Aktau Limanı Bakı Limanının təcrübəsindən yararlanacaq

Fevralın 16-da Qazaxıstanın baş nazirinin birinci müavini Bakıtjan Saqintayevin başçılıq etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təcrübəsi ilə tanış olmaq məqsədilə Bakıya səfər edib. Səfər zamanı qonaqlar həm Ələtdə tikilməkdə olan yeni Bakı Limanında, həm də Bakıda yerləşən Əsas Yük Terminalında olublar.

Səfər çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov cənab Sagintayevin başçılıq etdiyi nümayəndə heyətini Limandakı iş prosesi ilə yaxından tanış etmiş və tərəflər arasında yükdaşımanın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Bakı və Aktau limanları arasında mövcud əməkdaşlıq ənənəsinə uyğun olaraq mütəmadi olaraq məlumat və təcrübə mübadiləsinin aparılması müsbət qiymətləndirilmişdir. Tərəflər bu proseslərin  nəticələrindən söz açmış həmçinin bu istiqamətdə əməkdaşlığın davam etdirəcəyini bildirdirmişlər.

Qeyd edək ki, Bakı Limanı Azərbaycan Respublikasının prezidentinin göstərişinə uyğun olaraq Türkiyədən Orta Asiya istiqamətində hərəkət edən yük maşınları üçün əlverişli şərait yaradılması və ölkə ərazisindən tranzitlə keçən yüklər üçün keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra işlər görmüşdür. Nəticədə bir müddət əvvəl yük maşınları əraziyə daxil olarkən yükaşırma proseduru 2 gün  aldığı halda, yeni sistemin tətbiqindən sonra 3 saat ərzində maşınların bərəyə yüklənməsi mümkün olmuşdur.

Ümumiyyətlə son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiq edilməsi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində görülmüş mühüm işlər barədə qonaqlara məlumat verilmiş, Bakı Limanının gələcək planları və perspektivləri barədə danışılmışdır. Bakı Limanın Baş Direktoru Liman ətrafında təsis edilməsi planlaşdırılan Azad Ticarət Zonasının ölkəyə və regiona verəcəyi bəhrədən danışaraq bu məsələnin ölkənin qeyri-neft sektorunun inkişafında böyük rol oynayacağını qeyd etmişdir.

Xatırladaq ki, Qazaxıstanın Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev Aktau dəniz ticarət limanına baş çəkərək gömrük və liman məmurlarını Azərbaycan üzərindən keçib Orta Asiyaya daşınan yüklərin ləngidilməsininin aradan qaldırılması məqsədilə yükdaşımada Azərbaycanın təcrübəsindən faydalanmağı tövsiyə etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button