“Ana, məni bir də doğ…”

Aydın Uluxanlı

 

İstanbulum – Başkəndim mənim

 

Burada, “Gülhanə” parkında

saat on dörd otuzdu.

Çiçəklər çiçəklərlə,

rənglər rənglərlə,

səslər səslərlə

öpüşür burada.

Cənnətin parçatikəsidi İstanbulum.

İstanbulum – böyük qardaşım mənim.

 

Orada Fatihdi,

tarixləri gəzdirir sinəsində.

Lalələri təsəvvür edirəm

təpələrin üstündə.

Güvəndə hiss edirəm özümü

böyük qardaşımın yanında.

İstanbulum – böyüklüyüm mənim.

 

Bakıdan, Şəkidən fərqlidi,

ürəyi genişdi böyük qardaşımın.

Xoşbəxtlik dolaşır, insanlıq oxunur

insanların sifətlərində.

Xoşbəxtlik dolaşır İstsanbulun küçələrində.

Xoşbəxt addımlarını dinləyirəm İstanbulumun,

xoşbəxt saatlarına qulaq asıram,

küçələrini, səkilərini əzbərləyirəm.

Ürəyimə yazıram mənzərələrini,

yaddaşıma köçürürəm

qəhvəxanalarının musiqisini.

Anında xoşbəxt oluram küçələrdə.

Özümü İstanbulun,

İstanbulu özümün bilirəm.

Doğmalıq oxuyuram

polislərin üzündən.

Dinləməkdən doymuram İstanbulumu.

Məni İstanbula buraxmayın,

məni İstanbuldan buraxmayın,

getmək istəmirəm.

Nazim Hikmətin ruhu dolaşır buralarda.

Gəlmələrlə getmələr də xoşbəxtdi burada,

hər kəsin böyük qardaşıdı mənim İstanbulum.

İstanbulum – böyük qürurum mənim,

böyük  başarılarım,  böyük zəfərim.

İstanbulum – böyük şəhərim mənim.

 

Gözlərimə doldururam

Boğaziçinin gözəlliklərini.

Kipriklərimə yükləyirəm

gözəl insanların şəhərini.

Sinəmə yığıram gəmilərin fit səsini.

Minarələri babamın torpağı sanı bilirəm.

Yaşayıram İstanbulu anbaan, saatbasaat.

İstanbulum – başkəndim mənim,

ümidlərimin,  xəyallarımın başkəndi.

 

Burada saat on dörd otuz,

dəqiqələr saniyələrin böyük qardaşıdı burada.

İstanbulum – böyük əsərim mənim.

Bir gün mütləq küçələrinin şəklini çəkəcəm,

bütün dünyaya sərgiləyəcəm səni.

Mənim gözümlə tanıdacam hər kəsə,

bir dünya olduğunu başa salacam istəməyənlərə.

İstanbulum – düşmənlərin sevdiyi şəhər.

Düşmən də insanı sevərmi, Tanrım?

İstanbulum – göyərçinlərin dimdiyindəki sevgi,

İstanbulum – göyərçinlərin dimdiyindəki şəhər.

25.02.2017

 

İkinci mən

 

Mən ikinci mənəm,

üçüncü, dördüncü, beşinci

mənlər də var.

Bəs deyincə çoxuq,

sayıb qurtara bilmirəm mənlərimi.

Tənhalıqdan əziyyət çəkmirik,

qulaq-başımız gedir səs-küyümüzdən.

Nəyimiz yoxsa da

küydən, fitdən, toy-büsatdan xali deyilik.

Paylaya bilərik hər kəsə küyümüzü.

Nə dosta ehtiyacımız var, nə düşmənə.

Dostlarımız düşmənlərimizdi bizim.

Darıxdırıcı keçmir günlərimiz,

macal tapmırıq darıxmağa.

Mən üçüncü mənəm,

ikisi intihar etdi.

Hərdən gül aparıram məzarlarına,

dualarımı özüm oxuyuram,

molla çağırmıram.

Onlar mollalara inanmırdılar.

Mənə inanırdılar,

bilirdilər ki, yalan söyləməyəcəm onlara.

Boynuma yük qoymuşdular,

çıxıb oturmuşdular şüurumun altında,

yataq salmışdılar fikirlərimin ağılında.

Yüz illər beləcə yaşadıq bir an kimi.

Mən dördüncü mənəm,

əvvəlkiləri ayağımın altına qoydum.

O biri mənlərə boylandım,

Maşallah, nə qədər mən varmış

zibil kimi.

Hamısı da bir-birinin tayı.

Dəmirçi zindanında döyülmüşdülər bir-bir.

Tək-tək yonulmuşdular, əl işi misalı.

Görüncə qaçdım onlardan,

Dalımca düşüb qovdular,

nə yaramaz mənlərmiş.

Qorxu içində qaçdım,

qarğı üstündə çapdım.

Bağrımı çatlatdılar,

zəhrimi yardılar,

nə dəhşətli adamlarmış.

Əl çəkmədilər peşimdən,

yaxalayıb öldürdülər məni.

İndi mən beşinci mənəm,

məni də öldürəcəklər, bilirəm.

Əvvəl-axır tutacaqlar,

onlar heç kimi sağ buraxan deyil.

Altıncının, yeddincinin, milyonuncunun da

beləcə axırına çıxacaqlar.

Milyon neçənci gələcək sonra,

onu da öz  günlərinə salacaqlar.

Sonra yenə gələcəklər,

gələcəklər… gələcəklər.

Sümürəcəklər mənlərimi,

Dərisini soyub,

sümüyünü dərsliklərdə bişirəcəklər.

Körpə mənlər gəlib şorbamızı içəcək—

qanı qanımızdan, canı canımızdan mənlər.

Kimsə başını qaldırmayacaq göy üzünə,

kimsə qopa bilməyəcək mən zəncirindən.

Sıxıb şirəsini içəcəklər mənlərimin,

atacaqlar, tutacaqlar,

başlarına çəkəcəklər mənlərimi.

Axırı olmayacaq mənlərimin,

zatən əvvəli də var deyildi.

Hər şey ikinci məndən başladı.

23.06.2017

 

Ədalət

Kamal Kılıcdaroğlunun ədalət yürüşünə

 

Ədalət şirin sözdü, abim,

kiməsə çox şirin gələr, kiməsə deyil.

Kiminsə ağzında acı tamı qalar,

zəqqətum dadar kiminçünsə ədalət.

 

Ədalət elə-belə şey deyil, abim,

kimsə sevməz, kimsə xoşlanmaz ondan.

Ədalət ağız dadına görə dəyişər.

Hər kəsə də çatmaz,

hər kəsə də yetişməz ədalət.

Hər kəsin payına düşməz,

ədalət gözəl şeydi, abim.

 

Kimsə qırmızı görər ədaləti,

kimsə çəmən yaşılı,

kimsə də gəlib qara deyər.

Kiminçünsə göyüzü qədər böyük,

kiminçünsə bir qara qəpikdi.

Hətta bir qara qəpik də deyil

kiminçünsə ədalət,

yolda görsə götürməz.

Ancaq heç üzülmə, abim,

onlar çox deyil,

biz varıq yanında—çoxluq.

Və ədalət bizik—ədalətin yanında olanlar.

 

Ən böyük ədalətdi

ədaləti ürətmək,

xeyirli-uğurlu olsun, abim.

Ancaq hərənin öz ədaləti var, abim,

biri  digərinin ədalətini daşıya bilməz,

hər kəsin ədaləti özü ağırlıqdadı.

 

Ədalət bizim abimiz olmalıdı, abim,

hər kəslə tanışdırmalıyıq abimizi.

Heç darıxma,

ədalət onu sevənlər üçündü.

05.07.2017

 

Ana, məni bir də doğ

 

Ana, məni bir də qarnına çevir,

əlinə, ayağına, uğuruna çevir.

Bir də doğ məni, ana.

Ancaq elə bilmə doğulmaq istəyirəm,

elə düşünmə ağlamaq istəyirəm dünyanı.

Sadəcə darıxıram söz arası

Bunun harası dünya,

Harası doğuş, bunun ana harası?

Sadəcə darıxıram,

boş şeydi sonrası.

Bağışla ki, qafiyə tuturam, ana,

bağışla ki, incidirəm səni.

Məni bir də doğ, ana.

Fındıq kolunun dibi olmasın,

şaftalı bağında da doğma.

Sata bilmirəm şaftalıları.

Çəmənin üstündə də doğma,

otu biçə bilmirəm.

Çiçəklərin, ləçəklərin üstündə də doğma,

xanımlara çiçək sifariş edə bilmirəm.

Hələ darısqal otaq da olmasın,

darlıqdan çıxa bilmirəm.

Şəhərlər, qəsəbələr bilmərrə olmasın,

sığışa bilmirəm böyük şəhərlərə.

Ciyərlərimi sökür küçələr, səkilər,

fontanlar əsəbimə işləyir.

Gözlərimə dolur parkların yeknəsəkliyi.

Məktəbdə, Universitetdə nəbadə doğasan,

oxumamağı öyrədirlər mənə.

Məni bir də doğanda, ana,

Çalış şəfqət bacıları olmasın yanında,

Abırsızlıqdan qorxuram.

Bir də dəniz olmasın, ana,

Çay olsun, bulaq olsun,

Daş olsun, qaya olsun,

Dənizlər məni çəkir,

Dənizlər məni içir.

Ana, birkərəmlik bil,

Məni bir də doğacaqsan.

İki daşın arasında,

İki sahilin göbəyində doğacaqsan.

Ağlamağa qoymayasan bu dəfə,

Ölü doğasan gərək, ana.

Ya bu dünyadan uzaqlarda,

Ya da ölü doğasan.

Mələklərinə deyərsən ki,

Çiynimə qonmasınlar.

Zibil yeşiyinə atarsan məni, ana,

Ora mənim həyatımdı.

Uyğunluqlar çoxdu orada

Zəhmət çəkib gözəl günlər diləməzsən mənə,

Ölü doğarsan məni.

Bu dəfə səhvini düzəldərsən,

Dua eləməzsən Tanrının adına.

Atamdan, Tanrıdan xəbərsiz doğarsan,

Kimsənin köməyi gərəkməz mənə,

Ölü doğarsan məni.

Ölü dünyalar seçərsən,

Ölü oğlan gətirərsən onlara.

Ölü həyatı yaşadarsan mənə,

Sadə və sərfəli.

Gözəllik sadəlikdədi, ana, heçlikdə,

Sən ki, bunu bilirsən.

Heçlik bağışlayarsan mənə,

Ulduzların əlçatmazlığı kimi.

 

Ana, necə deyim yormazsan məni,

Onsuz da yorğunam,

Yorulmuş atları güllələyirlər.

Kəndirimi öz əllərinlə çəkərsən,

Dostlarıma tapşırmazsan,

Dost dağı çəkməzsən mənə, ana.

Qoymazsan kimsə ömrünü baltalasın,

Ölü doğarsan məni.

Birdən ölü doğmasan

Onda özün ağlayarsan

Göz yaşında boğarsan məni.

İçməyə qoymazsan göz yaşlarını,

İçsəm ölmərəm daha.

 

Ana, məni sövələməzsən,

Yad kimi dünyaya gətirərsən.

Doğuşdan qabaq

Kamyunun “Yad” hekayəsini oxuyarsan.

Hara olur-olsun, ana, bu dünya olmasın,

Çəkib qurtara bilmirəm.

Dartıb uzada bilmirəm saqqızını bu dünyanın, ana.

 

Bir də doğ sən allah,

Bir də cəhd elə,

Köksünə sığnmağa qoyma,

Sığınmaçılıq öyrətmə mənə, ana.

Başqa analara da xəbər elə,

Birdən diri doğarlar məni.

Yaxınıma buraxma yad anaları,

Taleyimi talayarlar.

 

Ana, məni bir də doğ,

İki də doğ, üç də doğ,

Ancaq hər dəfə başqa ana ol,

Mən də başqa oğul kimi neçə yol,

Ol dedikcən olaq, ana,

Yaşaya bilmirəm daha

Birinci doğuşumu.

Heç nə istəmirəm Səndən,

Heç nəyə ehtiyacım yoxdu.

Bir şeyə ehtiyacım var –heçliyə,

Heç deməmişdin mənə.

Aldatmışdın hər zaman,

Bir daha aldatma,

Bir daha doğ məni, ana.

Yalvarıb heç kimi köməyə çağırma,

Heç kim sevmədi bizi, ana.

 

Bu dəfə kov deyil,

Bir də doğ məni, ana.

24.08.2017

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button