Akif Çovdarov hansı nazirlərlə vaxtaşırı görüşüb? Onun gizli həbsxananın yeri bilindi

akif covdarov

Eldar Mahmudovun «kassiri» barədə yeni məlumatlar

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovun Azərbaycanın enerji vü nəqliyyat sahələrinə rəhbərlik edən şəsxlərlə təmasları olub. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Akif Çovdarov vaxtaşırı “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev, sənaye və energetika naziri Natiq Əliyev və nəqliyyat naziri Ziya Məmmədovla görüşürmüş. Bu görüşlərin hansı mahiyyət daşıdığı dəqiqliyi ilə bizə bəlli deyil. Lakin bəzi məlumatlara görə, Akif Çovdarov onlardan “haqq” alırmış. Təsadüfi deyil ki, mediada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bəzi yüksək rütbəli məmurlardan aylıq “hesab” alması barədə məlumatlar yayılıb.

Həmin məlumatlarda Eldar Mahmudova xərac verən məmurlar arasında Ziya Məmmədovun da adı qeyd olunub. Qeyd edək ki, Akif Çovdarov da Eldar Mahmudovun “kassiri” kimi tanınır.

Bu arada “Trend” məlumat yayıb ki, Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

APA-nın məlumatına görə isə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 4 əməkdaşı həbs edilib. Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Akif Çovdarovun istixana biznesi

Moderator.az saytı da Akif Çovdarov haqqında ilginc məlumat yayıb. Etibarlı mənbə sayta bildirib ki, Akif Çovdarov öz  səlahiyyətlərindən istifadə edərək böyük biznes şəbəkəsi qurub. Mənbə onun istixana biznesinə də xüsusi diqqət çəkib: “Akif Çovdarovun Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində çoxlu sayda istixanaları var ki, bu istixanalar toplam yüz hektarlarla ərazini əhatə edir. MTN generalına məxsus bu istixanalar arasında Masazırda yeni salınmış qaçqın şəhərciyinin arxasındakı istixanalar xüsusi əhəmiyyət kəsb edir. Bu istixanalaları səciyyələndirən ən başlıca amil isə onların beynəlxalq əhəmiyyətli neft kəmərləri keçən ərazidə salınmasıdır”.

Mənbənin sözləinə görə, istixanaların əsası qoyulan zaman Akif Çovdarovun adamları generala ərazidən beynəlxalq əhəmiyyətli neft kəmərinin keçdiyini və burada istixana inşa etməyin mümkünsüz olduğunu xatırlatsa da, gözünü pul hərisliyi örtən general bunu “xırda məsələ” adlandırıb və işçilərə “davam edin” əmrini verib: “Akif Çovdarov onu neft kəməri haqqında məlumatlandıran işçilərə bildirib ki, bu, ”xırda məsələdir” və istixanaların inşasını davam etdirmək lazımdır. Bundan sonra təxminən 10 hektar ərazidə istixanaların quraşdırılmasına başlandı. Bir müddət sonra isə Akif Çovdarov Dövlət Neft Şirkətinin ərazi üzrə idarəsinə bildirdi ki, beynəlxalq neft kəmərinin bir hissəsi onun istixanlarından keçir və buna görə də həmin “lüzumsuz boruları” ərazidən çıxartmaq lazımdır. Eşitdikləri təklifdən şoka düşən Dövlət Neft Şirkətinin əməkdaşları bunun beynəlxalq əhəmiyyətli bir kəmər olduğunu, əvvəlcədən müəyyənləşdirilən layihə əsasında inşa edildiyi və hansısa bir məsafədə onun istiqamətini dəyişməyin mümkünsüz olduğunu bildirib. Aldığı cavabdan məmnun qalmayan Akif Çovdarov isə bildirib ki, heç nə onun istixanalarından önəmli deyil və əgər onun ərazisinə düşən kəmər qısa müddətdən ərazidən köçürülməzsə, o zaman bu problemi o özü, öz bildiyi yöntəmlərlə həll edəcək. Bundan sonra məlum məsələ ilə bağlı rəhbərliyi məlumlandıracaqlarını bildirən idarə əməkaşları məsləhətləşmənin nəticələri ilə bağlı generala məlumat verəcəklərini bildirib”.

Mənbənin sözlərinə görə, Akif Çovdarov bundan öncə də dövlət və beynəlxalq əhəmiyyətli bir sıra layihələrə qanunsuz müdaxilələr edib: “Son illər böyük maddi güc, rəsmi və qeyri-rəsmi səlahiyyət əldə edən Akif Çovdarovda belə bir inam formalaşmışdı ki, o və şəxsi biznesi hər şeydən, hətta xalqın və dövlətin mənafeyindən də üstündür və istənilən məsələyə öz şəxsi maraqları baxımından istənilən cür müdaxilə edə bilər. Buna görə də, MTN generalı yalnız Masazır məsələsində deyil, bir çox məsələlərdə özünü sözün əsl mənasında şıltaq uşaq kimi aparır, haqlı və ya haqsız öz iradəsini həyata keçirməkdən zövq alırdı. Lakin proseslərin sonrakı gedişatı göstərdi ki, dövlət və onun rəhbərliyi A.Çovdarov və digər həmkarlarının şıltaqlığına sona qədər dözmək fikrində deyil və dövlətin strategiyasına, onun mənafeyinə meydan oxuyan hər kəsin aqibəti gec-tez yuxarıdan aşağı baxdığı dövlətin mərhəmətindən, onun rəhbərliyinin verəcəyi qərardan asılı olur”.

Akif Çovdarovun gizli həbsxanası harada yerləşir?

Jam.az saytı isə Akif Çovdarovun gizli həbsxanasının Masazırdakı istinaxanalarından birində yerləşdiyini yazıb.

Akif Çovdarovun əlindən əziyyət çəkmiş xarici iş adamlarından birinin sayta verdiyi məlumata görə, həmin gülçülük plantasiyasının bütün qəfəs sistemlərini o və rəhbəri olduğu şirkət inşa edib. Adının çəkilməsini istəməyən iş adamı bildirib ki, həmin inşaat zamanı isə plantasiyanın yaxınlığında zirzəmi tipli başqa bir tikili də inşa ediblər. Əvvəlcə, o, bu tikilinin hansı məqsədlərə xidmət edəcəyini bilməyib. Daha sonra isə gözünün qarşısında baş verənlərdən sonra hər şeyi anlamağa başlayıb. “Akif Çovdarovun adamları hər gün həmin zirzəmiyə başına torba keçirilmiş bir nəfər gətirirdilər. Axşamüstü general özü gəlib çıxır, sorğu-sual edir, sonra da pul alıb həmin adamı buraxırdı. Oranın həbsxana kimi istifadə olunmasını sonradan anladım”.

Xarici iş adamı vurğulayıb ki, Masazırdakı gülçülük plantasiyasının tikintisi zamanı Akif Çovdarovun ona 500 min dollara yaxın borcu qalıb. “Həmin borcu istədikdə başına torba keçirib gətirtdirdiyi adamların aqibətini yadıma saldı. Bildirdi ki, əgər pulu tələb etməkdə davam edərsəm, məni də eyni aqibət gözləyəcək. Sonra da ölkədən çıxmağımı və bir daha Azərbaycana gəlməməyimi tələb etdi. Mən də gözümün qarşısında baş verənlərdən qorxuduğum üçün hələ də Azərbaycana ayaq basa bilmirəm. Halbuki Azərbaycanda yarımçıq qalmış işlərim və xeyli miqdarda alacaqlarım var”.

“Vosmoy bazarı”nın keçmiş sahibi MTN-dəki şəbəkə barədə nələr danışdı?

Bakının “8-ci km” (xalq arasında “vosmoy bazarı” kimi tanınır) bazarının keçmiş sahibi Səfər Cəfərov da MTN-də başına açılan oyunlar barədə maraqlı faktlar açıqlayıb.

Virtualaz.org saytı yazır ki, Səfər Cəfərovun ailəsi böyükdür, onun səkkiz qardaşı var və qardaşlarından bir neçəsi bazarda onunla birlikdə işləyiblər. MTN-in korrupsiyalaşmış əməkdaşları da bundan istifadə ediblər. 2005-ci ildə, günlərin birində ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar.

Səfər Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DIN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər.

Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi “biznesmenə fiziki təzyiq göstərilir”, əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər. Səfər Cəfərov bu qədər pulunun olmadığını deyəndə MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. İş adamı görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki “Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.

Keçmiş nazir Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də vaxtilə Səfər Cəfərovdan quldurluq yolu ilə alınmış “Maral Veqa”nın sahibi kreslosunda oturur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button