“Alabala” söhbətinin qəhrəmanı danışdı

alabalaBaş nazirin müavini Abid Şərifovun son günlər məşhurlaşan “Alabala” söhbətinin “gizli qəhrəmanı”, a24.az saytının əməkdaşı Amid İsbəndərov Ölkə.Az-a açıqlamasında bunları deyib:

“Bir neçə ildir jurnalistikadayam. Düzdür, Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli binada baş verən faciə qədər dəhşətlisini görməmişdim. Açığını deyim ki, bu hadisə hər bir Azərbaycan vətəndaşı kimi məni və ailəmi də sarsıtdı. Allahdan bütün ölənlərə rəhmət, yerdə qalanlara isə səbr diləyirəm. O ki qaldı Abid müəllimin “Alabala” söhbətinə, əksər redaksiyalarda olduğu kimi, mən də öz iş yerimdən hadisə yerinə ezam olunmuşdum. Demək olar ki, yanğın baş verdiyi gündən, indiyədək orada baş verən hadisələrin canlı şahidlərindən biriyəm. Ora gələn hər bir azərbaycanlının üzündə kədər görmək mümkün idi.

Təbii ki, bunu ora gələn məmurlarımızın üzündən də sezmək olurdu. Simalarında bu faciənin sarsıntısını, həyacanı görünürdü.

Bəzən belə vəziyyətlər olur. Ola bilər ki, gərginlikdən Abid müəllimin əsəbləri dözməyib sözügedən ifadələri işlətdi. Fikir verdinizsə, orada mən növbəti sualı vermədim. Yəni istəmədim bu məsələ söz mübahisəsinə çevrilsin. Bir sözlə bu məsələ haqda çox yazıldı, çox danışıldı. Amma sualı verəndə məqsədim bu deyildi. Hər halda bütün fikirlərə hörmətlə yanaşıram. İndi elə bir məqamdır ki, hər kəsin əsəbləri yerində olmaya bilər. Bu da təbii ki, başadüşüləndir. Şükürlər olsun ki, ölkə başçısının rəhbərliyi ilə yanğın zamanı zamanı xəsarət alan, yaxınlarını, evini, əmlakını itirən şəxslərə dövlət tərəfindən bütün yardımlar olunur. Məndə bir jurnalist kimi bu hadisə barədə ictimayyəti obyektiv şəkildə məlumatlandırmağa davam edəcəyəm”.

Qeyd edək ki, prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifovun binanın gələcək taleyi ilə bağlı sualları cavablandırarkən səsləndirdiyi ifadələr son iki gündə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xatırladaq ki, Şərifov jurnalist Amid İsbəndərovun “Tikinti işlərini hansı şirkət həyata keçirəcək” sualına belə cavab vermişdi:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button