Amerika səfirliyi Əvəz Zeynallı ilə görüş keçirdi

3 saat davam edən görüşdə mətbuatın durumu müzakirə olunub

Oktyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüş keçirib. Səfirliyin təşəbbüsü ilə baş tutan görüşdə Azərbaycan mətbuatının durumu müzakirə olunub.

Ə. Zeynallının verdiyi məlumata görə, görüşdə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Viktoria Sloan və mətbuat katibi Kis Bin iştirak edib. Ə. Zeynallı görüşdə mətbuatın problemləri barədə məlumat verdiyini deyib: ““Xural” qəzetinə qarşı qaldırılan iddialar, qəzetin əmlakının qanunsuz müsadirə edilməsi və çapına qoyulan qadağalar barədə səfirlik nümayəndələrinə dolğun məlumat verdim. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, xanım Viktoria Sloana “Xural”a dövlət strukturları tərəfindən edilən təzyiqlərin Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev qəzetə qarşı qaldırdığı məhkəmə iddiasından sonra artdığını bildirdim. R.Mehdiyevin iddiası Nərimanov rayon məhkəməsinə təqdim olunan andan ölkənin ən azad və müstəqil qəzetinə qarşı “sorğu-sualsız”, heç bir qanuna söykənməyən icra mexanizminin işə salınmasında məqsəd isə qəzeti susdurmaq, bununla da hakim dairələr haqqında tənqidi və analitik yazıların ictimailəşməsinə mane olmaqdır.
Bütün bunlarla yanaşı, Azərbaycan hakimiyyətinin son aylar ərzində müstəqil mətbuata basqılarının artırdığını səfirlik əməkdaşlarının nəzərinə çatdırdım. Bildirdim ki, basqılar yalnız “Xural” qəzeti ilə yekunlaşmır. Ölkənin ən tirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzetinə qarşı 1 milyon manat dəyərində məhkəmə iddiası qaldırılıb və qəzet Müdafiə Nazirliyi tərəfindən hədəfə götürülüb. Görüş zamanı mənə qarşı Ədliyyə Nazirliyi tərəfindən cinayət işinin açılması barədə verdiyim məlumat səfirlik əməkdaşları tərəfindən təəccüblə qarşılandı”. Ə. Zeynallı səfirlikdə növbəti görüşün keçiriləcəyini istisna etmədiyini bildirdi: “ 3 saatlıq müzakirədən sonra səfirlik nümayəndələri yaxın zamanlarda bir daha görüşəcəklərini bildirdilər”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button