Akif Çovdarov MTN-dən qovuldu

Milli Təhlükəsizlik Nazirliyində bir neçə gündür gözlənilən vəzifədən azad etmə əmri nəhayət ki, verilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib.

Virtualaz.org saytı bu məlumatı dəqiqləşdirmək üçün MTN-ə sorğu göndərib. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, son bir neçə gündə mediada Çovdarovun həbsi ilə bağlı da məlumatlar yayılmışdı.

Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A.Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Məlumatlara görə, onun MTN-dəki əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid olunan həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər. Bir neçə gün öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da MTN-in Xətai rayon şöbəsinin rəisi vəzifəsindən qovulub.

A.Çovdarov ictimai rəy tərəfindən jurnalistlərə, o cümlədən haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevə qarşı çoxsaylı zorakılıq əməllərinin təşkilində də ittiham olunub.

Jurnalist E.Fətullayev hüquq-mühafizə və məhkəmə orqanlarına hələ 2007-ci ildə ünvanlandığı müraciətində bəyan edirdi ki, onun həbsinin əsas təşəbbüskarı və təşkilatçısı məhz A.Çovdarovdur. 2009-cu ildə həbsxanada E.Fətullayevin ayaqqabısının içinə narkotik atılması əməliyyatı da məhz A.Çovdarovun əmri ilə həyata keçirilmişdi. Məqsəd jurnalistin həbsdən çıxmasını əngəlləmək idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button