“Alnının ortasından bir yumruq vuracam, gözündən qığılcım çıxacaq” – Sədr deputatı hədələdi

akif-nagi

Qarabağ Azadlıq Təşkilatı ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə arasında günlərdir davam edən qarşıdurma səngimək bilmir. İttihamlar, təhqirlər havada uçur. 

Hər şey Araz Əlizadənin himnimizlə bağlı fikirləri ilə başlayıb. Deputatın dövlət himnimizi təhqir etməsi sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurub. Tanınmış simalar ASDP sədrini sərt şəkildə qınayıblar. QAT sədri Akif Nağının da Əlizadəni tənqid etməsi deputatı özündən çıxarıb. Mətbuata açıqlamalarında o, QAT üzvləri və rəhbəri barəsində təhqiredici fikirlər səsləndirib.

Onun diqqətçəkən fikirləri bunlardır: “Akif Nağı kimi mahiyyəti 5 qəpik olmayan insan mətbuatda mənim barəmdə xoş olmayan, savadsız sözlər deyib. Əbləhin söyüşünün özü tərifdir. Sosinternin Bakıda iclası keçiriləndə Akif Nağı bir yazıq arvadı üstümüzə göndərdi. Elə bilmişdi Luis Ayala ermənidir.

Həmin gün axşam isə qərargahımızın şüşəsini sındırdılar. Akif özü həmişə gizlənir. Adama deyərlər, ay ağılsız, sözün var, dur gəl bura. Onu vursam elə vuracam ki, yerindən qalxa bilməyəcək.

Akif Nağının QAT-ı qat bağlayıb. Təşkilat burada şüşə sındırmaqla məşğuldur. Bəyəm bu, azadlıq təşkilatıdır? Xeyr, gədə-güdənin yığıldığı yerdir”.

Deputatın dedikləri ilə bağlı danışan QAT sədri Akif Nağı ona sərt cavab verdi: 

“O, öz səviyyəsinə uyğun fikirlər səsləndirir. Ona görə də onun fikirlərinə bir o qədər vaxt ayırmaq istəmirəm. Himnimizin dəyişdirilməsi ilə bağlı fikirlərinə, sadəcə, münasibət bildirmişəm. Azərbaycan üçün bu məsələ vacibdir. 

Demişəm ki, Araz Əlizadənin bununla bağlılığı yoxdur. Yəni sahəsinə uyğun deyil. Dövlət atributları toxunulmaz olmalıdır. Sanki onun əlinə bəhanə düşdü. Elə sözlər deyir ki, mətbuatda üç nöqtə ilə verilir. Öz səviyyəsini göstərir. Məcbur olub bir dəfə də ona reaksiya verdim ki, otursun yerində, Qarabağ Azadlıq Təşkilatını qıcıqlandırmasın. Gündəmdə qalmaq üçün belə fikirlər səsləndirir. QAT-a qarşı tənqidi fikir səsləndirmək olar.

Amma o, belə bir fikir deyib ki, QAT-a gədə-güdələr yığılıb. Çox böyük yekəbaşlıq edib. Üzvlərimiz çox qəzəblidir. Əgər nəsə bir hadisə baş versə, onun günahı Arazın özündə olacaq. Özünə hörmət edən, ağlı olan şəxs o cür ifadə işlətməz. Təşkilatımızda alimlər, ziyalılar və döyüşçülər var. Azərbaycanın hər yerində şöbələrimiz var. Bu günlər (dünən-red.) aprel döyüşləri ilə bağlı ”Davam, yoxsa tamam” adında dəyirmi masamız oldu. Tanınmış şəxslər iştirak edirdilər. Ermənilər təşkilatımıza nifrət edirlər. Onları başa düşürük, amma deputat adını daşıyan birisinin bu mövqeyi səviyyəsizlikdir”. 

QAT sədri deputatın ittihamlarının absurd olduğunu da qeyd etdi:

 “Onun üzərinə heç kəsi göndərməmişik, qərargahının şüşəsini sındırmamışıq. Ola bilər ki, kimsə onun ermənilərlə əlaqəsinin olduğuna, onları dəfələrlə Bakıya dəvət etdiyinə görə belə addım atsın. Xatırlayırsınızsa, bir müddət öncə Araz Əlizadə Daşnaksütyun Partiyasının nümayəndələrini Bakıya dəvət etmişdi. Onlarla birlikdə tədbir keçirdi. Buna etiraz edərək, tədbir keçirilən yerin önündə aksiya keçirdik.

O zaman Araz Əlizadə erməni ilə birlikdə ayaqyoluna qaçdı və orada gizləndi. Hansısa bir üzvümüz onların ofisinə gedib etirazını bildirə bilər. Amma planlı şəkildə kimisə onun üzərinə göndərməmişik. Səviyyəsiz şəkildə deyir ki, Akif Nağını elə vuracam, bir daha yerindən qalxa bilməyəcək.

Buradan deyirəm ki, 70-ə yaxın yaşın var, güclə yeriyirsən, azacıq ağlın olsun. Bir məsələ var, “it hürər, karvan keçər”. Karvan öz yolu ilə gedir, hər hürən itə tərəf çevrilsə, mənzil başına çata bilməz. Biz təşkilat olaraq yolumuzla gedirik. Araz kimilərə cavab verməyə nə vaxtımız, nə də həvəsimiz yoxdur. 

Bu baxımdan onun üzərinə getmək fikrim yoxdur. Amma haradasa qarşıma çıxsa, onun alnının ortasından bir yumruq vuracam, gözündən qığılcım çıxacaq. Ya öləcəkmi, ya da ağıllanacaqmı, bunu deyə bilmərəm, amma şok keçirəcək. Ölüb eləsə, hər kəs düşünsün ki, günah məndə deyil, onun özündədir. Amma çalışsın qabağıma çıxmasın. Təşkilat üzvləri barədə dedikləri nə qədər səviyyəsiz olduğunu göstərir. Hansısa üzvümüz onu çağırsa, gələcəkmi? Nəyə güvənib belə deyirsən? Əgər kimsə Arazı vursa, günahı özündədir. Hüquqi addımlar atıb, onu məhkəməyə verməyə həvəsimiz və vaxtımız yoxdur. Amma davamlı olsa, bu hal istisna deyil. Sən kimsən ki, sənin yanına, yaxud ofisinə gəlim? 

Məni və təşkilatımızı hədəf seçməyinin kökü var. Ermənipərəst olan şəxslərə qarşı mövqeyimiz daim birmənalı olub. Sadəcə, köhnə yaralarının təsiridir. Bu şəxslər ermənilərlə işbirliyində maraqlıdırlar. Ola bilsin ki, onların işbirliklərini pozuruq, hansısa maraqlarına toxunuruq”. 

Modern.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button