“Altes Group“da şərik – QALMAQALI

Şirkət təsisçisinin döyülməsi ilə bağlı təkrar ekspertiza təyin edildi
altes-qrup
“Altes Group” holdinqin Bakıda İsmayıl Qutqaşınlı küçəsi 507-511 (“ALTES PLAZA” yaşayış kompleksi), Bəsti Bağırova küçəsi 592 (“EMERALD PALACE” yaşayış kompleksi), Həsənbəy Zərdabi küçəsi 569 (“ACADEMY HOUSE” yaşayış kompleksi) ünvanlarında tikdiyi çoxmərtəbəli binalarda yaşayış evlərinin alqı-satqısına qadağa qoyulub. Bu qərarı Binəqədi Rayon Məhkəməsi çıxarıb.
Məhkəmənin qətnaməsinə əsasən, həmin evlərin inşaatçıları olan “Nur-İnşaat” MMC və “Fərid-İnşaat” MMC şirkətləri orada yaşayış evlərinin satışını məcburi surətdə dayandırmalıdır. Yaşayış mənzillərinə həbsin qoyulmasına səbəb “Altes Group”un təsisçiləri arasında fikir ayrılığıdır.
Şirkət səhmlərinin 22 faizinin sahibləri səhmdarlar heyətindən çıxmaq haqqında qərar qəbul ediblər və onların payına düşən vəsaiti təbii formada almaq istədiklərini bildiriblər. “Altes Group”un digər təsisçilərinin bu niyyətə mane olması nəzərə alınaraq, məsələ baxılması üçün məhkəməyə verilib.
2012-ci ilin oktyabrında altı aylıq təhqiqatından sonra Binəqədi Rayon Məhkəməsi “ALTES PLAZA”da, “EMERALD PALACE”də və “ACADEMY HOUSE”da mənzillərin satışına həbs qoyub, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası və Ali Məhkəmə isə göstərilən binalarda yaşayış evlərinin satışına qoyulan qadağanı qüvvədə saxlayıb. Hazırda “Fərid-İnşaat” MMC və “Nur-İnşaat” MMC nümayəndələri həmin yaşayış binalarında mənzillərin satışının dayandırılmasını öz öhdələrinə götürüblər.
Bundan başqa, Nəsimi Rayon Məhkəməsi “Altes Group” holdinqin tərkibində olan “Lider EN” MTK-nin fəaliyyəti ilə də əlaqədar qərar qəbul edib. Məhkəmə qərarı ilə “Lider EN” MTK-nin payçılarından olan Rüstəm Abdullayevə və digər şəxslərə MTK-da qərar qəbul etmək, göstəriş vermək yasaqlanıb.
“Lider EN” MTK hazırda C.Məmmədquluzadə küçəsi 998 ünvanda “Altes Park” yaşayış kompleksini inşa edir. Şirkətin 40 faiz payçısı Nazim Quliyevin sözlərinə görə, binanın dövlət strukturlarına təhvil verməsi mövzusunda payçılar arasında ciddi fikir ayrılığı yaranıb. Bu məsələnin artıq iki il ərzində öz həllini tapmadığını görən Nazim Quliyev məhkəməyə müraciət etmək qərarına gəlib: “Məhkəmə araşdırması zamanı “Lider EN” şirkətinin saxta möhürünü aşkar edən hakim məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsini etibarsız elan etdi və MTK -nın digər payçısı olan Rüstəm Abdullayevin “Lider EN”-lə bağlı bütün hərəkətlərinə qadağa qoydu”.
 
Mübahisə cinayətlə nəticələnib 
Tikinti komplekslərinin mənzillərinə həbs qoyulması şirkətdə payçılar arasında mübahisə ilə nəticələnib. “Altes Group”un daha bir payçısı Fətəli Novruzəliyev bildirib ki, 2012-ci ilin aprelində ona iki nəfər tanımadığı şəxs hücum edərək bədən xəsarətləri yetiriblər. Hadisə ilə bağlı cinayət işi Nərimanov Rayon Məhkəməsinə göndərilsə də, hakim Sənan Hacıyev xuliqanlıqda ittiham olunan şəxsin işində yeni faktların üzə çıxmasını nəzərə alaraq işi yenidən istintaqa qaytarıb.
Məlum olub ki, Elməddin Məhərrəmovla Emin Məmmədov Xoyski prospekti 106 ünvanda Fətəli Novruzəliyevi və onun əmisi oğlunu döyüblər. Fətəli Novruzəliyevə qarşı xuliqanlıq edənlərdən Elməddin Məhərrəmov isti izlərlə yaxalansa da, Emin Məmmədovun yerini müəyyən etmək mümkün olmayıb. Hadisədən 1 il sonra Ukraynada yaxalanan Emin Məmmədov istintaqa döydüyü adamı tanımadığını bildirib.
Məhkəmə araşdırması zamanı tikinti şirkətindən payını almağa gələn Fətəli Novruzəliyevi şəriklərinin döydüyü ehtimalı yaranıb. Məhkəməyə təqdim olunan SMS yazışmalarından Elməddin Məhərrəmovla Emin Məmmədovun zərərçəkənin şəriki Rüstəm Abdullayevlə tanış olduqları üzə çıxıb.
Fətəli Novruzəliyevə hədə-qorxu gəlməyi isə “Altes Group”un direktoru Rüstəm Abdullayev qaynı Asim İskəndərova tapşırıb. Asim İskəndərov Elməddinlə Eminə Novruzəliyevi döymək sifarişi verib. Aşkar olunan bu faktı nəzərə alan məhkəmə Emin Məmmədovun ittiham olunduğu xuliqanlıq maddəsi ilə razılaşmayıb. Onun əməlinin düzgün qiymətləndirilməməsi qənaətinə gələn hakim işi yenidən istintaqa qaytarıb.
Cinayət işi yenidən Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində araşdırılıb, daha sonra baxılmaq üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Bu dəfə cinayət işi hakim Məzahir Sadıqovun icraatına verilib.
Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Cövdət Mehrəliyev bildirib ki, Emin Məmmədov və Elməddin Məhərrəmov 4 aprel 2012-ci ildə, saat 22.00-da “F-klub” restoranının qarşısında Novruzbək Novruzəliyev və onun qohumu Fətəli Novruzəliyevin başından vurublar. Həmin vaxt hər iki şəxsə xəsarət yetirildiyini deyən prokuror əlavə edib ki, baş vermiş hadisə ilə bağlı iki dəfə məhkəmə tibbi ekspertizası keçirilib. Onun sözlərinə görə, hər iki tibbi ekspertizanın rəyləri arasında ziddiyyətlər mövcuddur. Prokuror iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılması məqsədilə zərərçəkmiş Fətəli Novruzəliyevin barəsində komisyon təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsini tələb edib. Fətəli Novruzəliyevin vəkili Elmir Hüseynov prokurorun vəsatətini dəstəkləyib və eyni vəsatətlə çıxış edib.
Emin Məmmədovun vəkili Tofiq Allahverdiyev prokurorun vəsatətini əsassız hesab edib. Vəkil bildirib ki, bundan əvvəl iki dəfə məhkəmə-tibbi ekspertizası keçirilib və məhkəmə yekun qərarında bu məsələyə qiymət verəcək. Tərəfləri dinləyən hakim sonda qərar qəbul edib. Hakim təkrar tibbi ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib və məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, cinayətdə adı hallanan Elməddin Məhərrəmov xuliqanlıq və sağlamlığa az ağır zərərvurma ittihamı ilə bir il əvvəl mühakimə olunub. Onun aylıq qazancının 20 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
 
“İş düzgün araşdırılmayıb”
Fətəli Novruzəliyev deyir ki, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Mübariz Süleymanov cinayət işinin ibtidai istintaqını düzgün araşdırmayıb. Onun sözlərinə görə, müstəntiq cinayət işində olan bəzi mühüm sənədləri işdən çıxarıb. Zərərçəkmiş bildirib ki, Mübariz Süleymanovun qanunsuz hərəkətləri ilə bağlı şikayət olunub: “Bundan sonra iş Mübariz Süleymanovdan alınaraq Nərimanov Rayon Polis İdarəsinin digər müstəntiqi Anar Ağayarova verilib. Anar Ağayarov da bundan əvvəlki müstəntiqin qanunsuz hərəkətlərini davam etdirib”.
Zərərçəkmiş daha sonra qeyd edib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Sənan Hacıyev cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarıb: “Sənan Hacıyevin sədrlik etdiyi məhkəmə araşdırması zamanı şəriklərimin sifarişi ilə döyülməyim tam sübuta yetirildi. Məhkəməyə təqdim etdiyimiz “Azercell” mobil operatorundan Rüstəm Abdullayev, onun qaynı Asim İsgəndərov və sifarişi icra edənlər arasında SMS yazışmalarının çıxarışlarını təqdim etdik. Həmin yazışmalardan  Elməddin Məhərrəmovla Emin Məmmədovun “Altes Group”un direktoru Rüstəm Abdullayevin tanış olduqları aydınlaşdı. Həmin SMS-dən açıq görünür ki, döyülmə sifarişini Rüstəm Abdullayev verib. İşi ibtidai istintaqda Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin müstəntiqi Vüqar Məmmədov araşdırıb. Vüqar Məmmədov da digər müstəntiqlərin səhvlərini ört-basdır edib. Natamam istintaqı aparılan cinayət işi yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib”.
Rusiya səfirliyi niyə nota verib?
Rusiya vətəndaşı olan Fətəli Novruzəliyevin sözlərinə görə, döyülməsi ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə nota verib. Zərərçəkmiş bildirib ki, Xarici İşlər Nazirliyi aldığı notanı Baş Prokurorluğa təqdim edib: “Nota Baş Prokurorluqda araşdırıldıqdan sonra istintaqa təqdim edilib. Diqqət mərkəzində olan bu iş yenə də düzgün aparılmır”.
Onu da qeyd edək ki, “Altes Group”da Rüstəm Abdullayev 26, onun qardaşları – Fuad 20, Aydın 25, Fətəli Novruzəliyev 11, Polad Qabulov 13 faiz səhmləri var. Rüstəm Abdullayev 2008-ci ildən Londonda yaşayır. Onun Azərbaycanda işlərini isə Fuad aparır. Fuad, Fətəli Novtruzəliyevi və Polad Qabulovu “Altes Group”dan kənarlaşdırıb.
Apardığımız araşdırmalardan məlum oldu ki, “Altes Group”da Rüstəm Abdullayev öz adamlarını yerləşdirib. Şirkətin səhmdarları olan Fətəli Novruzəliyev və Polad Qabulov isə “Altes Group”-a buraxılmır. Sonuncuların iddiasına görə, bu qanunsuz əməllə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 179-cu (mənimsəmə və ya israf etmə) cinayət işi başlanmalı, Rüstəm Abdullayev və onun yaxın adamları cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Maraqlıdır ki, şirkətin səhmdarı olan Polad Qabulov barəsində Yasamal Rayon Məhkəməsinə şikayət edilib. Məhkəmə 4 qanun pozuntusuna yol verərək Polad Qabulovdan “Altes Group” MMC-nin xeyrinə 208.400 avro məbləğində pul tutulmasına dair qətnamə çıxarılıb. Hakim Zəfər Quliyev iddia ərizəsinə baxarkən Polad Qabulovun xəbəri olmayıb.
Cinayət işinə  xitam verildi
Məhkəmə qətnaməsində “Kermur Audit və Konsalting” MMC tərəfindən 21 iyul 2012-ci il tarixində audit yoxlaması aktına istinad edib. Aktda audit yoxlaması Auditorlar Palatasının üzvü Adil Vahidovdan əlavə “Altes Qrup” MMC-nin təmsilçisi Rüstəm Abdullayevin səlahiyyətlərini icra edən Fəqan Şükürov, “Altes Farm” MMC-nin maliyyə işləri üzrə meneceri Marina Qasımova və “Altes Qrup” MMC-nin təsisçisi Polad Qabulovun iştirakı ilə aparıldığı qeyd edilib. Amma aktda Polad Qabulovun imzası olmayıb.
“Altes Qrup” MMC-nin nümayəndələri audit yoxlamanın keçirilməsi və tərtib edilmiş akt barədə Polad Qabulova məlumat verməyiblər. Yasamal Rayon Məhkəməsində işə baxan hakim qeyd olunan audit yoxlamasının hüquqi nəticələrini araşdırmayıb.
Bundan başqa, məhkəmənin iddia ərizəsi üzrə apardığı fakta dair Polad Qabulov barəsində edilmiş şikayətə əsasən Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə 9 iyun 2012-ci il tarixində cinayət işi başlanıb və cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinə tapşırılıb. Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə əsasən, cinayət icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İstintaq orqanının qərarına görə, cinayət faktı sübuta yetirilməyib, cinayət işinə xitam verilib və Polad Qabulov təqsirsiz bilinib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button