edər. Məhz AİHM-nin onun barəsindəki qərarından sonra həbsxanada ona qarşı narkotik vasitələrindən istifadə etməklə bağlı ittiham irəli sürülmüşdü. Əli İnsanov və İlqar Məmmədovun da hazırda həbsdə olduqlarını nəzərə alsaq, dediklərimiz öz təsdiqini tapır.
Maraqlıdır, T.Yaqublu barəsindəki qərar onun azadlığa buraxılmasına təsir edəcəkmi?
Başqan müavininin qızı Nigar Yaqublu atasının bu qərardan sonra azadlığa qovuşacağına inanmır: “Sözsüz ki, qərarın bizim üçün böyük əhəmiyyəti var. Tofiq Yaqublunun ilk qələbəsi saymaq olar. Azərbaycanda heç bir məhkəmə sistemindən ədalətli qərar gözləmirik. Yalnız ümidimiz Avropa Məhkəməsinə idi. Gecikmiş olsa da, Avropa Məhkəməsi ümidlərimizi doğrultdu. Buna görə təşəkkür edirik. Ən doğru qərarı verdi. Qərarın icra olunması məsələsinə gəlincə, o qədər də sadəlövh deyiləm. Çünki həmin qərar İlqar Məmmədov və Əli İnsanov barəsində də var. Həmin qərarlar icra olunmamış qalır. Bu da əsas verir ki, Tofiq Yaqublunun yaxınlarda azadlığa çıxmasına ümid etmək olmaz”.
T.Yaqublunun vəkili Nemət Kərimli qərar barədə bunları dedi: “Avropa Məhkəməsinə verilən şikayət Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 5-ci maddəsi ilə bağlı idi. Azadlıq hüququnun toxunulmazlığı ilə əlaqədar. Qərar onu sübut etdi ki, Tofiq bəyin həbsi qanunsuzdur. Onun azadlıq hüququnun pozulması tanındı. 24 min avro dəyərində kompensasiya nəzərdə tutuldu. Hakimiyyət bu cür qərarları icra etməkdən imtina edir. İlqar Məmmədov nümunəsini xatırlayaq. Hətta onunla bağlı Nazirlər Kabinetinin də qərarı var. Hesab etmirəm ki, qərar təsir edəcək. Xalqın yalnız aktivliyi siyasi hakimiyyətə təsir edir”.
Hüquq müdafiəçisi Arzu Abdullayeva qərarın verdiyi müsbət amillərdən danışdı: “Bu qərara çox sevindim. Bu qərar ona görə yaxşıdır ki, biz artıq qanuni çərçivədə onu daha çox müdafiə edə bilərik. Onun azadlığa çıxması məsələsini ortaya qoya bilərik. Artıq İlqar Məmmədov üçün kampaniyaya başlayırıq. Onun azadlığa çıxması ilə bağlı. Tofiq Yaqublu məsələsini də birgə gündəmə gətirəcəyik. İnsan Haqları ilə bağlı noyabrın 10-da dəyirmi masa olacaq. Yeni qərarımızı orada bəyan edəcəyik. Açığı indiyə qədər belə qərarlara bir o qədər də əhəmiyyət verilmirdi. Amma indi Avropa Şurası ilə Azərbaycanın münasibəti dəyişməlidir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qərarı olub. Azərbaycan hakimiyyəti elan edib ki, bu bizim qələbəmizdir. Vəziyyət dəyişəcək. İqtidarın münasibətində də dəyişiklik olacaq. Beynəlxalq təşkilatlar bu qərardan sonra daha fəal olmalıdırlar. Bu artıq onların üzərlərinə götürdükləri bir öhdəlikdir. Çünki belə bir qərar verildiyi zaman quruma daxil olan ölkələr qərarı dəstəkləyirlər. Çünki belə bir öhdəlik götürüblər”.
Qeyd edək ki, Tofiq Yaqublu REAL sədri İlqar Məmmədovla birlikdə 2013-cü ilin yanvarında baş verən İsmayıllı hadisələrinə görə həbs ediliblər. İ.Məmmədov 7, T.Yaqublu isə, 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button