Ali Məhkəmə Xədicə İsmayılın şikayətinə baxacaq

Xədicə İsmayıl

Vəkil: “Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.

Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Jurnalistin vəkili Fariz Namazlı jurnalistlərə deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılovanın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər:

“Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.

X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button