AİHM qərarlarının tam icra olunması üçün atılmalı addımlar-TƏKLİF

Xural.com tanınmış vəkil və hüquqşünas Əsabəli Mustafayevin Sivil Toplum Platformasının BMM-də keçirilən Forumdakı çıxışının mətnini təqdim edir:

stp2 27 04 2016

Bütün tədbir iştirakçılarını mən də salamlayıram. Hörmətli kolleqam Xalid bəy Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icrasının acınacaqlı vəziyyətini nümayiş etdirdi. Mən bu vəziyyətdən çıxmaq üçün hansı tədbirlərin görülməli olduğundan danışmaq istəyirəm. Vaxtın azlığını nəzərə alaraq fikirlərimi tezislər şəklində səsləndirmək istəyirəm.

  1. Avropa Məhkəməsinin (habelə BMT-nin İnsan Hüquqları Komitəsinin) qərarlarının icrasına məsuliyyət daşıyacaq xüsusi qurumun yaradılması

Hal-hazırda hüquqi əsaslarla belə bir qurumun fəaliyyət göstərməsi barədə məndə məlumat yoxdur. Praktikada qərarların icrası ilə, xüsusən də kompensasiyaların ödənilməsilə Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi məşğul olur. Nümayəndə və onun əməkdaşları Prezident Sarayında yerləşsələr də, bu bölmə barədə saytlarda heç bir məlumat yerləşdirilməyib. Şəxsən mənim bir nümayəndə kimi bu əməkdaşlar ilə münasibətim yalnız kompensasiyaların ödənişi ilə bağlı olub. Artıq qeyd etdiyim kimi beynəlxalq məhkəmə qərarlarının icrasına məsul olan hər hansı bir xüsusi qurumun mövcudluğu barədə məndə məlumat yoxdur. Avropa ölkələrinin demək olar ki, hamısında belə bir qurum mövcuddur. Həmin qurumlarda bütün hüquq-mühafizə orqanlarının, habelə ədliyyə, məhkəmə, maliyyə və digər  strukturların nümayəndələri təmsil olunurlar. Bu qurumların səlahiyyətləri, fəaliyyət qaydaları xüsusi hüquqi aktla tənzimlənir. Hesab edirəm ki, belə bir xüsusi qurumun bizim ölkədə də yaradılmasına zərurət vardır. Həm də bu qurumun fəliyyəti ərizəçilər, onların nümayəndələri, bütünlükdə cəmiyyət üçün açıq olmalıdır.

  1. Avropa Məhkəməsinin qərarları əsasında milli məhkəmələrin qərarlarına yenidən baxılma qaydası dəqiq müəyyən edilməlidir

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 455.0.2. maddəsinə və Mülki Prosessual Məcəlləsinin 431-1.2.2 maddəsinə görə hüquq və azadlıqların pozulması barədə Avropa Məhkəməsinin qərarları milli məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarına yeni hallar üzrə baxılması üçün əsasdır. Bu normalara görə Avropa Məhkəməsinin qərarları Ali Məhkəməyə daxil olduqdan sonra 3 ay müddətinə baxılır. Lakin qanunverilicikdə Avropa Məhkəməsinin qərarlarının hansı qurum tərəfindən və hansı müddətə Ali Məhkəməyə göndərilməli olduğu müəyyən olunmamışdır. Məhz bu səbəbdəndir ki, Avropa Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra illərdir Ali Məhkəməyə göndərilmir. Hesab edirəm ki, bu məsələ qanunvericilik qaydasında həll olunmalıdır.

  1. Ərizəçilər və onların nümayəndələri, Vətəndaş Cəmiyyəti institutları Avropa Məhkəməsinin qərarlarının icrasının təmin olunmasında iştiraklarını gücləndirməlidirlər

Hesab edirəm ki, barəsində qərar qəbul edilmiş ərizəçilər və onların vəkilləri kompensasiyaların alınması ilə kifayətlənməyib, bu qərarlarla bağlı digər fərdi və ya ümumi tədbirlərin icra edilməsinə səy göstərməlidirlər. Məsələn, müvafiq milli qrumlara müraciət edərək həmin tədbirlərin görülməsini tələb etməlidirlər. Zərurət yaranarsa. Qərarların icrası ilə bağlı yerli məhkəmələrə şikayətlər vermək lazımdır. Bundan başqa, qərarların icrasının gedişatı barədə mümtəzəm olaraq Avropa Şurasının Nazirlər Komitəsinə arayışlar göndərmək lazımdır. Eyni işləri qeyri-hökümət təşkilatları da görməlidirlər. Xüsusən də QHT-lərin qrup halında Avropa Şurasının Nazirlər Komitəsinə hesabatlar göndərməsi müsbət nəticələr verə bilər. Bundan başqa, məlumdur ki, Strasburqda, Avropa Məhkəməsində müntəzəm olaraq QHT-lər ilə görüşlər keçirilir. Ölkə QHT-lərinin, xüsusən də insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən QHT-lərin belə tədbirlərdə iştirakı məhkəmə qərarlarının icrasının təmin edilməsinə töhvə verə bilər. Əvvəllər ölkə QHT-lərinin Avropa Məhkəməsinin qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar  qrup halında Avropa Şurasının Nazirlər Komitəsinə hesabatlar göndərməsi, konfranslarda iştirak geniş yayılmışdır. 2014-ci ildə göndərilmiş son hesabat və ondan əvvəlki hesabatlar indi də Komitənin saytında qalmaqdadır. 2014-ci ildən sonra ölkə QHT-lərinin fəaliyyətinə yaradılmış maneələr, xüsusilə də bu sahədə aparıcı və təşkilatçı olan İntiqam Əliyevin həbsi QHT-lərin həmin sahədəki fəaliyyətinə son qoydu. Hesab edirəm ki, yerli QHT-lər bu sahədə fəaliyyətlərini bərpa etsələr, beynəlxalq məhkəmələrin qərarlarının icra olunmasına töhvə verərlər.

  1. Milli məhkəmələrin qərarlarının icrasının təmin olunması ilə bağlı tədbirlərin görülməsi

Statistika göstərir ki, icra olunmayan Avropa Məhkəməsinin əhəmiyyətli qrupunu milli məhkəmələrin icra edilməyən qərarları təşkil edir. Paradoks hal yaranır. İlkin olaraq yerli məhkəmələrin qərarları icra edilmir. Bundan verilmiş şikayətlər üzrə Avropa Məhkəməsinin qərarları da sonradan yerinə yetirilmir. Bu sahədəki vəziyyəti öz praktikamdan olan statistika ilə nümayiş etdirmək istəyirəm. Yerli məhkəmələrin qərarlarının icra olunmamsı ilə bağlı mənim tərəfimdən bu günə qədər Avropa Məhkəməsinə 67 şikayət göndərilib. Onlardan 38-i qərar kimi qəbul edilib və təmin olunub, 13-i kommunikasiya mərhələsindədir. Təmin olunmuş şikayətlər üzrə 28 qərarda kompensasiyadan əlavə, digər fərdi tədbirlərin, o cümlədən mülkiyyət hüququnun bərpası nəzərdə tutulsa da, həmin tədbirlər bu günə qədər icra olunmayıb. Halbuki həmin qərarların qəbulundan 5-6 il ötüb. Digər vəkillər tərəfindən göndərilmiş oxşar onlarla  işlər üzrə də vəziyyət eynidir. Hesab edirəm ki, yerli məhkəmə qərarlarının icrasının təmin edilməsi Avropa Məhkəməsinin icra olunmayan qərarlarının sayının azadılması ilə yanaşı, bu məhkəməyə göndərilən şikayətlərin sayının da azadılmasına müsbət təsir göstərəcəkdir.

  1. Milli məhkəmələrdə qəbul olunmuş qərarlara görə hakimlərin məsuliyyətinin artırılması

Beynəlxalq məhkəmələrin icra edilməyən qərarlarının sayının azalması sahəsində vacib vəzifələrdən biri ölkəmizə qarşı qərarların qəbulunun azalmasına nail olmaqdır. Bundan ötrü ilk növbədə qərar qəbul edən hakimlərin məsuliyyətini gücləndirmək lazımdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 111-ci maddəsinə görə  İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları bu qərarı qəbul etmiş hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəbdir. Avropa Məhkəməsi Azərbaycana qarşı onlarla qərar qəbul etmişdir. Lakin bu qərarlara görə hər hansı bir hakim barəsində intizam icraatının başlanması barədə məlumat yoxdur. Halbuki milli məhkəmələrin bir çox qərarları Avropa Məhkəməsində heyrət və təəccüb doğurmuşdur və bu hisslər hətta qərarlarda da qeyd olunmuşdur. Əlbəttə, başadüşüləndir ki, bəzi mürəkkəb işlərdə hakimlər hüquqi səhvlərə yol verə bilərlər. Ona görə də bütün ləğv olunmuş qərarlara görə hakimləri məsuliyyətə cəlb etmək absurddur. Lakin elə qərarlar var ki, artıq qeyd etdiyim kimi, onlar yalnız heyrət və təəccüb doğurur. Belə qərarlara görə hakimlərin cəzalandırılması gələcəkdə oxşar qərarların qarşısını alan amil ola bilər.

  1. Milli məhkəmələrdə qanunun aliliyinin təmin edilməsi

Son illərdə ölkəmizə qarşı Avropa Məhkəməsinin qəbul etdiyi qərarların böyük əksəriyyəti azadlıq və şəxsi toxunulmazlıq, söz, birləşmə, toplaşma və s. bu kimi fundamental hüquq və azadlıqların pozuntusu ilə bağlıdır. Belə işlər siyasi sifariş əsasında baxıldığı üçün məhkəmələr həmin işlər üzrə ədalətli araşdırma aparılmasına səy və maraq göstərmirlər. Bəzi digər cinayət və mülki işlərin baxılması da sifariş və ya korrupsiya əsasları ilə aparıldığından, həmin proseslərdə qanunun aliliyi təmin edilmir. Nəticədə bu işlərdən  Avropa Məhkəməsinə şikayətlər göndərilir və ölkəmizə qarşı qərarlar qəbul edilir. Beləliklə də, yerli məhkəmələrin fəaliyyətində qanunun aliliyini təmin etməklə beynəlxalq məhkəmələrinin ölkəmizə qarşı qərar qəbul etməsini önləyə bilərik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button