Akademik Ziya Bünyadovun torpaq sahəsini kim satıb? – VİDEO

Akademik Ziya Bünyadova 70 illik yubileyi münasibətilə hədiyyə edilən torpaq sahəsi satılıb. İndi ona məxsus olan ərazidə ev tikintisi gedir.

Akademikin həyat yoldaşı və qohumları baş verənlərdən narahatdır. Onlara qanunla ayrılan torpaq sahəsi başqasına necə verilə bilər axı?

Strateq.az ANS TV-yə istinadən xəbər verir ki, Ziya Bünyadovun 70 illik yubileyi münasibətilə 1994-cü ildə Heydər Əliyevin göstərişi ilə Astara rayonuərazisində 10 sot torpaq sahəsi ayrılıb.

O vaxt ayrılan torpaq sahəsi bu gün yoxa çıxıb. Daha dəqiq, ailə üzvləri həmin əraziyə gedəndə sözü gedən torpaq sahəsinin satıldığının və orada fərdi ev tikildiyinin şahidi olublar.

Gördüklərindən böyük təəssüf hissi keçirən Bünyadovlar ailəsi Astarada aidiyyatı qrumlara şikayət də edib. Amma heç bir nəticəsi olmayıb.

Bizi əraziyə buraxmadılar, çünki torpaq artıq onlarda deyildi. Belə olan halda nə ixtiyarla, gedib ora girə bilərdik. Baş qarışıq idi, Tahirə xanım isə tək idi. İndi hazırlaşırdıq ki, orada nəsə yaradaq, o da belə”, – deyə Ziya Bünyadovun qohumu Nisəxanım Rəhimova bildirib.

Nisəxanım Rəhimova deyir ki, yaxşı ki, əlimizdə 2007-ci ildə tərtib olunan torpağın eskiz layihəsi var.

Astara rayonundakı Ruhulla Axındov küçəsində yaşayış evinin inşa olunduğunun şahidi olduq. Belə məlum oldu ki, 11 sot torpaq sahəsi Nəcəfova Elnurə Nüsrət qızının adına rəsmiləşdirilib.

Nəcəfovlar ailəsi isə hazırda Ukraynada yaşadığından ərazidə tikinti işlərini Mətləb Nəcəfovun qardaşı Möhlət Nəcəfov aparır.

Möhlət isə torpaq sahəsinin sənədlərini təqdim edərək qanunla ərazinin onlara məxsus olduğunu sübut eməyə çalışdı:

“Beş il bundan öncə bu torpaq sahəsini alqı-satqı yolu ilə almışıq. Aldığımız şəxsin əlində isə rəsmi olaraq torpağın kupçası olub. Kupçaya uyğun “Forma 1” gətirib. “Forma 1”in əsasında natariyyat qaydasında alqı-satqı işləmi həyata keçirilib. Bu beş il ərzində bir nəfər belə olsun bizə yaxınlaşıb yerin onlara məxsus olduğu deməyib”.

Nəcəfovlar 11 sot torpağı şəhər sakini Asif Zeynalovdan 2012-ci ilin dekabrında alqı-satqı yolu ilə alıblar. Asif Zeynalov isə sözügedən torpağı Nazilə Mirzəyevadan alıb. Nazilə Mirzəyevanın isə mərhum akademik Ziya Bünyadova rəsmən verilmiş torpağa necə sahib olduğunu öyrənmək üçün Astara rayon dövlət arxivinə baş çəkdik.

Arxivin müdiri Mirzəli Baxşıyev arxiv sənədlərini təqdim etdi. Arxiv sənədinə əsasən həqiqətən də Astara rayon Xalq Deputatları Soveti Rəyasət Heyətinin 22 iyul 1994-cü il tarixli qərarı ilə Ziya Bünyadova Astara şəhərində bağ evi tikmək üçün 10 sot torpaq sahəsi ayrılıb.

Astara rayon Aqrar İslahat Komissiyası isə 2 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə bu torpaq sahəsi Nazilə Mirzəyevaya və ailə üzvlərinə verilib. Maraqlısı budur ki, bələdiyyənin alqı-satqı sənədində nə torpağın neçəyə satıldığı rəqəm var, nə də tarix.

Bu qeyri-rəsmi sənədə əsasən Astara Rayon İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi Nazilə Mirzəyevaya 25 aprel 2013-cü il tarixli sərəncamı ilə ərazidə ev tikintisinə də icazə verib.

Onda Ziya Bünyadova rəsmən verilmiş torpaq Nazilə Mirzəyevaya necə satılıb? bu sualımıza Astara rayon icra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov açıqlama verməyə çalışdı: “Ailə ona verilən ərazilə uzun müddət maraqlanmadığından Astara bələdiyyəsinin 24 iyul 2002-ci il tarixli qərarı ilə həmin ərazi Astara şəhər sakini Nazilə Mirzəyevaya satılmışdı. Nazilə Mirzəyevaya ona satılan yeri Asif Zeynalovaya, Zeynalova da Nəcəfova Elnurəyə satmışdı”.

Şahverən Cavadov alqı-satqıda iştirak edən hər bir tərəfin əlində sənədlərinin olmasını əsas gətirərək Ziya Bünyadovun 92 yaşlı həyat yoldaşı Tahirə Bünyadovaya haqqlarını müdafiə etmək üçün məhkəməyə müracəit etməyi məsləhət gördü.

Belə çıxır ki, Tahirə Bünyadova torpağının əlindən alınması azmış kimi, hələ bundan sonra ahıl yaşında vaxtını məhkəmələrdə keçirməlidi.

Amma əslində indi o zamanını məhkəmələrdə deyil, həyat yoldaşına ayrılan torpaq sahəsində istirahət edərək keçirməliydi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button