Akif Çovdarovun daha bir gizli təcridxanası üzə çıxdı

img1944026

MTN-in həbsdəki generalının Zirədəki müasir istixanada işgəncə yuvası saxladığı iddia olunur

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov işdən çıxarılandan sonra onun gizli həbsxana saxladığı haqda məlumatlar yayılmışdı. 
 
Adı 2 jurnalistə qarşı sui-qəsddə hallanan A.Çovdarovun MTN binasından kənarda yerləşən gizli həbsxanasından onlarla vətəndaşın keçdiyi də iddia olunurdu. Və sonradan bu iddiaları təsdiqləyən məlumatlar da ortaya çıxdı. Məlum oldu ki, xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər. 
Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun Abşeron rayonunun Masazır qəsəbəsində, istixana təsərrüfatında gizli təcridxana saxlaması, müxtəlif şəxsləri həmin təcridxanaya salaraq fiziki-mənəvi işgəncələrə məruz qoyması ilə bağlı mətbuatda yazılar dərc edilib.
 
Moderator.az saytı etibarlı mənbəyə istinadən   A.Çovdarovun Zirə kəndində də belə gizli təcridxana saxlaması haqda xəbər yayıb. Sayt yazır ki, bu təcridxana öz böyüklüyü və orada həyata keçirilən zorakılıqların miqyasına görə Masazırdakı təcridxananı kölgədə qoyur: “Akif Çovdarovun Zirə kənində iki böyük istixana təsərrüfatı mövcuddur ki, bunlardan biri 20 hektar, digəri isə 10 hektarlıq böyük bir ərazini əhatə edir. Bu istixana təsərrüfatları Zirədəki kabel zavodunun arxasında yerləşir. Sadəcə, Azərbaycan miqyasında deyil, Avropa miqyasında ən modern istixanalardan sayılan bu təsərrüfatların əsas özəlliyi burada müxtəlif  məhsulların yetişdirilməsi deyil. Bu təsərrüfatların ən böyük özəlliyi onların buradakı gizli təcridxana üçün kamfulyaj rolunu oynamasıdır.
Belə ki, A.Çovdarova məxsus ən böyük təcridxana məhz Zirə kəndindəki bu parniklərin zirzəmisində yerləşir. Hansı ki, sabiq MTN generalı illər uzunu bu zirzəmidən müxtəlif iş adamlarını cəzaya məruz qoymaq, onlara əzələ nümayiş etdirmək üçün istifadə edib, həmin zirzəmini nəhəng işgəncə ştabına çevirib. Burada Masazır təcridxanasında işgəncəyə məruz qalan insanların sayının bir neçə misli qədər şəxs zorakılığa məruz qalıb ki, bu da Masazır təcridxanasının Zirə təcridxanası ilə müqayisədə toy-bayram sayıla biləcəyini göstərir”.
Qeyd edək ki, Azərbaycanda zaman-zaman gizli həbsxanaların varlığı haqda iddialar ortaya çıxıb. Həmin iddialardan təsdiq olunanları da var. Məsələn, hazırda ömürlük məhbus olaraq MTN-də saxlanılan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Keşlə qəsəbəsində yerləşən villasının həyətində belə bir həbsxana saxlayıb. H.Məmmədovun məhkəməsində məlum olub ki, oğurlanan şəxslər zirzəmidə yerləşən həmin gizli həbsxanada saxlanılıblar. Orada saxlanılanlardan birinin qulağı kəsilərək atasına göndərilib. Bundan başqa, Xüsusi İdarənin rəisi olmuş Elman Qəmbərovun da gizli həbsxana saxladığı haqda məlumatlar vardı. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudov 1995-ci ildə həmin həbsxanada saxlanılmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button