“Allah şahiddir ki, sən yalan danışırsan…”

«Nardaran işi» üzrə məhkəmədə təqsirləndirilənlər polisin yalan danışdığını bildirdilər və konkret faktlar göstərdilər

Zakir Mustafayev: «Bunları öyrədib göndəriblər ki, belə danış…»

“Allah şahiddir ki, sən yalan danışırsan. And içirsiniz ki, düzgün ifadə verəcəksiz, amma danışdıqlarınızın hamısı yalandır, saxtadır. Quraşdırılmış oyundur ki, insanlara böhtan atsınlar. Mən yaralanmışam, evin içində olmuşam. Evin içində də divarda mənim başımın qanı olub”.

Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və daha 16 nəfərin mühakimə olunduğu “Nardaran işi” üzrə məhkəmədə  təqsirləndirilən şəxslərdən Zakir Mustafayev polis əməkdaşı Ceyhun Imamverdiyevə deyib.

Imamverdiyev DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (BMCQMI) əməkdaşıdır. O, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində həm zərərçəkmiş, həm də şahid qismində ifadə verib.

Bildirib ki, 2015-ci il noyabrın 26-da səhər idarədə Kərim Əlimərdanovun rəhbərliyi iləÿəməliyyat müşavirəsi keçirilib və günorta saat 13.00 radələrində Nardarana gediblər: “Xüsusi tədbir idi. Mövqe seçdik, əməliyyata başladıq. Mən hasardan tullandım həyətə. Iki nəfər polis də qapıdan girdi həyətə. Içəri girəndə qarşı tərəf qumbara atdı, partladı. Başladılar sol və sağ tərəfdən atəş açmağa. Xəbərdarlıq oldu ki, atəş açılmasın, amma xəbərdarlığa tabe olmadılar. Biz də atəş açdıq. Sonra ikisi – Zakir Mustafayevlə Fərhad Balayev əlində qumbara hasarı aşdılar. Içəridən səslər gəlirdi ki, atəşi dayandırmayın. Etibar Ismayılov əlində xəncəri sağa-sola yellədirdi. Xəncəri əlindən aldım, cibindən də qumbara çıxdı. Hamısını zərərsizləşdirəndən sonra hal şahidləri dəvət olundu. Təcili tibbi yardım çağırıldı, yaralıları xəstəxanaya apardı”.

Vəkil Yalçın Imanov hakimlərin nəzərinə çatdırıb ki, Ceyhun Imamverdiyevin ibtidai istintaq zamanı verdiyi ifadə başqa polis əməkdaşlarının ifadələrilə sözbəsöz eynidir.

Vəkil polisdən soruşub ki, Fərhad Bünyadov adlı şəxsi tanıyırmı? Imamverdiyev tanımadığını deyib. Bu yerdə vəkil onun nəzərinə çatdırıb ki, istintaqdakı ifadəsində Fərhad Bünyadovun adını çəkib, onun barəsində danışıb.

C.Imamverdiyev təqsirləndirilən şəxslərdən Etibar Ismayılovu zərərsizləşdirdiyini bildirsə də, qarşı tərəf bu barədə deyilənlərin həqiqətə uyğun olmadığını vurğulayıb. Qeyd edib ki, bu adamı ilk dəfə “bandotdel”də görüb: “Məni mətbəxdən çıxanda itələdilər bir kənara çəkdilər, başıma tapançanı dirədilər ki, səsini çıxarma, yoxsa vurulacaqsan. Sonra da iki polis girdi içəri”.

E.Ismayılov deyir ki, üzərində qumbara, xəncər olması barədə fikirlər də yalandır: “Mətbəxdə məni vurdular, burnumdan qan gəldi. Sonra maşında döydülər. Biri ayağımın üstünə çıxdı, arxadakı başıma təpiklə vurdu. ”Bandotdel”in həyətində dişlərimi sındırdılar. Nardaranda əməliyyat 5 dəqiqədən artıq çəkmədi. Hal şahidləri yox idi. Mənə dedilər səni tutan adamla üzləşdirəcik, soruşdum məni tutan kimdi? Dedilər indi görəcəksən. Bu gəldi. Bir dəfə onda görmüşəm”.

Təqsirləndirilən şəxslərdən hələ də bədənində iki güllə daşıyan Şamil Abduləliyev də bildirib ki, yaralıları xəstəxanaya polislərin çağırdığı təcili yardımın aparması barədə C.Imamverdiyevin dedikləri yalandır, onu xəstəxanaya əməliyyat bitib, polislər gedəndən sonra kənd camaatı çatdırıb.

Vəkillər əlavə edib ki, bu fakt iş materiallarındakı sənədlərlə də sübut olunur.

Başqa bir təqsirləndirilən Zakir Mustafayev də bu polisin yalan danışdığını bildirib: “Mən onu may ayında üzləşmədə görmüşəm. Burada dediklərini orada da dedi. Hətta ona suallar verdilər ki, ”niyə qaçanda tutmamısan?” Dedi ki, “qaçanla bizim işimiz yox idi”. Deyir ki, guya, mən əlimdə qumbara, hasardan tullanmışam. Mən əlimdə qumbara hansı sürətlə tullanmışam ki, orada bunlar məni zərərsizləşdirə bilməyiblər? Təşvişə düşən insan əlində nə varsa, atıb qaçır. Bu, absurddur. Məntiqsiz bir şeydir. Sadəcə, bunları öyrədib göndəriblər ki, belə danış…”

Məhkəmə prosesi sentyabrın 1-də davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button