Akif Çovdarov kimləri, niyə şantaj edir?

“Akif Çovdarov xüsusi xidmət orqanlarının peşəkar zabiti olmaya bilər, lakin onun fərasətli biri olmasına şübhə olmamalıdır”

Mətbuat səhifələrində çox maraqlı müzakirələr aparılır. Əsasən də müzakirələr bu iki sual üzərində qurulub:

1. Maraqlıdır, doğrudanmı A.Çovdarovun gizli agentlərin kimliyini bilmək səlahiyyəti olmayıb?

2.Həqiqətənmi Eldar Mahmudov dönəmində gizli agentlərin məxfiliyinin qorunması ilə bağlı ciddi problemlər mövcud olub?

Bu sualların da yaranmasına səbəb ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edən general Akif Çovdarovun gizli agentlərin kimliyini ictimaiyyətə açıqlaya biməsinə dair vəkili vasitəsi ilə müsahibəsidir. Bu açıqlama öz növbəsində sensasiya kimi qəbul edilir və hətta hörmətli ekspertlərimiz “A.Çovdarovun belə məlumatları olub və var” kimi dərhal fikir yürüdürlər. Və eyni zamanda belə çıxışların müəllifini qeyri-peşəkar adlandırırlar. İlk öncə onu qeyd edək ki, həqiqətən də A.Çovdarov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri kimi, ancaq yuxarıda adı qeyd olunan idarənin əməkdaşlarının, yəni tabeçiliyində olan əməliyyatçıların əlaqələrində olan gizli əməkdaşların siyahısına bələd olub. Bir daha qeyd edirəm, ancaq adı keçən idarənin. Bu, müzakirə olunmur, o səbəbdən ki, gizli əməkdaşlığa cəlb olunan hər bir şəxsin cəlb olunma sanksiyası birbaşa idarə rəsi ilə, yəni A.Çovdarovla razılaşdırılaraq daha yuxarı instansiyaya təsdiq olunması üçün ötürülür. Bu səbəbdən A.Çovdarovun hər bir gizli əməkdaşın, istər onun gizli əməkdaşlığa namizədliyi, istərsə də artıq təxəllüslü agent olduğu dövrdə şəxsi işləri və ya iş-fəaliyyət qovluqları ilə dəfələrlə tanışlığı heç bir şübhə yaratmır. Məsələ başqadır. Hətta A.Çovdarov həmin gizli əməkdaşların adlarını bu gün hər hansı bir açıqlamasında hallandırsa belə, bu, ciddi bir rezonans doğurmayacaq və heç bir şəbəkənin ifşasına səbəb olmayacaq. Sabiq rəis bu gün yüz adamın adını çəkə bilər və həmin şəxsləri xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlaya bilər. Lakin bu, qeyri-ciddi səslənəcək. A.Çovdarovun özünün bunu sübut etməyə heç bir imkanı olmayacaq. Hansı hallarda o, bunu sübut edə bilərdi:

1. Həmin gizli əməkdaşlığa namizədlərin cəlbetmə iltizamnamələrini ortaya qoymaqla.

2. Gizli əməkaşların cəlbetmə məqamını əks etdirən video-çəkilişi təqdim etməklə.

3. Gizli əməkdaşların iş-fəaliyyət qovluqlarını ictimailəşdirməklə.

Lakin buradada bir nüans ondan ibarətdir ki, hətta belə təkzibolunmaz faktlar ortaya çıxarsa, bu, birbaşa sabiq rəisin öncədən özünü sığortalamağa cəhdi kimi qiymətləndiriləcək və analoqu olmayan cinayət kimi özünün ayağına yazılacaq. Bundan sonra artıq sabiq rəisə hansısa bir cinayətini sübut etməyə heç ehtiyac da qalmayacaq. Digər tərəfdən isə ümumiyyətlə belə faktların ictimailəşdirilməsinə təşkilat özü qəti şəkildə imkan verməz. Lakin bütün bu məsələlərdə maraqlı məqam başqadır.

Əgər xatırlayırsınızsa, bir qədər öncə hörmətli ekspertlərin söylədiyi “agenturanı açıqlayacam və ya məni məcbur edirlər agenturanı açıqlayım” kimi fikirlər ancaq qeyri-peşəkarlara aid ola bilər. Hesab edirəm, əksinə, A.Çovdarov xüsusi xidmət orqanlarının peşəkar zabiti olmaya bilər, lakin onun fərasətli biri olmasına şübhə olmamalıdır. “Agentura” məsələsi A.Çovdarov tərəfindən heç də təsadüfi atılmayıb ortaya. Əslində, məsələ heç də agentura məsələsi deyil və sabiq rəis heç bir siyahını da ictimailəşdirməyəcək. Diqqət yetirin, müsahibələrin birində (ÇOVDAROV ƏKS-HÜCUMA KEÇDİ, HƏDƏLƏR YAĞDIRDI! – “Açıqlama versəm, Azərbaycanda rüsvayedici vəziyyət yarana bilər” Dərc olunub: 08/09/2016 – 18:10) sabiq rəisin vəkili onun adından nə söyləyir:

“Dövlətin bir qəpiyini belə mənimsəməmişəm. İttiham aktında göstərilən həmin pullar agenturaya sərf olunan məbləğlərdir. Mən o barədə açıqlama versəm, Azərbaycanda rüsvayedici vəziyyət yarana bilər. Hətta agentura şəbəkəsi ifşa olunar. Müәyyәn qüvvәlәr prokurorluğun әllәri ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər. Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlər mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlərdir. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər bir manatına qədər hesabat verə bilərəm”.

Sizə elə gəlmir ki, bu açıqlamada “Dövlət”, “Agentura”, “2013-2015-ci illər”, “Əhəmiyyətli sirrlər”, “hesabat verə bilərəm” kimi sözlər, cümlələr və rəqəmlər şərti məna və adlar daşıyır? Sabiq rəis “agentura” oyununu ortaya ataraq, Hacı Məmmədovun şifrəli rəsmləri kimi, lüzum bildiyi şəxslərə mesajlarını göndərir, mən hətta deyərdim, onlara qarşı tələblərini irəli sürür.

Azad Mürsəliyev

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button