Akif Muradverdiyevin və qohumlarının evlərində axtarış aparılıb

akif muradverdiyev22.06.2013

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları iyunun 21-də prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin qeydiyyatda olduğu evdə və qohumlarının evlərində axtarış aparıb. Vəkil Fuad Ağayev “Turan”a belə deyib. O bildirib ki, axtarış 3 mənzildə aparılıb: “Biz vəkillər və qohumları iki ünvanda keçirilən axtarışlarda iştirak etdik. Axtarışların cinayət işi üçün heç bir əhəmiyyəti olmadı”.

Vəkilin fikrincə, axtarışlar Muradverdiyevin və qohumlarının mənzil toxunulmazlığı hüququnu kobud şəkildə pozub: “Axtarışla bağlı məhkəmə qərarları qanunsuz, insanların mənzil hüququnun, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin açıq və kobud pozuntusudur”.

Ağayev həmin gün MTN-in istintaq təcridxanasında iyunun 20-də həbs edilmiş Muradverdiyevə baş çəkib. Vəkilin “Turan”a verdiyi məlumata görə, Muradverdiyev özünü təqsirsiz hesab edir: “İyunun 20-də səhər Muradverdiyev Moskvaya yolda düşməyə hazırlaşıb. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. Təyyarəyə minmək vaxtı çatanda mülki geyimli şəxs ona yaxınlaşıb və bir işlə bağlı yubanmağı, onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa salıblar, girişdə çantasını alıblar.

Daha sonra Muradverdiyevin çantasını otağa gətirib içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat, bank kartı və geyim əşyaları olduğunu deyib. Çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar. Aydındır ki, qızıl sikkələr Muradverdiyevin çantasına atılıb. Yoxsa onları nəzarət məntəqələrindən keçərkən aşkar edərdilər, orada metal əşyaların aşkarlanması üçün diqqətli yoxlama həyata keçirilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button