ALDP himn müsabiqəsi elan edib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaranmasının 19 illiyi ilə bağlı partiyanın qərargahında geniş toplantı keçirilib. Toplantıda partiyanın rəhbərliyi və ALDP Gənclər təşkilatının fəalları iştrak ediblər.

Xural.com-un verdiyi məlumata görə, toplantı iştrakçıları əvvəlcə ALDP-nin yaradıcısı və ilk sədri Zakir Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra ALDP sədri Fuad Əliyev partiyanın yaradılmasından, gördüyü işlərdən və gələcək fəaliyyətindən söz açıb. O qeyd edib ki, partiya yarandığı 19 il ərzində tutduğu yoldan, siyasi xəttindən və əqidəsindən dönməyib və fəaliyyətini düzgün istiqamətdə davam etdirir: “Ən əsası, biz partiya olaraq öz müstəqilliyimizi qoruya bilmişik. Təcrübəmiz də artıb. Biz ölkədə keçirilən bütün seçkilərdə iştrak etmişik. Bu il keçiriləcək prezident seçkisində də iştirakla bağlı qərarımız var. Amma biz təkçə prezident seçkisinə hazırlaşmamalıyıq, eyni zamanda bələdiyyə və parlament seçkilərinə də hazırlaşmalıyıq. Biz keçən il öz vətəni, mübarizə apardığı torpaq uğrunda şəhid olmuş, üzərində heç bir şəxsə aid olmayan, yəni kimliyi bilinməyən hərbi qulluqçuların, əsgərlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhəri, Sahil bağında (keçmiş 26 Bakı komissarı bağı) “Naməlum əsgər” abidəsinin ucadılması təklifilə müraciət etmişdik. Hesab edirəm ki, bu məsələ ilə bağlı bir daha müraciət etmək lazımdır”.

Toplantının sonunda ALDP sədri Fuad Əliyev qələn il ALDP-nın 20 illiyin keçirilməsi ilə bağlı hazırlıq işlərinin başlanması ilə bağlı bir neçə təklif verib: “Təklif edirəm ki, partiya daxilində bir il ərzində şahmat, nərd və stolüstü tenis yarışmaları keçirilsin. Partiyanın himninin yazılması müsabiqəsi elan olunsun”.

ALDP sədrinin təklifləri qəbul olunub.

Beləliklə, qərara alınıb ki, ALDP-nın himninin müsabiqəsi 2018-ci il yanvarın 30-dan 2018-ci il noyabrın 30-na qədər keçirilsin. Bu vaxt ərzində müəlliflər himnin sözlərini və musiqisini diskdə təqdim edə bilərlər. Qaliblər (şair və bəstəkar) 2019-cu il yanvarın 30-da elan olunacaq və onlara mükafat veriləcək.

Toplantıda ALDP sədri Fuad Əliyev yeni üzvlərə partiyanın vəsiqələrini təqdim edib.

 

  

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button