Allahın və diktatorların gözü

Pərviz
Asiyə (rubrika)

İnsan ilk dəfə izləndiyini qutsal ruhlar haqda təsəvvürləri yaranmağa başlayandan sonra hiss eləyib. Bu, sonuncu dinin gəlişindən sonra tam formalaşıb. Yəni insan daim üstündə bir GÖZ olduğunu, hər çəkdiyi nəfəsin belə kənardan “görüldüyünü” və bilindiyini, qeydə alındığını, yazıldığını düşünüb, bilib. İnancına görə dəyişik.
Bu məlumat yüzillərdi insanoğlunun əlində, bilincində, beynindədi. Ağız dolusu “insanoğlu”deməyimin səbəbi bu – tarixən hansısa mistik qüvvəyə inananlar inanmayanlardan daha çox olublar. Tarix də onların əlində olub. Bəs nəticə?
Nəticəyə “sıfır” demək olarmı? Aristotel məntiqiylə yanaşsaq,- baxmayaraq ki, Şərqin “Ərəstu” dediyi o müdrik insanın çağında “sıfır” anlayışı yox idi, ama yerinə bir “yox”, “heç nə”, “boşluq” və ya “son hədd”ə bənzər anlayışlar var idi, – bəli, o ərdəmli kişinin məntiqiylə yanaşsaq, nəticə sıfırdı. Yoxdu nəticə. İnsanlar bilə-bilə ki, onların hər əməli “kitaba yazılır”, hətta buna inana-inana da elə insan olaraq qalıblar, yəni qan və murdarlığın izi yer üzündən silinməyib. Bəlkə insan oğlu inandığını sandığı o Gözə əslində bütün ruhuyla, canıyla, varlığıyla heç inanmayıb və inanmayacaq da? Bəlkə o inanclar doğrudan da elə materialistlərin dediyi kimi, sonradan yaranıb, insanın mayasında yoxdu, nüvəsində, yaradılışında o informasiya yer almayıb, hər şey zaman-zaman uydurularaq yaradılıb və ona görə də, sonradan qazanılma inancla biz Tanrının hər şeyi gördüyünə inanır, ama o hər şeyi görə-görə, onun gözü qarşısında hər əməldən çıxmaqdan çəkinmirik. Şüurumuzun saf qatı bizə gələcək üçün heç bir məsuliyyət olmadığını pıçldayır bəlkə? Sanki hər dəfə hansısa əməldən sonra ayılır, qazanılma inamımıza qayıdır, müəyyən qorxu, peşmançılıq keçirir, – lakin yenə də inamsızlıq və yenə də eyni əməllərin təkrarı. Dinlər bunu şeytanın qəlbləri möhürləməsi və ya sadəcə şeytanın vəsvəsələrinə uyma kimi gözdən keçirir. Sanki suçu şeytanın üstünə atmaqla insanın özünəinamının itməməsinə, küsməməsinə və geri qayıdışına, yenidən paklanmasına psixoloji zəmin hazırlayır. Axı, insanoğlu birbaşa ittiham olunmaqdan heç xoşlanmır və bu onu qatır kimi daha da inadlaşdırır.
Bu inam tam olsaydı, dünya cənnətə dönərdi. Nə qan olardı, nə bir alçaq əməl. Atdığı hər addımının nəzarətdə olduğunu, – baxmayaraq ki, ona azad addım atmaq hüququ verilib, – bu addımlara görə cavab verəcəyini dəqiq bilən, yüz faiz inanan insan məgər çəkinməzmiydi? Mistik məsuliyyət məsələsində inancın sonradan qazanılma olduğunu əsas gətirib güman eləmək olar ki, bəli, inanmadığına və dəqiq əmin olmadığına görə, insan olmaq adamlar üçün elə də cəlbedici və yönəldici deyil. Yaxşı bəs yer qanunları? Məhkəmələr? Cinayət məcəllələri? Ömürlük həbslər və ya edam cəzası? Axı, adam öldrdüyünə görə edam olunacağını bilən insan nədən addımına nəzarət eləmir? Alacağı cəzadan saqınmır? Görünür, bu da insan təbiətinin heç vaxt anlaşılmayacaq sirlərindən biridi…
İndi isə, daha bir total izlənmə xəbəri üzə çıxır. “Wikiliks” bildirir ki, xüsusi xidmət orqanlarının vətəndaşların izlənməsi üçün tətbiq etdiyi texnologiyaların hazırlanmasına hər il milyardlarla dollar sərf edilir. Sayt bildirir ki, bu xüsusi texnologiyalar “yaxşı Qərb ölkələrindən” “inkişaf etməkdə olan pis ölkələrə” heç bir məhdudiyyət tanımadan ixrac edilir. Son 10 il ərzində avtoritar hakimiyyətlər bütöv xalqı belə izləmək və nəzarət altında saxlamaq üçün zəruri texnologiyalar ələ keçirə biliblər (“Azadlıq” qəzeti).
İlk baxışda adamı xof bürüyür. Lakin insanı bu xofdan elə insanın təbiətindəki az əvvəl sözünü etdiyim o anlaşılmazlığın mövcudluğu xilas edir. Min illərlə Allahın onu gördüyünü bilə-bilə elə özü olaraq qalan insan texnologiyanı da vecinə almayacaq. İnsan hər bir halda, hər hansı formada azadlığa can atır və kimsə bunun qarşısını ala bilməyəcək. Xərcə düşmək diktatorlara qalacaq…

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button