Ali Məhkəmədən Milli Məclisə yeni təklif –Boşanma, aliment problemləri…

mehkeme

Ali Məhkəmə Milli Məclisə Ailə Məcəlləsinə nikahın pozulması ilə bağlı dəyişikliklər və əlavələr edilməsi üçün təkliflərlə müraciət edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumunda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. Plenumda vurğulanıb ki, nikah pozularkən birgə nikahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə nikahın pozulması hallarında alimentin məbləği düzgün müəyyənləşdirilməlidir.

Plenum “Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara alıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button