AMAY Abdulla: “Demişdilər, kredit götürün AMAY-ı tikin, biz də tikmişik. Niyə qorxursunuz düzünü deməyə?”

abdulla 1Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, prosesdə zərərçəkmiş şəxslər və şahidlər dindirilib.

Zərərçəkən Fəxrəddin Güləhmədov bildirib ki, “Xudafərin” MMC-nin tikdiyi binanın 18-ci mərtəbəsindən ev alması ilə bağlı müqavilə bağlasa da, bina 17 mərtəbəli tikilib. Bu səbəbdən də ona mənzil verilməyib.

A.Abdullayev isə bildirdi ki, binanın 21 mərtəbə tikilməsi nəzərdə tutulsa da sonradan Bakı şəhər İcra Hakimiyyəti axırıncı 3 mərtəbənin tikilməsinə icazə verməyib. O, qeyd edib ki, həmin mərtəbələrdə mənzil almış şəxslərə başqa mənzillər veriləcək.

Digər zərərçəkmişlər – Namiq Həsənov, Rafiq Qurbanov və Rasim Rüstəmov ifadələrində A.Abdullayevi tanımadıqlarını, maddi tələblərinin olmadığını, mənzillər verilsə də, binanın hələ də təhvil verilmədiyini məhkəmənin nəzərinə çatdırdılar.

 “Müstəntiq dedi yaz ki, pulu alıb vermişik Abdullaya”

 Daha sonra şahidlərin dindirilməsinə keçilib. Şahid qismində Şəfaət Həsənov ibtidai istintaqa verdiyi ifadəsinin təhrif olunduğunu, həmin ifadənin əsassız sayılması ilə bağlı məhkəməyə müraciət edib: “Mənim demədiyim şeyləri yazıblar. Düzgün ifadəni indi verirəm. 2008-ci ildə Rusiyadan gəldim Azərbaycana. AMAY şirkətinə işə düzəldim, o vaxt Abdulla müəllimi tanımırdım. Şirkətdə briqadir işləyirdim. Adıçəkilən şirkətdə işləyən Qəzənfər adlı dostum mənim adıma firma yaradılaraq bankdan kredit götürülməsini təklif etdi. Bildirdi ki, gələcəkdə pensiyaya çıxmağa da bu daha yaxşıdır. Mən də razılaşdım. “Leqal biznes” firması təsis olundu. “Texnikabank” dan 2 milyon yarım kredit götürüldü və AMAY-ın tikintisinə sərf olundu. Bir il sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırıldım. Müstəntiq Azad Fətullayev məni qəbul etdi, ifadəmi aldılar. Mənə dedi, yaz pulu alıb vermişik Abdullaya. Mən də dedim ki, mən qol çəkmişəm, amma pulu götürməmişəm, qalıb bankda”.

A.Abdullayev yerindən replika verdi: “Heç 2 milyon yarım məbləği bir nəfər apara bilərmi? 90 kiloqram eləyir”.

Dövlət ittihamçısı Fərid Nağıyev ondan hansı səbəbdən kredit götürmək üçün “Texnikabank”ı seçdiklərini soruşdu. Şahidin yerinə suala A.Abdullayev cavablandırdı: “Texnikabank”ı da mən seçmişəm, siz götürmüşünüz, götürülən vəsait lazım olan yerə də xərclənib. Deyin də. Düzünü danışın. Əgər mənə yaxşılıq etmək istəyirsinizsə olanı deyin”.

Daha sonra prokuror şahiddən istintaq zamanı təzyiqlərə məruz qalıb qalmadığını soruşdu. Şahid fiziki təzyiq olmasa da, psixoloji təzyiqə məruz qaldığını dedi: hətta təhqiramiz ifadələr də işlədirdilər”. “Mənə deyirdilər ki, səni tutacağıq, həbs edəcəyik,

 “Bunlar xoxandılar, nədirlər?”

 A.Abdullayev yenidən sual-cavaba qoşularaq bildirdi ki, həqiqətən də müxtəlif şəxslərin adına firma yaradılıb, kredit götürülərək tikintiyə sərf olunub və sonradan ödənilib. O, burada heç bir qanunsuzluq olmadığını vurğulayıb. Abdullayev şahidə də iradını bildirdi: “10 ildir məhkəmə və istintaqda ifadə verirsən. Düzünü danışın. Demişdilər, kredit götürün AMAY-ı tikin, biz də tikmişik. Niyə qorxursunuz düzünü deməyə? Üzr istəyirəm hakimlərdən, bunlar xoxandılar, nədirlər?”

Hakim isə bildirib ki, şahidi heç kimi qorxutmur və o, istədiyini deməkdə sərbəstdir.

Şahid qismində məhkəməyə dəvət olunan A.Abdullayevin Rəfael Yaqubov bildirib ki, AMAY-da kargüzar işləyib və sənəd işləri ilə məşğul olub. O, istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onun adına firma yaradılması barədə Elşən Novruzov (təqsirləndirilən şəxslərdən biri – R.V.) tərəfindən təklif olunub, sonra həmin firma vasitəsilə bankdan kredit götürülüb, AMAY-ın tikintisinə sərf olunub və borc bağlanıb. Şahid sənədləşmədə iştirak etdiyini desə də, pulun alınmasında onun iştirakı olmadığını vurğuladı.

 “O boyda bina öz-özünə tikilməyib ki…”

 Digər şahid İlham Məhərrəmov AMAY-da çayçı işlədiyini, Elşən Novruzovun təklifi ilə adına firma təsis etdiklərini, “Texnikabank”dan kredit götürərək AMAY-ın tikintisinə sərf olunduğunu və borcun ödənildiyini göstərib. O, vurğulayıb ki, könüllü şəkildə bu addımı atıb və məqsədi AMAY-ın tikintisinin başa çatmasında köməklik etmək olub.

Şahid Nizami İmanıyev isə istintaqda ondan AMAY Ticarət Mərkəzində olan əmlakları ilə bağlı ifadə aldıqlarını dedi. O, həmin əmlakların “Texnikabank” dan götürülən kreditlərə girov təminatı olaraq təqdim olunduğunu məhkəmənin nəzərinə çatdırdı.

Şahid Əsgər Budaqov A.Abdullayevlə dost olduqlarını, AMAY-ın işçisi olmasa da, AMAY-ın tikintisinə sərf olunması üçün 6 dəfə 1,5 milyon kredit götürdüyünü bildirdi.

Qaradağdakı sement zavodunda direktor müavini işləyən Natiq Məmmədov A.Abdullayevlə qohum olduqlarını dedi və oxşar ifadə verdi. O, “Nəcəf Şərif” firmasını təsis etdiklərini, “Texnikabank”dan kredit götürərək “Birlikbank”a verdiklərini dedi.

Şahid Tahir Rzayev məhkəməyə eyniməzmunlu ifadə verib. O, “Gülüstan” firmasının təsisçisi olduğunu, 800 min manat kredit götürüldüyünü və borcun ödənildiyini deyib: “Kerdit götürüb bina tikilib. Hamısı AMAY-ın tikintisinə sərf olunub. O boyda bina öz-özünə tikilməyib ki…” – şahid bildirdi.

A.Abdullayev AMAY şirkətinin ölkədə ideal şirkət olduğunu dedi. “Bu adamların heç bir məqsədi, təmənnası olmayıb. Hamısı istəyiblər ki, iş dayanmasın, başa çatsın. Buna görə də kredit götürüblər ki, başa çatdıra bilək” – deyə A.Abdullayev vurğuladı.

“Təklif “Texnibank”ın müşahidə şurasının sədri Etibar Əliyevdən gəlib”

 Şahid qismində dindirilən “Xudafərin MMC”-nin meneceri Anar Məmmədov bildirdi ki, o da “Əqidə” MMC adlı firma təsis edərək, bankdan kredit götürülüb və AMAYın tikintisinə sərf olunub. O, qeyd edib ki, müxtəlif firmaların yaradılması və kreditlərin həmin firmaların adına götürülməsi ilə bağlı təklif “Texnibank”ın müşahidə şurasının sədri Etibar Əliyevdən gəlib və o, həmin kreditlərin AMAY-ın tikintisinə sərf olunacağını bilirdi.

O, həmçinin “Xudafərin MMC” ilə bağlı epizod üzrə dədövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, həmin vaxt “Xudafərin MMC”də mənzilin 1 kvm 150-200 dollara olub. Tikintinin gecikməsi ilə bağlı qeyd edib ki, birdən-birə kəskin bahalaşma və infilyasiya olduğu üçün tikintini vaxtında başa çatdıra bilməyiblər.

“57 min kv/m binanı istintaq 7 milyon 700 min manata qiymətləndirib”

 A.Abdulla çıxış edərək dedi ki, “Xudafərin MMC”-də 300 mənzil var. Gecikmənin bir səbəbi də 2005-ci ildə AMAY-ın yeni binasının tikintisi ilə bağlı olub: “Sakinləri yığıb dedim ki, maliyyələşdirə bilmirəm. Çünki hələ tikintidən əvvəl demişdim ki, kimin nəyə gücü çatırsa o qiymətə də verin, hamı ev sahibi olsun. O vaxt kvadratmetri 150 dollara ev heç yerdə yox idi. 57 min kvm binanı istintaq 7 milyon 700 min manata qiymətləndirib. 150 dollara o vaxt heç “salaməleykum” eləmirdilər”.

Hakim Rasim Sadıqov “siz iqtisadiyyatla yox, xeyriyyəçiliklə məşğul olmuşunuz, nətəcəsi də budur” dedi.

Şahid Anar Məmmədov qeyd etdi ki, məhkəmədə zərərçəkmiş kimi ifadə verənlərin əksəriyyəti doğru danışmırlar. “Bayaq dindirilən üç nəfər bir qəpik də ödəməyiblər. Allah var”.

A.Abdullayev şahidin sözlərini təsdiqlədi: “Mənim bir işçim var idi. Gəldi ki, qardaşımın borcu var, öldürürlər. 14-15 mənzil ver, borcu bağlayaq, sonra pulunu verərik. Mən də tapşırdım, verdilər. Amma pul ödənilmədi. Əksinə, həmin şəxs mənim pulumla özünə Türkiyə ev aldı, iş qurdu. Belə hallar bizdə çox olub”.

Vəkil Osman Kazımov bildirdi ki, binanın gecikməsinin obyektiv səbəbləri var: “Hamı bilir ki, bina tikintisində pul hara verilir, kimə verilir, ölkəni kim dağıdır, hamıya məlumdur. “Texnikabank”ın pulu ödənilib, onun davasını niyə eləyirsiniz? Bu işdə qanunsuzluq var, məhkəmə də buna göz yumur. Dəfələrlə vəsatət vermişik, qəbul etmirsiniz. Hələ prokuror açıqlama versin görək 269 nəfəri bir qərarla necə zərərçəkmiş qismində tanıyıblar. Nəyin necə olduğunu hakimlər də, prokuror da yaxşı bilir. Bura Azərbaycandır”.

A.Abdullayev vəkilinin çıxışına replika əlavə etdi: “Elə mənim işimi də Azərbaycansayağı eləsinlər, iki-üç prosesdə yekunlaşdırsınlar, mən də çıxım gedim”…

Daha sonra ifadə verən şahid Saleh Paşayev də AMAY-ın işçisi olduğunu, firma təsis edərək bankdan kredit götürdüyünü və borcun ödənildiyini bildirdi.

Proses 15 may saat 10.00-da davam edəcək.

Rəsmi ittiham

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktına əsasən, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. “Eləcə də Abdulla Abdullayev “Texnikabank” ASC-də bank tərəfindən ayrı-ayrı müəssisələrə kredit vəsaitlərinin ayrılmasını rəsmləşdirilməsinə nail olmaqla ümümilikdə 40.150.000(  qırx milyon yüz əlli min) manat pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. A.Abdullayev 2003-2012-ci illərdə “Xudafərin” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdirdiyi binadan ümumilikdə 262 mənzil və 3146 kv metr qeyri yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da, binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manat sərf edib və ümumilikdə 3.505.762 manat mənimsəyərək dələduzluq edib” – ittiham aktında qeyd edilir.

Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

 R. VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button